AZ

Havadan suyun əldə edilməsi bizə nə qazandıracaq? - RƏYLƏR

2025-2027-ci illərdə Azərbaycanda havadan suyun əldə edilməsi texnologiyası üzrə tədqiqat və layihə işləri aparılacaq. Belə ki, bu il texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanacaq.

2026-cı ildə sahədə pilot layihə üçün ərazilər müəyyənləşdiriləcək, 2027-ci ildə isə havadan suyun alınması texnologiyası üzrə bir pilot layihə icra olunacaq.

Bəs havadan suyun əldə edilməsi bizə nə qazandıra bilər?

Xalid Kərimli: Bu, bəlkə səmərəsiz layihədir və niyə keçirilir?!

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu cür layihələr daha çox səmərəsiz layihələrə vəsaitin ayrılması kimidir.

Onun sözlərinə görə, belə layihələrin adı adətən innovasiya, yüksək texnoloji həllər adlandırılır, ancaq ortada vəsaitlərin səmərəsiz istifadəsi nəzərdə tutulur:

"Ümumilikdə layihənin texniki-iqtisadi qiymətləndirilməsindən sonra artıq layihənin həyata keçirilib-keçirilməyəcəyinə dair qərar qəbul edilir. Lakin bu məsələdə layihənin qiymətləndirilməsi aparmadan birbaşa pilot layihədən bəhs edilir. Yəni, proses artıq başlamamışdan ümidsizlik yaradır. Bu, bəlkə səmərəsiz layihədir və niyə keçirilir?! Dövlətin pulu niyə dağıdılır?! Əslində bu cür populist məsələlər hər zaman qeyri-effektiv olub və vəsaitlərin səmərəsiz istifadəsinə səbəb olub".

X.Kərimli onu da qeyd edib ki, bu cür layihələri adətən çox varlı dövlətlər həyata keçirir.

Müsahibimiz xatırladıb ki, yaxın zamanlarda BƏƏ uzunmüddətli prosesdən sonra bu layihəni həyata keçirdi və Dubay şəhərini su aparmışdı. Ekspert hesab edir ki, ona görə də səs-küylü, populist aventuralara getməyə dəyməz.

“İstənilən halda bu layihənin həyata keçirilməsinə ehtiyac görülürsə, öncəliklə texniki-iqtisadi dəyərləndirmə aparılmalıdır", - deyə Xaliq Kərimlu izah edib.

Rövşən Abbasov: Havadan əldə olunan suyu mal-qaraya vermək olar

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov isə öz növbəsində Bakıvaxtı.az-a açıqlamasında vurğulayıb ki, havadan əldə olunan suyu mal-qaraya vermək, o cümlədən insanların xırda məişət ehtiyaclarını ödəmək olar. Havadan suyun əldə edilməsinin yeni texnologiya olmadığını deyən həmsöhbətimiz xatırladıb ki, ötən əsrin 60-cı illərindən etibarən dünyanın bir çox ölkələrində bu layihə tətbiq olunub:

“Peru, Çili kimi yağışın çox az yağdığı, lakin havanın rütubətinin çox yüksək olduğu ərazilərdə bu texnologiyanı uğurla tətbiq etmək mümkündür. Azərbaycanda da belə ərazilər var. Abşeron yarımadası yay aylarında rütubətlə çox zəngin olur və bir sıra ərazilərində havadan su əldə etmək mümkün olar. Bundan başqa, qış aylarında qışlaqlarda, yay aylarında yaylaqlarda bir çox ərazilərdə mal-qaranın suvarılması üçün su çatmır. Bu cür sudan mal-qara üçün istifadə etmək mümkündür".

Ekspert hesab edir ki, havadan əldə olunan suyun həcmi o qədər də çox olmur. Bu cür suyun əldə olunması üçün elektrik enerjisindən istifadə olunur. Lakin bu elektrik enerjisinin istifadə olunması günəş enerjisi hesabına həyata keçirilə bilər.

“Ümumiyyətlə, ölkəmizdə bir neçə yerdə pilot layihələrin həyata keçirilməsi effektivlik barədə daha dəqiq məlumat vermək olar”, - deyə Rövşən Abbasov əlavə edib.

Gülşən Şərif

Seçilən
22
1
bakivaxti.az

2Mənbələr