525.az saytından alınan məlumata görə, ain.az bildirir.
Xaqani Səfəroğlu, jurnalist:
- Hacı Zeynalabdin Tağıyev haqqında "Tağıyev. Sona" bədii filmi çəkilir.
Mənim üçün Sona xanımın taleyi həmişə maraqlı olub. Bu qadın 1924-cü ildə - Hacının vəfatından sonra izsiz-soraqsız yoxa çıxıb.
Barəsində heç bir məlumat tapmaq mümkün deyil.
Yazılanlar hamısı əfsanə, qeyri-müəyyənliklə doludur.
Belə yüksək mənsəb sahibi olmuş qadın Bakıda axı elə-belə yoxa çıxa bilməz.
Ən geniş yayılmış versiya budur ki, Sona xanım Bakıda küçələrdə yaşayıb dilənçilik edirmiş. 1932-ci ildə də əlində bir parça quru çörək küçədə ölmüş vəziyyətdə tapılıb.
Bu, nəsə inandırıcı deyil.
Qızı Leylanın 22, Saranın 21, Sürəyyanın 18 yaşları olub.
Nə üçün onlar analarının ölümünü xatrılamırlar?
Tağıyevin həyat yoldaşı 51 yaşında belə izsiz itə bilməz axı.
Elman Cəfərli, jurnalist:
- Əcnəbi məşqçi variantını qırağa qoymaq lazımdır. Yığmanı yerli mütəxəssis çalışdırmalıdır. Ona ən azı 5 il vaxt verilməlidir ki, işləsin. Nəticə tələb etmək hələ tezdir. Hazırda 3 nəfərin namizədliyi müzakirə olunur: Qurban Qurbanov, Rəşad Sadıqov və Ayxan Abbasov. Qurbanın "Qarabağ"da işi var. Adam klubdakı işi ilə Azərbaycan futboluna reytinq qazandırır.
Yığmaya ən yaxşı namizəd Rəşad Sadıqovdur. Bəlli səbəblərdən Qurban da ona dəstək verəcək.
Akif Aşırlı, jurnalist:
- Professor İbrahim Yıldırımın vəfatı böyük itkidir. 1990-cı illərin əvvəli azərbaycanlı gənclərin Türkiyədə tibb təhsili almasında zəhməti, əməyi çox böyükdür. İbrahim bəy həm də Türkiyədəki mühacirlərin fəaliyyəti ilə bağlı maraqlı məlumatlara, bilgilərə malik idi. Qənirə Paşayeva ilə birgə Əli bəy Hüseynzadənin arxivinin ölkəmizə gətirilməsinə vəsilə oldu. Yaxın qohumu, Azərbaycan Cümhuriyyətinin son daxili işlər naziri Mustafa Vəkiloğlu ilə bağlı xeyli maraqlı məlumatların əldə olmasında mənə də köməyi, yardımı dəydi. Allah rəhmət eləsin, məzarı nurla dolsun!
Zaur Əhməd, jurnalist:
- Alim Qasımov böyük sənətkardır. Dövlətin nəzərində də, millətin qəlbində də yüksək məqamdadır. Hər kəs (böyük əksəriyyət) istəyər ki, məclisində, xoş günündə Ali Qasımov iştirak etsin, bir ağız oxusun. Şəxsən mən özüm də... Bu qədər sevgiyə, sayğıya malik olan bir sənətkarın maddi imkanlarının böyük olması normaldır. Dünyanın hər yerində belədir. Sevilən sənət adamları yüksək maddi imkanlara sahibdirlər...
Şəhərin prestijli yerində Alim Qasımov kimi bir sənətkarın villasının olması qəbahət deyil. Dövlət büdcəsini talamayıb, yetim-yesirin haqqına girməyib, kimisə tapdalayıb hansısa vəzifəyə sahiblənməyib. Allahın verdiyi səslə, ürəklə könüllərdə taxt qurub, nə qazanıbsa da, halal yolla qazanıb. Hətta ona həmin villanı kimsə hədiyyə də edə bilər. Dövlət də belə sənətkarı hər mənada diqqətdə saxlaya bilər, hansısa imkanlı adam da istədiyi kimi jest edə bilər. Burada heç bir problem yoxdur.
Amma bir "əmma" var... Nə olardı ki, Alim müəllim bu xəbər çıxanda bir cümlə açıqlama verəydi ki, "Bəli, evimi satıram, başqa ev alacam". Vəssəlam. Amma nədənsə, Alim müəllim sənətdəki səmimiyyətini məişət mövzusunda da göstərə bilmədi və mövzu bu qədər uzandı. Bizim camaat maddi məsələlərdə olanını gizlətmək mərəzini bir türlü unuda bilmir də.
Hər şeyə rəğmən, Alim Qasımov o villaya, ondan yaxşısına da layiqdir, haqqıdır, halalıdır. Allah daha çox versin. Ruhu diri, canı sağ, səsi də cağ olsun...
Vəfa Aslan, dosent:
- İstanbul Universitetinin uzun müddət professoru olmuş, dünya şöhrətli plastik cərrah, görkəmli elm adamı, tarixi-etnoqrafik araşdırmaların müəllifi, vaxtilə Azərbaycan Tibb elminə də böyük töhfələr vermiş İbrahim Yıldırım dünyasını dəyişib.
Ruhun şad olsun, böyük insan, Vətən sevdalısı, canım amcam.
Aydın Bağırov, jurnalist:
- AFFA-nın yeni rəhbərliyi elə özünün həvəslə bura gətirdiyi uğursuz proyekti - Fernandu Santuşu axır ki, istefaya göndərdi.
Santuş Azərbaycan millisində işləmiş ən uğursuz məşqçilərdən oldu. Bu 71 yaşlı portuqaliyalının (artıq mütəxəssis yazmağa əlim də gəlmir) rəhbərliyi altında Azərbaycan millisi rəsmi və qeyri-rəsmi matçlar da daxil ümumən 11 oyun keçirib, onlardan 9-da uduzub, 2-də isə heç-heçə edib. Göründüyü kimi, bir qələbə belə yoxdur. 29 qol buraxmışıq, cəmi 4 qol vurmuşuq. Yəni onun dövründə qalib gəlmək nədir, hətta qol vurmağı belə "tərgitmişik". Amma günah əlbəttə, Santuşda deyil.
Təəssüf ki, AFFA rəhbərliyi ictimaiyyətin rəyini nəzərə almadan, hətta məndə olan məlumata görə, İcraiyyə Komitəsində müzakirə aparmadan ötən ilin iyununda belə mənasız qərar vermişdi. İndi milyonlarla təzminat ödəyib geri göndəririk.
Qatar isə gedib. Zərbə Azərbaycan milli komandasına dəyib.
Gec də olsa səhvlərdən nəticə çıxarıb, milli komandanı bacarıqlı yerli məşqçiyə tapşırmaq lazımdır. Elə mütəxəssislərimiz az olsa da, var.
Xarici məşqçi modeli Azərbaycan futboluna uğur gətirməyib.
Bundan sonra milli komandaya xarici məşqçi gətirmək ən azı Azərbaycan futboluna xəyanət olar.
İlham Şaban, iqtisadçı-ekspert:
- O Tik-Toku Azərbaycanda nədən bağlamırlar? Onun qədər hələ cəmiyyətə ziyanverici bir şəbəkə ilə üzləşməmişəm. Mən telegram şəbəkəsindən də getdim, çünki gördüm ki, nə qədər yalan-palan var və hər gün feyk xəbərlərin sayı çoxalır.
Emin Baxışov, feysbuk istifadəçisi:
- Niyə Tik-Tokdakı cəmiyyət bu qədər fərqlidir? Sanki onlar başqa tayfadır. Düşüncələri, beyinləri, hətta görünüşləri belə fərqlidir. Çox maraqlıdır.
Fərhad Mehdiyev, vəkil:
- Masallıda kənddə evli gənc bir xanım Tik-Tokda canlı açırmış. Canıyanmış nələr danışırmış orda bilmirəm, amma bir müddət sonra populyarlaşıb, həmkəndliləri bunu tanıyıb. Skrinşotlar çatıb ərinə, ər qaytarıb xanımı atası evinə.
İndi bu xanım bir tanışı vasitəsilə mənlə əlaqə saxlayıb ki, atam-anam da məni istəmi, ərim də deyir ki, uşağı əlimdən alacaqlar, ala bilərlərmi?
Allah Tik-Tok çıxaranı, canlı açmağa insanları öyrədənləri, onu kəndə gətirəni... bildiyi kimi eləsin.
Nigar Sabirqızı, jurnalist:
- Siyasət indi elə bir mərhələyə çatıb ki, kim güclüdürsə, könlünə haranısa vurmaq düşürsə, ora da əl uzadır. İsrail Qəzzada soyqırımı həyata keçirir, Qətəri vurur, Rusiya dronları Polşa hava məkanında görünür, ABŞ Venesuelanı təhdid edir. "Beynəlxalq hüquq" sözü ancaq kağız üzərində bir ifadədir. İsrail Qəzzanı məhv edəndə susan dünya indi Putinə necə deyə bilər ki, niyə Polşanın hava məkanını pozursan? Çox təhlükəli bir mərhələyə gəlmişik. Artıq güc qanunu işləyir. Hər an yeni müharibələrin, yeni fəlakətlərin şahidi ola bilərik. Allah Azərbaycanı qorusun!
Tapdıq Fərhadoğlu, jurnalist:
- Pirşağıda artıq yeddi saatdır işıq yoxdur. Burada demək olar ki, hər gün işıqları söndürürlər. Vaxt da demirlər ki, insanlar işlərini təxirə salsınlar. Belə xidmət olmaz... Bu, müqavilə öhdəliyinə tam ziddir.
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:
- Hava limanından şəhər istiqamətinə taksilə sərnişindaşımada yalnız dövlətə məxsus "Bakı taksi xidməti" şirkətinə icazə veriləcəyi haqqında məlumatlar yayılıb. Bununla bağlı AZAL-ın anlaşılmaz bir açıqlamasına istinad olunur.
Yəni sərnişinlər və yola salanlar "Bolt" və ya "Yango" ilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələ bilərlər, amma geridönüş mütləq dövlətə məxsus taksiylə olacaq. Absurd bir qərardır.
Düşünürəm ki, Aeropotdan taksi vasitəsilə sərnişindaşıma xidmətinin yalnız bir taksi operatoruna, xüsusilə də dövlətə məxsus şirkətə icazə verilməsi faktiki olaraq inhisarçılıqdır.
Bunun başqa adı yoxdur.
Bu addım sərnişinlərin seçim azadlığını əlindən alır. Düşünmək olar ki, bunun da nəticəsində mütləq uzun növbələr, baha qiymətlər və xidmət keyfiyyətinin zəifləməsi qaçılmaz olacaq.
Rəqabətə tab gətirməyən bir dövlət şirkətinə süni vasitələrlə üstün hüquqlar, hökmran mövqe verilməsi yolverilməzdir.
Taksi bazarında vətəndaşların qanuni mənafelərinin və hüquqlarının pozulmasına gətirib çıxaran və rəqabətsiz mühitin formalaşmasına səbəb olan hərəkətlər Rəqabət Məcəlləsinin tələblərinə ziddir.
Ümid edirəm hava limanı administrasiyasının taksi bazarındakı məhdudlaşdırıcı qərarları Antiinhisarın diqqətini cəlb edəcək.
Xatırladıram ki, əvvəllər İqtisadiyyat Nazirliyi tabeliyində olan bu qurum artıq birbaşa Prezidentə tabedir.
Zümrüd Dadaşzadə, professor:
- Bir fikrimlə bölüşmək istərdim. Artıq neçə vaxtdır ki, sentyabrın sonunda keçiriləcək "Dahilər" başlıqlı konsert reklam olunur. İnanın: o konsertdə əsərləri səslənəcək bütün sənətkarlara böyük hörmətim var. Amma axı dahi deyəndə, biz xüsusi bir yaradıcılıq hadisəsini nəzərdə tuturuq. "Dahilik - keyfiyyətcə yeni, unikal sənət əsərlərinin ərsəyə gətirilməsi, əvvəllər məlum olmayan yaradıcılıq yollarının icadı ilə bağlıdır" (s). Həm də əsl dahi - Üzeyir bəyin 140 illik yubileyi günlərində belə "başlıqlar" karıxdırır...
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.