AZ

Bəzən qeyri ənənəvi cərəyanlar inanclı vətəndaşlarımızın inancına müdaxilə edir

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

“Bütün sahələrdə olduğu kimi din sahəsində də müəyyən işlər görülməli, diqqətdə saxlanılmalıdır”.

Bunu Bakıvaxtı.az-a ilahiyyatçı-ekspert Tural İrfan deputat Ceyhun Məmmədovun Milli Məclisdə dini sahə ilə bağlı dinləmələrin keçirilməsinə dair təklifinə münasibət  bildirirkən deyib.

Onun sözlərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədəki dinlə bağlı məsələlərin həllində mühüm rol oynayır, işlər görür:

"Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutu, Bakı İlahiyyat Kolleci fəaliyyət göstərir. Son dövrdə ölkədə sağlam dini mühitin yaranması, inkişafı naminə sadalanan qurumlar xeyirli işlər görüblər və aktiv fəaliyyətdədirlər. Habelə dövlət - din münasibətləri yüksək səviyyədədir. Dövlətin dini qurumlara, konfessiyalara diqqət və qayğısı böyükdür. Dini tolerantlıq ənənəsinin nümunəvi şəkildə davamlılığı buna misal ola bilər”.

Müsahibimiz qeyd edib ki, ancaq ölkəmiz, dövlətimiz inkişaf etdikcə, gücləndikcə bəzi məkrli xarici gücləri narahat edir, müxtəlif üsullarla müdaxilə etməyə cəhd edirlər. Dediyinə görə, dövlətin müdrik siyasi diplomatiyası qarışanda mənfur niyyətlərinə çata bilməyənlər din, inanc pərdəsi altında sızmaq, insanların əqidəsindən sui-istifadə etmək istəyirlər:

“Bəzən qeyri-ənənəvi cərəyanlar, təriqətlər, təqlidçilər inanclı vətəndaşlarımızın inancına müdaxilə edir, dini siyasiləşdirmək cəhdləri edirlər. Bəzən də xurafatçılıq altında öz məqsədlərinə çatmağa çalışırlar. Ara-sıra radikal müdaxilələr də hiss olunur. Şübhəsiz ki, dövlətin güc strukturlarının səyləri nəticəsində bütün bu müdaxilələrin qarşısı alınır, lakin müəyyən mənada əhalinin həmrəyliyinə, vəhdətinə, sağlam dini inancına təsir qoyan mənəvi məsələlərin qarşısını almaq üçün əlavə işlərin görülməsi də vacibdir".

Tural İrfan: Xarici təsirlər insanların etibarından sui-istifadə etməyə cəhdlər edir, özlərinə bağlı saxlamağa çalışırlar

T.İrfan bildirib ki, biz çox zaman hazırkı tolerantlığımızla öyünürük:

"Bu müsbət haldır. Amma çalışmalıyıq ki, bu ənənəni sağlam şəkildə gələcək nəsillərə ötürə bilək. Xarici təsirlər, əsasən də radikal və ya dini siyasiləşdirən qüvvələr insanların etibarından, inancından sui-istifadə etməyə cəhdlər edir, özlərinə bağlı saxlamağa çalışırlar. Bu təsirlərin qarşısının alınması, tolerantlığın getdikcə möhkəmləndirilməsi, radikalizmin, dinin siyasiləşdirilməsinin qarşını almaq üçün əlavə tədbirlərin görülməsi, təkliflərin dinlənilməsi üçün şübhəsiz ki, Milli Məclisdə din sahəsi ilə bağlı dinləmələrin keçirilməsi təbiidir. Ölkəmiz üçün, xalqımız üçün xarakterik olmayan, yad ünsürlərin milli, dini dəyərlərimizi sıradan çıxarmasına yol vermək olmaz. Bu və ya digər narahatlıq doğuran amillərin müzakirəsi, dinləmələrin aparılması hər halda ümumi işin xeyrinə olardı”.

Həmsöhbətimiz hesab edir ki, Ceyhun Məmmədovun təklifinin reallaşması din sahəsindəki gələcək fəaliyyətimizin daha sabitqədəm istiqamət almasında mühüm rol oynaya bilər:

“Eyni zamanda dövlət tərəfindən atılmalı addımların müəyyənliyini ortaya çıxarar".

Qeyd edək ki, deputat Ceyhun Məmmədov Milli Məclisdə dini sahə ilə bağlı dinləmələrin keçirilməsini təklif edib. Deputat parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında deyib ki, qeyri-ənənəvi radikal təriqətlərin yayılması və onların təsir imkanlarının artması bizi narahat etməlidir. Onun sözlərinə görə, son proseslər, dünyada gedən hadisələr onu göstərir ki, dindən alət kimi istifadə olunur:

"Azərbaycanın uğurları artdıqca müəyyən qüvvələr xüsusilə dini sahədə aktivləşirlər. Din bu gün onlar üçün əsas təsir alətinə çevrilib. Gələcəkdə bu cəhdlər artacaq. Bizə yad olan qeyri-ənənəvi təriqətlər yayılır. Buna görə də təklif edirəm ki, ölkədə dini sahə ilə bağlı dinləmə keçirilsin".

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
1
bakivaxti.az

2Mənbələr