AZ

Yeni insanabənzər robot təqdim edilib

“Alibaba Group”un qurucusu Jack Ma tərəfindən dəstəklənən “Ant Group” şirkəti ilk humanoid (insanabənzər) robotunu təqdim edib. “R1” adlı robot bələdçi funksiyalarını yerinə yetirə, apteklərdə dərmanları çeşidləyə, tibbi məsləhətlər verə və əsas mətbəx işlərini icra edə bilir. “Ant Group” daha çox “Alipay” rəqəmsal ödəniş sistemi ilə tanınan şirkət olsa da, yeni dövrdə rəqabət qabiliyyətini qorumaq üçün fəal şəkildə süni intellektə investisiya yatırır. Şirkət özünü ilk növbədə robotlar üçün “beyin” hazırlayan qurum kimi təqdim edir.

Hazırda şirkət özünün “BaiLing” adlı böyük dil modelini hazırlayır və onun öyrədilməsi üzərində təcrübələr aparır. “Əgər humanoid robotlar evdə istifadə olunarsa, onlar yalnız gündəlik işlərdə kömək etməyəcək, həm də bulud əsaslı süni intellektdən istifadə edərək daha çox tapşırıqları yerinə yetirən super ağıllı beyinlər kimi fəaliyyət göstərəcəklər. Bizim məqsədimiz insanların həyatını sadələşdirməkdir - istər ödənişlər, istər maliyyə, istərsə də rəqəmsal dövlət xidmətləri sahəsində”, - deyə “Ant Group”un rəhbəri Zhu Xing bildirib.

Şirkətin süni intellekt modeli mürəkkəb tapşırıqların başdan-sonadək planlaşdırılması ilə yaxşı öhdəsindən gəlir, məkan qavrayışı sistemi isə obyektlər arasındakı qarşılıqlı əlaqələri tanıya bilir. Bunun sayəsində “R1” yemək bişirmək və onu təqdim etmək kimi tapşırıqları yerinə yetirə bilir. Nəzəri olaraq, o həmçinin yeni reseptləri öyrənə və müxtəlif mətbəx avadanlıqlarından istifadə edə bilər. Təhlükəsizlik mülahizələri səbəbilə şirkət hələ də robotunu ictimai mərkəzlərdə və restoranlarda sınaqdan keçirir və onu pərakəndə müştərilərə satmır. Uzunmüddətli perspektivdə şirkət gündəlik həyatı yaxşılaşdırmaq üçün tibbi yardımdan tutmuş ev işlərinin yerinə yetirilməsinə qədər müxtəlif sahələrdə istifadə olunacaq yoldaş və köməkçi robotlar hazırlamağı planlaşdırır.

Ülkər XASPOLADOVA,

 “Azərbaycan”

Seçilən
8
azerbaijan-news.az

1Mənbələr