AZ

Trampla Lukaşenko barışdı

Belarus ABŞ Prezidenti Donald Trampın xahişi ilə əksəriyyəti siyasi olan 52 məhbusu azad edib, ABŞ isə buna cavab olaraq sanksiyaları yumşaldıb. 

"Cebheinfo.az" xəbər verir ki, bütün bu hadisələr arasında Trampın Lukaşenkoya göndərdiyi və Belarus liderinin kameralar qarşısında tərcümə etdirib zövqlə dinlədiyi “Donald” imzalı məktub diqqət çəkib. Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Con Koal arasında cümə axşamı baş tutan görüş iki ölkə arasında yeni bir dövrün başlanğıcını qoyub. 

ABŞ tərəfi Minskdə səfirliyini yenidən açmaq istədiyini açıqlayıb, Belarus isə 52 məhbusu azad edib. Azad edilənlərin 14-nün xarici vətəndaş olduğu bildirilib. Vaşinqton bu addımdan sonra Belarusun milli hava yolu şirkəti “Belavia”-ya tətbiq olunan bəzi sanksiyaları ləğv edərək, şirkətin təyyarə ehtiyat hissələri və texniki xidmətlərə yenidən çıxışına icazə verib. Görüşün ən diqqətçəkən məqamlarından biri ABŞ Prezidenti Donald Trampın Lukaşenkoya yazdığı şəxsi məktub olub. 

Tramp həyat yoldaşı Melania ilə birlikdə Belarus liderini 31 avqustda qeyd olunan 71-ci doğum günü münasibətilə təbrik edib. Məktubda, həmçinin Belarusun dünyaca məşhur tennisçisi Aryna Sabalenkanın ABŞ Açıq turnirindəki çempionluq uğurundan təriflə bəhs olunub. 

Trampın məktubu rəsmi “Donald J. Tramp” əvəzinə sadəcə “Donald” imzası ilə tamamlanıb. Bu detal amerikalı diplomatlar tərəfindən səmimiyyətin göstəricisi kimi qiymətləndirilib. Lukaşenko görüşdə ABŞ ilə ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək istədiklərini vurğulayıb. Belarus lideri, həmçinin qlobal təhlükəsizlik məsələlərində “sülh və müharibə” mövzusunda daha geniş dialoqa çağırış edib. 

Seçilən
20
cebheinfo.az

1Mənbələr