TBİLİSİ, 12 sentyabr. TELEQRAF
Gürcüstana keçirilən güclü partlayıcı maddə ilə bağlı yeni detallar məlum olub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) keçirilən brifinqdə maddənin yük maşınının sürücüsünə Ukraynanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən verildiyi bildirilib.
Qeyd olunub ki, partlayıcı maddənin son təyinat məntəqəsi Tbilisinin Avlabar rayonunda yerləşən yaşayış evi olub.
DTX bu faktla Gürcüstanda keçiriləcək yerli seçkilər və radikal qruplaşmaların elan etdikləri planlarla əlaqəli olub-olmamasını araşdırır.
İstintaqın gedişi ilə bağlı ictimaiyyətə əlavə məlumatlar təqdim olunacaq.
Qeyd edək ki, ötən gün Gürcüstana qaçaqmalçılıq yolu ilə trotildən daha güclü partlayıcı maddə olan 2,4 kiloqram heksogeni keçirməyə cəhd edən iki nəfər Ukrayna vətəndaşı saxlanılıb.