AZ

Emin Əmrullayevin dərs saatına uyğun müəllimə yanaşması: 5 saat dərs deyən müəllimə nə deyək?

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Həftədə 4 saat işləyənə də, həftədə 32 saat işləyənə də müəllim deyirik.  O demək deyil ki, səhər saat 9-da işə gedir, axşam saat 6-da işdən çıxır. Bizim istədiyimiz ondan ibarətdir ki, həftədə 4-5 saat işləyən adama müəllim deməyək”. 

Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev deyib. Qeyd edək nazirin səsləndirdiyi bu fikirlər müəllimlər tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkədə bir müəllim öz fikirlərini belə qeyd edib: 

“Ümumtəhsil natamam orta məktəbdə (yəni doqquzillikdə) "Texnologiya ", "Musiqi", "İnformatika" fənləri 5 saatdır. Qeyri-ixtisas müəllimi isə həmin fənləri tədris edə bilməz. Müəllim məktəbə 5 saata göndərilir”. 

O zaman onlar müəllim hesab edilmirmi? Əgər müəllim hesab edilmirlərsə, onlara necə müraciət edək? 

Bəlkə də onlara başqa bir müraciət forması tapa bilib cənab nazir? Hələlik bu tapıntı cəmiyyətə məlum deyil… 

Təhsil üzrə ekspert Elşən Qafarov “Cebheinfo.az”-a bildirib ki, uğursuz bir təhsil idarəetməsi dövrünü yaşayırıq: 

“Elm və təhsil naziri Emin Əmrullayev ən azı özünün təsdiq etdiyi tədris planında ümumtəhsil məktəblərində musiqi, təsviri incəsənət, texnologiya, fizika, kimya, coğrafiya fənlərinin 5-8 saat olduğunu bilməliydi. 

Üstəlik, elm və təhsil nazirinin bir məqamı bilməsi vacibdir ki, Azərbaycan hüquqi dövlətdir. Əmək münasibətləri əmək qanunvericiliyinə uyğun olaraq müəyyən olunur. Əmək qanunvericiliyində də göstərilir ki, müəllimi işə götürən hər bir müəssisə rəhbəri onu əmək norması ilə təmin etməlidir. 

Nazirlər Kabinetinin 24 noyabr 2010-cu il tarixli 215 nömrəli qərarı var. Həmin qərar təhsil müəssisələrində müəllimlərin dərs yükü normalarını müəyyən edir. Ümumtəhsil məktəbində də bu, həftəlik 18 saat müəyyən olunub. Yəni təhsil sisteminə daxil olan hər bir ümumtəhsil məktəbi müəlliminə 18 saat dərs verilməlidir və dərsi azdırsa, qonşu məktəblərin hesabına təmin olunmalıdır. 

Eyni zamanda, 2009-cu ildə ETN ilə Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqı arasında bir razılaşma imzalanıb. ETN üzərinə götürüb ki, əgər məktəbdə dərs yükü həftəlik dərs yükü norması qədər müəllimi yoxdursa, qonşu məktəblərin hesabına bunu təmin edəcək. Əgər bu da olmasa, tədris ilinin sonuna qədər müəllimə həftəlik dərs yükü norması qədər maaş verilməlidir, yəni 18 saatın pulu. 

Emin Əmrullayevin “4 saat dərs deyən müəllimi mən müəllim saymıram” fikri onun növbəti ciddi səhvi idi. O, bilərəkdənmi müəllimlərin əsəbləri ilə oynayır, yaxud bilməyərəkdən bunu edir, deyə bilmərəm. Onu deyə bilərəm ki, ölkə tarixində bu qədər uğursuz nazir olmayıb. Müəllim tutduğu vəzifəyə görə müəllimdir”. 

Ekspert bildirib ki, dərs saatı ilə müəllimi təhsil sistemi, təhsil müəssisəsi təmin etməlidir: 

“Emin Əmrullayev çox yaxşı bilir ki, ölkə təhsili necə xaosa və çıxılmaz bir labirintə sürüklənir. Hər çıxışında müəllimləri “aşağılayır”. İstənilən halda nazirə demək lazımdır ki, 2011-ci ildən mərkəzləşmiş qaydada müəllimlərin işə qəbulu həyata keçirilir və 11 ildir ki, müəllimlərin işə qəbuluna rəhbərlik edir. 

Nazir olmamışdan da bu sahə üzrə şöbə müdiri idi. Nəticə olaraq, müəllimləri özünün rəhbərlik etdiyi qurum işə qəbul edib. Özünün keçirdiyi imtahan nəticəsinə görə işə qəbul etdiyi müəllimi müəllim saymırsa, daha ona nə deyək?” 

Nigar Abdullayeva 

“Cebheinfo.az”

Açar sözlər:

dərs saatı müəllim Elşən Qafarov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
cebheinfo.az

2Mənbələr