AZ

İlk köç karvanı Badara kəndinə çatdı - YENİLƏNİB

Sentyabrın 12-də Xocalı rayonunun Badara kəndinə ilk köç baş tutub.
 
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Moderator.az-a verilən məlumata görə, ilk mərhələdə kəndə 56 nəfərdən ibarət 14 ailə köçürülüb.
 
Ailələrə tam təmir olunmuş və müasir tələblərə cavab verən fərdi yaşayış evlərinin açarları təqdim edilib. Təqdimetmə mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov kənddə sakinlər üçün yaradılan şərait barədə məlumat verib. O bildirib ki, Badara kəndində sakinlərin rahat yaşayışı və məşğulluğu üçün bütün zəruri infrastruktur qurulub, sosial və iqtisadi məsələlərin həlli istiqamətində mühüm addımlar atılıb. Qeyd edilib ki, Badara kəndi qısa müddət ərzində bərpa edilərək, elektrik enerjisi, içməli su və mavi yanacaqla təmin olunub. Sakinlərin qayğısız yaşayışı və dayanıqlı məskunlaşması üçün bütün imkanlar yaradılıb.
 
Məşğulluqla bağlı məsələ də hər zamankı kimi prioritet olaraq qalır. ANAMA-nın əməkdaşları da sakinlərlə təhlükəsizliyə dair maarifləndirici söhbət aparıb.Qeyd edək ki, “Böyük Qayıdış” proqramı çərçivəsində bundan sonra da kəndə mərhələli şəkildə köç davam edəcək. Xatırladaq ki, Badara kəndi 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub.19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində kənd yenidən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılıb.
 
07:55
 
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
 
Moderator.az xəbər verir ki, sentyabrın 12-də Bakının Qaradağ rayonundan Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Xocalının Badara kəndinə ilk köç karvanı yola salınıb.
 
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Hadruta 10 ailə - 42 nəfər, Xocalı rayonunun Badara kəndinə isə 14 ailə - 55 nəfər köçürülür.
 
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
 
 
Seçilən
9
17
moderator.az

10Mənbələr