AZ

Rusiyada YENİ QADAĞA – Bu şəxslər ölkəni tərk edə BİLMƏYƏCƏK

Rusiyalıların ölkədən çıxışına məhdudiyyətlər tətbiq olunmağa başlayıb. Bu, elektron hərbi uçot reyestrinin işə salınması və elektron çağırış vərəqələrinin göndərilməsindən sonra qeydə alınıb. 

Bizim.Media “Moscow Times” nəşrinə istinadən xəbər verir ki, ilk belə hal 11 sentyabrda Şeremetyevo hava limanında yaşanıb.

28 yaşlı bir kişi bildirib ki, hərbi xidmətdən yayınmasına baxmayaraq, elektron çağırış vərəqəsi alıb və tibbi müayinədən keçmək üçün hərbi komissarlığa çağırılıb.

Onun sözlərinə görə, elektron sistemdə ölkədən çıxışına qadağa göstərilsə də, xaricdə əvvəlcədən planlaşdırdığı məzuniyyət səbəbindən məhdudiyyətin praktikada işləyib-işləmədiyini yoxlamaq qərarına gəlib.
 

“Pasport nəzarətində dərhal məni kənara ayırıb zabitləri çağırdılar. Onlar izah etdilər ki, həqiqətən də sistemdə onunla bağlı qadağa görünür və bunu aradan qaldıra bilməzlər. Qeyd etdilər ki, bu, onların yeni sistemlə bağlı rastlaşdığı ilk belə haldır”, – deyə kişi açıqlayıb.


Sərhədçilər bildiriblər ki, qadağanı yalnız hərbi komissarlığa şəxsən müraciət etməklə aradan qaldırmaq mümkündür.

Məlumata görə, yay aylarından etibarən hərbi komissarlıqlar vətəndaşların kütləvi şəkildə reyestrə daxil edilməsinə və elektron çağırış vərəqələrinin göndərilməsinə başlayıb. Hərbi öhdəliyi olanlara şəxsi məlumatlarının çıxarışını əldə etmək üçün avtorizasiyadan keçmək təklif olunub. Hüquq müdafiəçiləri bu prosesi payız çağırışına hazırlıqla əlaqələndirərək, reyestrin 2025-ci ildə tam işə salına biləcəyini istisna etmirdilər.

İlk elektron çağırış vərəqələri avqustda göndərilib. Bildirişlər “Gosuslugi” platforması və SMS vasitəsilə vətəndaşlara çatdırılıb.

Bildirişdə ölkədən çıxışa qadağa, hərbi komissarlığa gəlmə tarixi, həmçinin çağırışdan yayınma halında tətbiq ediləcək məhdudiyyətlər göstərilib.
 

Bunlara fərdi sahibkar kimi qeydiyyatdan keçmək, xarici pasport almaq, daşınmaz əmlakla əməliyyatlar aparmaq, kreditlər və ya “özünü məşğul” statusu rəsmiləşdirmək qadağası daxildir. Bundan başqa, çağırışdan yayınan şəxslərə 10 min rubldan 30 min rubla qədər inzibati cərimə tətbiq oluna bilər.


Xatırladaq ki, 2022-ci ilin payızında elan olunmuş qismən səfərbərlikdən sonra Rusiya Prezidenti Vladimir Putin vahid rəqəmsal hərbi uçot reyestrinin yaradılması barədə göstəriş vermişdi. 2023-cü ilin aprelində isə dövlət başçısı elektron çağırış vərəqələrini kağız forması ilə eyniləşdirib və çağırışdan yayınanlara qarşı məhdudiyyətləri təsdiqləyib.

Bizim.Media

Seçilən
21
1
bizim.media

2Mənbələr