“Narahat olmağınız üçün heç bir əsas görmürəm... Rahat yaşayın, siz bizim milli iftixarımızsınız”. Bu sözləri 2022-ci ilin sentyabrında RF Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenko məşhur sovet-rus müğənnisi Alla Puqaçovaya deyib.
Kiriyenko Puqaçovanı “milli iftixarımız”adlandırarkən haqlıdır. Gerçəkdən də Alla Puqaçova Latviyadan Kuril adalarına, Novaya Zemlyadan Türkmənistanın Kuşka şəhərinə qədər bütün postsovet məkanının sevimlisi, rus xalqının üzünü ağardan sənətçi idi. Sovet dövründə onun milyonlarla pərəstişkarı vardı, onun hit mahnıları hər gün milyonlarla evdə səslənirdi. İndinin özündə də onu və sənətini sevən milyonlarla insan var və onlar bu qadının hansı millətə mənsub olmasına zərrəcə fikir vermirlər.
Böyük bir arealda yaşayan insanlar üçün Alla Puqaçova rus xalqının simvoludur. Alla Puqaçovanın şəxsiyyətinə qalsa rus xalqı hər yerdə müsbət reputasiya ilə tanınardı. Fəqət Kreml Ukraynaya “qarşı xüsusi hərbi əməliyyat”a başlayandan sonra “böyük ürəkli rus xalqı” imici qazanmış Rusiyanın reputasiyasına böyük zərbə dəydi. Artıq Alla Puqaçova və digər məşhur və müqtədir sənətkarlar ölkənin zədələnmiş reputasiyasını bərpa etmək gücündə deyildilər.
Bu cür, digər xalqlar tərəfindən də sevilən sənətkarlar özlərini cılız millətçilik səviyyəsinə salmaq istəmədilər. Görünür, onların içində də ədalət hissi güclü idi. Məhz ona görə də Alla Puqaçova və digərləri Ukraynaya qarşı hərbi təcavüzə tərəfdar çıxmadılar, əksinə, hərbi müdaxiləni, Ukrayna xalqı ilə düşmənçiliyin yolverilməzliyini bəyan etdilər. Və şovinist-militarist dairələr onları dərhal qara siyahıya saldılar.
Şübhə yoxdur ki, S.Kiriyenko Alla Puqaçovaya “narahat olmayın” deyəndə səmimi olub və Alla Puqaçova vaxtilə ölkənin 3-5 adamından biri olmuş şəxsin səmimiyyətinə inanıb, hətta onu öpüb də. Ancaq iki gün sonra Alla Puqaçovanın əri Maksim Qalkini “xarici agentlər” siyahısına əlavə ediblər.
Beləliklə, ailə xarici ölkələrə sığınmağa məcbur olub.
Son üç ildə Alla Puqaçovanın onlarla sənət yoldaşı onun üstünə hücuma keçib, onun və ərinin adlarını “vətən xainliyin”də hallandırıblar, müvafiq cəza tələbi ilə Ədliyyə Nazirliyinə müraciət ediblər. Ancaq federal hakimiyyət məşhur müğənniyə qarşı hücumlara şərait yaratsa da, Maksimlə Allanı tərəzinin eyni gözünə qoymur, ona qarşı hüquqi prosedurlara başlamaq göstərişi vermir.
Təqib-təzyiq kampaniyası isə bütün sürəti ilə davam edirdi. Rusiya təbliğatı var gücü ilə sübut etməyə çalışırdı ki, Alla və ailəsi olduqca pis günlərə qalıb, dilənçi gününə düşüb. Ancaq bu, həqiqəti əks etdirmirdi. Aparılan təbliğat Alla Puqaçovanın reputasiyasını bir az zədələsə də, xüsusilə gənc nəslin gözündən salsa da, onun bütün postsovet məkanında milyonlarla pərəstişkarı hələ də qalır.
Ona görə də bu günlərdə Alla Puqaçovanın müsahibəsini 3 milyondan çox insan izləyib. Müsahibənin YouTube-da baxış sayğacı 3,3 milyonu ötüb və bu rəqəm artmaqda davam edir.
Həmin müsahibədə Alla Puqaçova özünün vətənə xəyanət etmədiyini, əksinə, vətənin, yəni ölkəni idarə edənlərin ona xəyanət etdiyini bildirib.
"Yazdım ki, məni də "xarici agent" elan edin. Çünki mən başa düşə bilmirəm ki, ziyalıların fikirləri niyə belə sıxışdırılır. Dövlətdə müxtəlif fikirlər olmalıdır. Yoxsa, bircə fikriniz olsa, necə düzgün qərar verəcəksiniz?", - A.Puqaçova deyir.
O, tam haqlıdır. Əsl ziyalı şovinist açıqlamalar verə, aqressiv siyasət yeridən dövlət rəhbərliyinin tərəfində dura, milyonlarla insanın öz yer-yurdundan didərgin düşməsinə, yüz minlərlə gənc insanın hərb meydanlarında həlak olmasına göz yuma və susa bilməz.
Hazırda Rusiyada baş qaldıran ksenofobiya fonunda bu duruş çox əhəmiyyətlidir. Fəqət bir çox sənətçilər qorxularından dillənə bilmirlər, bəziləri isə özlərini gözə soxmaqdan ötrü aqressorun yanında yer alır, militarist tədbirlərdə çıxış edir, şovinist açıqlamalar verir, Ukrayna xalqına qarşı nifrət püskürürlər.
Alla elə edə bilməz. Etsə, Alla olmazdı. Onun bütün keçmiş SSRİ xalqlarına vəfa borcu var, xalqların üzərində də Allanın haqqı var. Çünki milyonlarla insan onun mahnıları ilə böyüyüb, sevib, evlənib, onun ifası ilə təsəlli tapıb.
Alla Puqaçova elə bir sənəkardır ki, ona hər gün “milyon-milyon qızılgül” bağışlasan da, azdır. Fəqət “köhnə saatlar”ın əqrəbini geri döndərmək, ötən zamanı qaytarmaq mümkün deyil. Rusiyanın mədəniyyət tarixində isə siyasi konyunkturaya uymuş oxuyançılar qalmayacaq, Alla Puqaçova qalacaq.