AZ

Bizim Ailəmiz Türk Dünyasıdır

Bizim böyük bir ailəmiz var. Amma bu ocaq sadəcə ata-ana, övladlardan ibarət deyil. Soyumuz tarixən zəngin mədəniyyətə sahib olan böyük Türk dünyasıdır. Prezident İlham Əliyevin dediyi kimi: “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur”.

Bu ifadə türk xalqlarının bir-birinə nə qədər bağlı olduğunu göstərir. Türk dünyasını təkcə sözlə yox, həm də qəlblə hiss edirik. Bayramlarımızda, musiqilərimizdə, rəqslərimizdə bu həmrəyliyi görmək mümkündür.Tarix boyu çox çətinliklərlə üzləşmişik, amma heç vaxt parçalanmamışıq, həmişə bir olmuşuq.

Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr və digər türk toplumları eyni kökdən gələn millətlərin qurduğu dövlətlərdir. Hər biri fərqli torpaqlarda yaşasa da, damarlarımızda eyni qan axır.

Mədəniyyətimiz müxtəlif olsa da, bizi birləşdirən köklərimiz və mənəvi dəyərlərimizdir. Bir ölkə uğur qazandıqda, bütün Türk dünyası sevinir. Çünki biz birlikdə güclüyük.

Bizim dilimiz, dastanlarımız, bayramlarımız bir-birinə oxşardır. Novruz bayramı bütün türklərin ortaq sevincidir. “Koroğlu” və “Manas” dastanları qəhrəmanlıq və igidlik simvoludur. Rəqslərimiz fərqli olsa da, hamısında eyni ritm, eyniruh hiss olunur.

Azərbaycan Türk dünyasının ürəyidir. Burada muğam qorunur, “Koroğlu” dastanı igidliyin rəmzidir. Novruzda süfrələr açılır, qonaqlar qarşılanır, insanlar sevincini bölüşür.

Türkiyə Ayasofya, Topqapı Sarayı kimi tarixi abidələri ilə seçilir. İstanbulda Dədə Qorqudla bağlı tədbirlər və sərgilər keçirilir. Bu da ortaq mədəniyyətimizin gələcək nəsillərə çatdırılmasına xidmət edir.

Qırğızıstan “Manas” dastanının vətənidir. Dünyanın ən uzun dastanı olan “Manas” türk xalqlarının qəhrəmanlıq və vətən sevgisini əks etdirir.

Türk dünyasının ən gözəl xüsusiyyətlərindən biri də qonaqpərvərlikdir. Mehmangələndə “evimiz sənin evindir” deyilir. Qurban bayramında hər kəs payını bölüşür, hətta uzaqdakı qohumlara da çatdırılır.

Təbii ki, bu siyahını uzatmaq olar. Lakin ümumi olaraq onu qeyd edək ki, türk dünyası böyük bir ailədir və o ailənin, türk xalqlarının siyasi, iqtisadi və mədəni inteqrasiyasını təmin edən əsas regional strukturlardan biri Türk Dövlətləri Təşkilatıdır. Bu institut ölkələr arasında əməkdaşlığı artırır, iqtisadi, mədəni və təhlükəsizlik sahəsində əlaqələri möhkəmləndirir. Enerji layihələri, nəqliyyat yolları və ortaq proqramlar türk dünyasının gücünü daha da artırır.

Türk coğrafiyası həqiqətən bir ailədir. Ailə üzvləri ayrı yaşaya bilər, amma onları eyni qan, eyni dəyərlər birləşdirir. Türk xalqları da fərqli ölkələrdə olsa da, ortaq dil, tarix və mədəniyyət bizi birləşdirən bağdır.

Gələcəyə baxanda görürük ki, Türk dünyasının imkanları çox böyükdür. Bir olsaq, daha da güclü ola bilərik. Bunun üçün hər birimiz tariximizi və mədəniyyətimizi qoruyub gələcək nəsillərə ötürməliyik.

Bizim ailəmiz Türk dünyasıdır və türk gəncliyi olaraq bu böyük ailəni qorumaq bizim borcumuzdur!

Evimizi- Türk dünyasını qoruyaq!

Nərgiz Məmmədli

Süleyman Dəmirəl Universitetinin Jurnalistika fakültəsinin III kurs tələbəsi

Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsi çərçivəsində elan olunmuş “Bizim ailəmiz Türk dünyasıdır” adlı məqalə yarışına təqdim olunmuşdur və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Seçilən
12
ikisahil.az

1Mənbələr