AZ

Türkiyə - Ermənistan sərhədləri hər an AÇILA BİLƏR

Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Serdar Kılıç bu gün Ermənistana səfər edib. Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan Ermənistan-Türkiyə sərhədindəki "Marqara" nəzarət-buraxılış məntəqəsində Serdar Kılıçla görüşüb. Söhbətin əsas müzakirə mövzusu Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı olub. Tərəflərin sərhədlər məsələsində hər hansı bir razılığa gəlib-gəlməyəcəyi diqqətçəkən nüansdır.

Mövzu ilə əlaqədar Modern.az-a danışan Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım bildirib ki, xüsusi nümayəndə heyəti Ermənistana Azərbaycanla danışıb gedib:

“Azərbaycandan xəbərsiz hər hansı pozitiv bir irəliləyiş ola bilməz. Nümayəndə heyətimiz Azərbaycanla danışıb,  sonra Ermənistana gedib. Mən belə bilirəm. Hələ ki başa çatan görüşün detalları ilə bağlı məlumat gəlməyib”.

Deputat onu da vurğulayıb ki, sərhədlərin açılması hər an gündəmə gələ bilər, çünki konkret addımlar atmağın vaxtıdır:

“Artıq Zəngəzur dəhlizi ilə bağlı problem aradan qalxdı. İndi sadəcə, Ermənistandan Konstitusiyasındakı ərazi iddiaları ilə bağlı bəndi çıxarması tələb olunur. Erməni baş nazir Nikol Paşinyan bu yaxınlarda Azərbaycan hava məkanından istifadə edərək Çinə getdi. Yəni hadisələr bu qədər yenidir. Sərhədlərin açılması hər an gündəmdə ola bilər. Çünki konkret addımlar atmaq lazımdır. Həm Ermənistan, həm Türkiyə, həm də Azərbaycan üçün sərhədlərin açılması ticarət baxımından önəmlidir. Lakin bu, Azərbaycanın istədiyi şəkildə olacaq. Azərbaycan tərəfindən ən kiçik etiraz olsa, sərhədlərin açılmasının baş tutması mümkün deyil”.

Seçilən
28
22
modern.az

10Mənbələr