AZ

Azərbaycan AŞPA ya qayıdır? Deputatdan açıqlama

ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

"AŞPA özü Vaşinqton razılaşmasından sonra Azərbaycanla münasibətləri bərpa etməkdə maraqlıdır. Hesab edirəm ki, Azərbaycan tərəfi də bu məsələdə loyallıq göstərə bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. 

"Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin payız sessiyası üçün keçirilən ilk iclasında iş planı təsdiqləndi. Bu iş planında beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri də önəmli yer tutur. 2025-ci ilin dövlət büdcəsində beynəlxalq münasibətlərlə bağlı məsələlərin tənzimlənməsi üçün 502 milyon manatdan artıq vəsait ayrılıb", deyə deputat bildirib. 

Avropa Şurası Parlament Assambleyası ilə bağlı məsələyə gəlincə, Elman Nəsirov həmin məsələnin də müzakirə edildiyini təsdiqləyib: 

"Mövqe belədir ki, AŞPA ilə Azərbaycanın münasibətlərinin dayandırılması Bakının günahından baş verməyib. Azərbaycana qarşı təzyiq siyasəti, ölkəmizlə sanksiya dililə danışmaq siyasətinin müəllifi AŞPA-dır".

Deputat qeyd edib ki, Azərbaycan heç bir zaman AŞPA üçün qapıları bağlamayıb: 

"Onlar Azərbaycanla münasibətləri əsassız olaraq korladıqları kimi, eyni məntiqlə də ölkəmizlə münasibətləri bərpa etmək istəsələr və bu yöndə hər hansı bir addım, jest edərlərsə, Bakı müsbət cavab verə bilər. AŞPA-nın ölkəmizə qarşı irəli sürdüyü ittihamlar tamamilə əsassız idi. Sonrakı proseslər də bunu təsdiqlədi. Onlar o zaman haqsız olaraq Ermənistanın mənafeyini müdafiə etdi. İndi həmin Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyir. Bunu Vaşinqton razılaşmaları bir daha təsdiqləyir".

Qeyd edək ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2025-ci ilin payız sessiyası üçün hazırladığı iş planında bir sıra beynəlxalq təşkilatlarla, həmçinin Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı inkişaf etdirmək məsələsi də yer alıb. Ötən il AŞ PA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib. AŞ PA 2024-cü ilin qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib və onların səsvermə hüququ məhdudlaşdırılıb. Bundan sonra Azərbaycan nümayəndə heyəti AŞ PA ilə əməkdaşlığı qeyri-müəyyən müddətə dayandırıb. 

Rüfət Sultan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
qaynarinfo.az

1Mənbələr