AZ

Məhkəmədə azərbaycanlı girovların öldürülməsi və digər cinayətlər üzrə sənədlər elan olunub

Sentyabrın 12-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.

Moderator.az xəbər verir ki, elan olunan sənədlərdən biri 1991-ci il yanvarın 12-də Xocavənd-Qaradağlı yolunda hərəkət edən avtobusa basqın edilməsi faktı üzrə olub. Xocavənd rayon sakini Kamal Baxış oğlu Rəhimovun idarə etdiyi və içərisində 25-30 nəfər Xocavənd kənd sakininin olduğu avtobus Xocavəndin Xocavənd-Kiş-Qaradağlı yolunun 6-cı kilometrliyində ermənilər tərəfindən müxtəlif çaplı odlu silahlarla atəşə tutulub.

Digər sənəd 1991-ci il yanvarın 28-də Fəranə Nəriman qızı Nəzərovanın öldürülməsi faktı ilə bağlı olub. O, Xocavənd rayonunun Xocavənd kəndində odlu silahdan atəş açmaqla qətlə yetirilib.

Növbəti sənəddə göstərilib ki, həmin kəndin sakini, 7-ci sinif şagirdi Azər İspəndiyar oğlu Məmmədov 1991-ci il yanvarın 29-da küçədə həmyaşıdları ilə oynayarkən Xocavənd şəhəri tərəfdən odlu silahdan atəş açılması nəticəsində qarın nahiyəsindən xəsarət alıb.

Digər cinayət işi üzrə sənəddə isə bildirilib ki, 1991-ci il fevralın 15-də Camal Abbasəli oğlu Nəbiyev yaşadığı Goranboy rayonunun Baş Qışlaq kəndindən dağ yolu ilə Xanlar (indiki Göygöl) rayonunun Sarısu kəndinə gedərkən, Buzluq kəndinin yaxınlığından keçən aşırımda 40-50 metr məsafədən avtomat və digər odlu silahlardan atəşə tutularaq qətlə yetirilib.

Elan edilən digər sənəd avtobusun atəşə tutulması faktı ilə əlaqədar olub. Qeyd edilib ki, 1991-ci il fevralın 24-də Yevlax-Laçın avtomobil yolunun 99-cu kilometrliyində Xankəndi şəhərinin şərq hissəsində naməlum şəxslər tərəfindən partlayıcı qurğulardan və avtomat silahdan istifadə etməklə Şuşa avtonəqliyyat müəssisəsinin sürücüsü Z.Ç.Əliyevin idarə etdiyi sərnişinlərlə dolu olan avtobusa basqın olub, bir neçə mülki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb, avtobus yararsız vəziyyətə düşüb.

Bundan başqa, Qorxmaz Murad oğlu Muradovun öldürülməsi faktı üzrə sənəd də elan olunub. Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı Qorxmaz Murad oğlu Muradov 1991-ci il fevralın 25-də ermənilər tərəfindən girov götürülüb, bir gün sonra Xocavənd rayonunun Hacılı (Haslı) kəndində odlu silahla qətlə yetirilib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Seçilən
23
30
moderator.az

10Mənbələr