AZ

İsti hava avtomobilin hissələrinə necə təsir edir?

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sentyabr ayının ortaları olsa da, havalar kifayət qədər istidir. Bu da avtomobillərə təsir göstərir. 

Avtosfer.az-ın xəbərinə görə, isti havada istismar avtomobilin texniki vəziyyətinə təsirsiz ötüşmür. Havanın temperaturu 30 dərəcə Selsini keçdikdə istənilən nəqliyyat vasitəsində yanacaq sərfiyyatı artır. Bu da bir qayda olaraq buxarlanmanın intensivləşməsi və havada rütubətin artması ilə izah edilir. Nəzərə alaq ki, Bakı şəhərinin iqlimi kifayət qədər rütubətlidir. Rütubət avqust-sentyabr aylarında daha ciddi hiss olunur. 

Kondidionerdən istifadə yanacaq sərfiyyatının bəzən 15%-dək artmasına səbəb olur. Elektromobillərdə isə çox qızan batareyanın tutumu azalır, boşalma sürətlənir. 

İstər yerli, istərsə də xarici təcrübədə isti havada ən çox rast gəlinən nasazlıq mühərrikin qızmasıdır. Növbəti yerdə tormoz sistemi detallarının qızmasıdır. Bu sistemdə yüksək temperatur (70 dərəcə Selsidən yuxarı) tormoz yolunun ciddi şəkildə artmasına, bəzən də ümumiyyətlə avtomobilin dayanmamasına səbəb olur. Çıxış yolu tormozdan mümkün qədər az istifadə etmək, mühərriklə tormozlamaqdır. Təəssüf ki, sürücülərin çoxu, xüsusən də avtomat transmissiyalı avtomobil sürücüləri bunu bilmir və öyrənmək də istəmir.

Üçüncü yerdə isə təkərlərin qızaraq partlaması gəlir. Təcrübə göstərir ki, polisin təkərlərin göstəricisinə nəzarət etdiyi ölkələrdə problemə az rastlanılır. Bir qayda olaraq istinin təsirindən köhnə, zədəli, protektor naxışları yeyilmiş  təkərlər partlayır. Səbəb “keçəl” təkərlərin daha çox qızmasıdır. Təəssüf ki, ölkəmizdə bir çox sürücü təkərə etinasız yanaşır. Avqust ayında belə, qış təkərləri ilə avtomobil idarə edən sürücülər çoxdur. Belə bir yanlış düşüncə hakimdir ki, yayda istənilən təkərlə sürmək olar. 

Lakin hər bir məsələnin sadə həll yolu var. Bu da texnikanı saz saxlamaq, periodik texniki qulluqdan yayınmamaq, zərurət olmadığı hallarda isti havalarda uzaq yola çıxmamaq və avtomobili sakit templə idarə etməkdən ibarətdir.

Vüqar Yaşaroğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
avtosfer.az

1Mənbələr