AZ

AMEA-da “Bəkir Nəbiyev və ədəbiyyatşünaslığın aktual problemləri” adlı elmi sessiya keçirilib

Sentyabrın 12-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, “Xalqlar dostluğu”, “Şöhrət” və “İstiqlal” ordenli akademik Bəkir Nəbiyevin 95 illiyinə həsr olunan “Bəkir Nəbiyev və ədəbiyyatşünaslığın aktual problemləri” adlı elmi sessiya keçirilib.

Əvvəlcə ədəbiyyatşünas alimin elmi yaradıcılığından bəhs edən sərgiyə baxış olub.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açaraq XX əsr Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli simalarından olan akademik Bəkir Nəbiyevin zəngin fəaliyyətindən söz açıb, onun fundamental əsərləri ilə elmimizə böyük töhfələr verdiyini, ədəbiyyatşünaslıq elminin və ictimai fikrin inkişafında əvəzsiz xidmətlər göstərdiyini bildirib.

Akademik Bəkir Nəbiyevi ustad ədəbiyyatşünas alim kimi səciyyələndirən AMEA rəhbəri onun Firudin bəy Köçərli haqqında yazılmış ilk monoqrafik əsərin müəllifi olduğunu vurğulayıb. Qeyd edib ki, arxiv materallarına əsaslanan bu kitab zaman keçsə də dəyərini qoruyub saxlayır. Sözügedən nəşr, alimin namizədlik və doktorluq dissertasiyaları, çoxsaylı monoqrafiyaları ədəbiyyat tarixçiliyi üzrə bu gün də fundamental tədqiqatlardan biri kimi qəbul olunur.

Azərbaycan ədəbi-elmi ictimaiyyəti tərəfindən akademik Bəkir Nəbiyevin əsasən tənqidçi ədəbiyyatşünas kimi qəbul edildiyini söyləyən AMEA-nın prezidenti bildirib ki, alimin ədəbi tənqidi irsi ədəbiyyatşünalığımızın yarım əsrdən çox salnaməsini təşkil edir. Onun müasirləri və klassikləri haqqında məqalələri, sanballı elmi əsərləri yeni nəsil tədqiqatçılar üçün qiymətli mənbədir.

Akademik İsa Həbibbəyli qeyd edib ki, taleyini Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlayan görkəmli alim AMEA-da müxtəlif vəzifələrdə çalışıb, Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, elmi katib, baş elmi işçi, şöbə müdiri vəzifələrini tutub. O, 1971-1987-ci illərdə Nizami adına Ədəbiyyat Muzeyinin direktoru, 1987- 2001-ci illərdə Ədəbiyyat, Dil və İncəsənət bölməsinin akademik-katibi, 2002-ci ildən ömrünün sonunadək isə Nizami adına Ədəbiyyat İnstitutunun direktoru olub.

“Akademik Bəkir Nəbiyev səmərəli elmi-təşkilati fəaliyyətlə yanaşı, yüksəkixtisaslı kadrların yetişdirilməsində də böyük əmək sərf etmişdir”, – deyə bildirən AMEA rəhbəri onun rəhbərliyi altında çox sayda fəlsəfə və elmlər doktorlarının hazırlandığını, alimin Azərbaycan filologiyasında mükəmməl elmi məktəb yaratdığını vurğulayıb.

Akademik İsa Həbibbəyli bugünkü mərasimin AMEA-nın 80 illik yubiley tədbirləri çərçivəsində keçirildiyini söyləyib. O, bütün mənalı ömrünü ədəbiyyat elminin, mədəni düşüncəmizin inkişafına sərf etmiş Bəkir Nəbiyevin gələcək nəsillərə örnək və nümunə göstəriləcək Azərbaycanın görkəmli alimlərindən biri olduğunu bildirib.

Ədəbiyyatşünas alimin zəngin fəaliyyətinin Azərbaycan dövləti tərəfindən hər zaman yüksək qiymətləndirildiyini söyləyən AMEA rəhbəri onun “Əməkdar elm xadimi” fəxri adına, “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görüldüyünü, Azərbaycan Respublikasının Dövlət mükafatı ilə təltif edildiyini diqqətə çatdırıb.

Sonra Dünya Söz Akademiyasının İdarə Heyətinin sədri professor Hayrettin İvgin çıxış edərək akademik Bəkir Nəbiyevlə bağlı xatirələrini bölüşüb, onun zəngin mənəvi keyfiyyətlərindən, xeyirxah əməllərindən və yüksək vətənpərvərliyindən söz açıb. Bəkir Nəbiyevin Azərbaycan ədəbiyyat tarixçiliyinin tədqiqi istiqamətində fəaliyyətindən danışan Hayrettin İvgin  bildirib ki, o, Azərbaycan ədəbiyyatşünaslıq elmində, türk xalqlarının mədəniyyət tarixində elmi əsərləri ilə adını əbədiləşdirmiş alimlərdəndir. Bəkir Nəbiyev daim öz araşdırmalarında çoxsaylı tarixi mənbələrə, elmi qaynaqlara üstünlük verib. Onun mənalı ömür yolu və zəngin elmi-ədəbi irsi yeni nəsillər üçün ibrətamiz məktəbdir.

Daha sonra AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli “Akademik Bəkir Nəbiyev: Böyük ədəbiyyatşünas alim”, Ədəbiyyat İnstitutunun baş elmi işçisi professor Qəzənfər Paşayev “Azərbaycan ədəbiyyatşünaslıq elminin ustad dərsləri”, şöbə müdiri professor Asif Rüstəmli “Akademik Bəkir Nəbiyev və Azərbaycan ədəbiyyatı tarixçiliyi”, Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi fil.e.d., dos. Esmira Fuad “Səfərnamələrindən görünən Bəkir Nəbiyev” və aparıcı elmi işçi fil.ü.f.d. Əsmər Hüseynova “Akademik Bəkir Nəbiyevin tənqidçi fərdiyyəti” adlı məruzələrlə çıxış ediblər.

Tədbirdə görkəmli alimin həyat və yaradıclığından bəhs edən videoçarx nümayiş etdirilib.

Sonda akademik Bəkir Nəbiyevin ailəsi adından çıxış edən oğlu Sadıq Nəbiyev atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Seçilən
1
1
veteninfo.az

2Mənbələr