AZ

Atlantik okeanının altında nəhəng içməli su mənbəyi tapıldı

ain.az, Qaynarinfo saytına istinadən bildirir.

Atlantik okeanının duzlu sularının altında alimlər nəhəng və hələlik istifadə olunmayan su laylarını aşkar ediblər. Onların tərkibindəki təmiz su gələcəkdə dünyada artan susuzluğu aradan qaldırmağa yardımçı ola bilər. 

Qayanrinfo xəbər verir ki, bu barədə "AP News" məlumat yayıb.

Xəbərdə bildirilir ki, araşdırma beynəlxalq komanda tərəfindən "Ekspedisiya 501"in gedişində aparılıb və bir neçə onillik əvvəl əldə olunmuş oxşar kəşfə əsaslanır.

1976-cı ildə ABŞ-ın şimal-şərq sahilləri yaxınlığında neft və qaz axtarışları üçün aparılan qazıntılar zamanı alimlər gözlənilmədən təmiz suya rast gəlmişdilər. O vaxt bu kəşf sualları cavablardan daha çox artırmışdı.

Elmi ictimaiyyətdə okean dibinin altında iri içməli su ehtiyatlarının olub-olmaması ilə bağlı mübahisələr uzun müddət davam edib. 2025-ci ildə isə bu sirr qlobal kəşfə çevrilib.

May-iyul aylarında keçirilən "Ekspedisiya 501" məhz bu gizli su ehtiyatlarını öyrənməyi qarşısına məqsəd qoymuşdu. Komanda adətən neft buruqlarına xidmət göstərən xüsusi platformadan istifadə edib və Massaçusets ştatının Kod burnu yaxınlığında okean dibində təxminən 400 metr dərinliyə qədər qazıntı aparıb.

Nəşrin yazdığına görə, alimlər minlərlə litr təmiz su əldə ediblər. Onun duzluluq səviyyəsi min hissəyə bir hissə olub ki, bu da bir çox yerüstü bulaqlara bənzəyir.

İlkin hesablamalara əsasən, bu gizli mənbə Nyu-York şəhərini əsrlərlə içməli su ilə təmin edə bilər. Alimlər hesab edirlər ki, nəhəng su anbarı yaxınlaşan qlobal su böhranının həllində mühüm rol oynaya bilər.

Geofizik və missiyanın üzvü Brendon Duqan qeyd edib: "Bu, yerdə içməli su axtarılacaq ən son yerlərdən biri ola bilərdi".

Bildirilib ki, dünya əhalisinin artması və mövcud təmiz su ehtiyatlarının tükənməsi fonunda belə dənizaltı rezervlərin istifadəsi yerüstü və yeraltı mənbələrin azalmasına alternativ ola bilər.

Həmçinin BMT-nin proqnozuna görə, 2030-cu ilə qədər dünya üzrə təmiz suya tələbat təklifi 40 faiz üstələyəcək. Artıq dünyanın müxtəlif şəhərləri kəskin su qıtlığı ilə üzləşir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
qaynarinfo.az

1Mənbələr