AZ

Ermənistan və Türkiyə İrəvanda razılaşdı

BAKI, 12 sentyabr. TELEQRAF

Ermənistan və Türkiyə arasında nizamlanma prosesi üzrə xüsusi nümayəndələr Ruben Rubinyan və Sərdar Kılıç İrəvanda altıncı görüşlərini keçiriblər.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan tərəfinin yaydığı məlumatda bildirilib.

Görüş zamanı xüsusi nümayəndələr Ermənistan və Türkiyə arasında münasibətlərin tam normallaşması prosesini inkişaf etdirmək məqsədilə əvvəlki görüşlərdə işlənib hazırlanmış və razılaşdırılmış məsələləri bir daha təsdiqləyiblər.

Bu kontekstdə 2022-ci il iyulun 1-də keçirilən görüşdə əldə olunmuş sərhədin demarkasiyası ilə bağlı razılaşmanın icrası ilə bağlı fikir mübadiləsi aparılıb. Xüsusi nümayəndələr bu prosesi sürətləndirmək barədə razılığa gəliblər.

Xüsusi nümayəndələr həmçinin iki ölkənin müvafiq qurumlarının Gümrü-Qars dəmir yolu və elektrik xəttinin bərpası və istismarı üçün lazımi texniki araşdırmalar aparması barədə razılaşıblarr.

Bundan başqa, mədəni və akademik sahələrdə əməkdaşlığın gücləndirilməsi, xüsusən də ali təhsil müəssisələrinin tələbələri üçün təqaüd imkanlarının yaradılması və tarixi Ani-İpək yolu körpüsünün birgə bərpası yolu ilə səylərin göstəriləcəyi barədə razılaşma əldə edilib.

Sərdar Kılıç və Ruben Rubinyan 2026-cı ilin yayından müxtəlif istiqamətlərə uçuşlar həyata keçirə biləcək digər maraqlı şirkətlər üçün lazımi işlərin görülməsinə razılaşıblar ki, bu da iki ölkə arasında hava marşrutlarının və uçuşların sayını artıracaq.

Sonda xüsusi nümayəndələr heç bir ilkin şərt olmadan bu prosesi davam etdirmək öhdəliyini bir daha təsdiqləyiblər.

Seçilən
25
teleqraf.com

1Mənbələr