AZ

Benski kimdir? Cavab məhkəmə zalında açıqlana bilər

ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Anonim küçə rəssamı Benski bu dəfə Britaniya hakimiyyətini qəzəbləndirib və ona qarşı məhkəmə prosesi başlaya bilər.

Həftə ərzində o, yenidən gündəmə gəlib: London Kral Məhkəməsinin binasının divarına mural (Mural - rəssamların binaların və ya digər memarlıq abidələrin divarlarında yaratdığı böyük monumental divar rəsm əsəridir. Bu termin ispan dilində "divar" mənasını verən "muro" sözündən yaranıb. Murallar müxtəlif mövzuya, üsluba və icra texnikasına malik ola bilər. Mural ənənəvi freska və müasir küçə sənətinin xüsusiyyətlərini özündə birləşdirir-red.) çəkib. Rəsm əsərində ənənəvi mantiyada və parikdə bir hakim, yerdə uzanmış və qanlı plakat tutan bir etirazçını çəkiclə döyərkən təsvir olunub.

Benski öz əsərini konkret hadisələrlə əlaqələndirməsə də, bundan az əvvəl Londonda Fələstin tərəfdarı kütləvi etirazlar keçirilmiş, nəticədə 900 nəfərə yaxın insan həbs olunmuşdu. Bu səbəbdən rəsmi həmin olaylarla əlaqələndirilir.

Mural divarda göründüyü an təsadüfi keçənlər şəkillərini çəkməyə başlayıblar. Lakin mühafizəçilər tezliklə müdaxilə edərək izdihamı dağıdıblar və əsəri metal hasarla örtüblər. Əksər hallarda Benskinin əsərləri ya oğurlanır, ya da diqqətlə sökülərək qalereyalara aparılır və milyonlarla dollara satılır. Bu dəfə isə mural, sadəcə, boya ilə örtülüb.

Rəsmi izaha görə, rəsm əsərinin çəkildiyi bina memarlıq abidəsidir və onun görünüşünü dəyişmək qadağandır. Lakin məsələ bununla bitmir. “The Guardian” yazır ki, yeni mural rəssamın anonimliyini sona çatdıra bilər. London polisi artıq cinayət tərkibli şikayət üzrə araşdırma aparır. Əgər iş məhkəməyə qədər getsə, Benskinin şəxsiyyəti açıqlana bilər. Çünki məhkəmədə yalnız rəsmi adı və pasportu olan şəxs iştirak edə bilər – sosial şəbəkələrdə gizlənən, təxəllüslə tanınan biri yox.

Üstəlik, əgər muralın vurduğu zərərin dəyəri 5 min funt sterlinqdən çox hesablanarsa, Britaniya qanunlarına görə, rəssam 10 ilədək həbs cəzası ala bilər.

Ən maraqlısı isə odur ki, mural tezliklə qara geyimli bir şəxs tərəfindən boyanaraq gizlənsə də, konturları divarda qalıb və nəticədə əsər başqa bir sənət obyektinə çevrilib. 

S.ELAY

XQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
xalqqazeti.az

2Mənbələr