AZ

Kürşat Zorlu: Naxçıvan Azərbaycan-Türkiyə münasibətlərində çox önəmli mərkəzdir

“Biz bu addımları atarkən Türkiyə-Azərbaycan dostluğunu, müttəfiqliyini ilk sıraya qoyuruq. Yəni Azərbaycan dövlətinin baxışı bizim üçün əsasdır və önəmlidir”.

APA-nın yerli bürosu xəbər verir ki, bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşat Zorlu Naxçıvan Muxtar Respublikasında jurnalistlərə açıqlamasında deyib.

Bildirib ki, Azərbaycanın Qarabağ müharibəsində qazandığı zəfərdən sonra dəhlizin açılması əsas məsələ idi: “Sonra yenə Şuşa bəyannaməsində də iki dövlətinin iradəsi bu yöndə oldu. Ardınca Azərbaycan və Ermənistan arasında imzalanan müqavilədə bu məsələ xüsusilə qeyd edildi. Biz buna uyğun olaraq dəhlizin həyata keçirilməsi yönündə addımlar atırıq. Bunlardan biri də Qars-İğdır-Dilucu dəmiryolu layihəsidir. İllik olaraq 5,5 milyon insanı daşıyacaq, 2,2 milyon yükdaşıma gücünə malik olacaq bu layihə həyata keçirildiyində Azərbaycandan yola çıxan bir qatar sərhədlərimiz üzərindən maneəsiz olaraq Avropaya qədər gedib çıxacaq. Bu dəmiryolu xətti təkcə ticarəti yox, inanırıq ki, xalqlarımız arasında münasibətləri də genişləndirəcək, turizmə, enerji sahəsinə və bir çox sektora öz müsbət təsirini göstərəcək. Bununla birlikdə bölgəmizdə sabitlik və dirçəlməyə nail olacağıq”.

AK Parti sədr müavini Naxçıvana edilən səfəri barədə də danışıb. Qeyd edib ki, “Türkiyə 100 ili” şüarı ilə Türkiyədə ayrı-ayrı bölgələrdə görüşlər keçirilir və bunun davamı olaraq İğdırda da görüşlər baş tutur: “Bu vəsilə ilə Naxçıvana da gələrək Türkiyə-Azərbaycan münasibətləri və türk dünyasına, dövlətlərinə aid fikrimizi ortaya qoymaq istədik. “Türkiyə 100 ili” hədəfimizin ən önəmli parçalarından biri türk dünyası ilə münasibətlər və bunların genişləndirilməsidir. Bu mərkəzdə Türkiyə-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir və dünyada çox nadir hallarda rastlaşan münasibətlərimiz dostluğumuz, qardaşlığımız və güclü müttəfiqliyimiz var. Çünki “biz bir millət iki dövlət” şüarı ilə hərəkət edə bilən dövlətlərik. Naxçıvan istər türk dövlətləri təşkilatları arasında, istərsə də Azərbaycan-Türkiyə münasibətlərində çox önəmli bir mərkəzdir. Bundan sonra da Naxçıvanı türk dövlətləri təşkilatının bir parçası olaraq görürük. 2009-cu ildəki müqavilə də burada imzalanıb. İndi yeni bir dönəmdir. Çünki bir yandan Türkiyə-Azərbaycan münasibətləri ilə yanaşı, Azərbaycanla Ermənistan arasında həyata keçiriləcək layihə ilə birlikdə inşallah, Azərbaycanı Naxçıvana bağlayacaq dəhliz inşa ediləcək və bu həyata keçirildiyi təqdirdə Naxçıvan sadəcə, iki ölkənin deyil, bütün türk dünyasının ən önəmli lojistik mərkəzlərindən birinə çevriləcək. Biz bu hədəf və inancla AKP olaraq Naxçıvana gəlmişik və bu bizim türk dünyamıza verdiyimiz önəmin bir parçasıdır. Partiyamızın nəzdində türk dünyası ilə əlaqələr bakanlığı quruldu. Əsas hədəfimiz bu münasibətləri gücləndirməkdir. Bu gün keçirdiyimiz görüşlərdə bir daha gördük ki, buna hazır olmağımız lazımdır. Çünki təxminən 600 milyard dollarlıq bir ticarətdən söhbət gedir. İnşallah, bu dəhliz açılanda bu böyük iqtisadiyyatdan bütün ölkələr, Qafqaz faydalanacaq. Bura sülhün, sabitliyin və güvənin önəmli mərkəzi olacaqdır. Buna inanırıq”.

Seçilən
15
2
apa.az

3Mənbələr