“İnternetin təhlükəsizliyi liqası”nın rəhbəri Yekaterina Mizulina azı 318 ictimai xadim, 4 musiqi qrupu və 1 anti-müharibə təşkilatı haqqında donos yazıb.
Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın “Verstka” kanalı məlumat yayıb.
Ən çox donos blogerlərə qarşı olub — azı 238 nəfər. Onların arasında əsasən “trash-streamer”lər və onlayn kazinoları reklam edən “info-dələduzlar” var. Bir çox hallarda Mizulina ad siyahıları dərc edərək qrup şəklində donoslar yazıb.
Bundan başqa, o, 70 musiqiçi və 4 musiqi qrupuna qarşı da donos yazıb. Onların arasında “Bi-2”, Paşa Texnik, Morgenshtern, Alyona Şvets, Şarlot və digərləri var.
Mizulinanın “qurbanları” sırasında həmçinin beş komik, aktyor Aleksey Panin, biznesmen Ruslan Bayazitov, Dövlət Dumasının deputatı Vladislav Davankov, pediatr və yazıçı Fyodor Katasonov, stilist və moda tarixçisi Aleksandr Vasilev, eləcə də “Feminist Anti-müharibə Müqaviməti” təşkilatı yer alır.
Rusiyada “donos” mədəniyyəti hələ çar dövründən miras qalıb və bu gün də hakimiyyətin ictimai nəzarət alətlərindən biri kimi işlədilir. Müxtəlif siyasətçilər, ictimai xadimlər və media simaları bu praktikanı davam etdirərək müxalifləri, müğənniləri və blogerləri hədəfə alır. Son illərdə xüsusilə bir neçə ad bu sahədə “çempion” kimi seçilib. Bunların arasında “Korrupsiyaya qarşı federal layihə” adlı qurumun rəhbəri Vitaliy Borodin xüsusilə seçilir . O, müğənnilər, blogerlər, hətta müstəqil siyasətçilər haqqında prokurorluğa və polisə ardıcıl şikayətlər göndərir. Fəaliyyətinin əsas hədəfi müxalif qüvvələrdir və bu, onu Kremlin loyal fiqurlarından biri kimi tanıdır.
Bundan başqa, hazırda Kursk vilayətinin qubernatoru və keçmiş Dövlət Duması deputatı olan Aleksandr Xinşteynin adını çəkmək olar. Uzun illər təbliğatçı kimi fəaliyyət göstərən Xinşteyn müxalifətçilər və hakimiyyətə xoşagəlməz ictimai fiqurlar barədə xüsusi xidmət orqanlarına “siqnallar ötürməsi” ilə tanınır.
Musavat.com