AZ

Nasaz maşınla yolun ortasında qəfil dayanmaq təhlükə yaradır Sürücülər nə etməlidir? VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Yollarda tez-tez rast gəlinən hallardan biri də avtomobilin qəfil nasazlaşmasıdır. Təəssüf ki, bəzi sürücülər bu zaman yolun ortasında anidən dayanaraq digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaradır.

Qeyd etdiyimiz məsələylə bağlı izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına video göndərib. Hadisə iyulun 28-də saat 11:05 radələrində Bakı-Quba yolunda qeydə alınıb. Belə ki, 90-MF-281 dövlət nömrə nişanlı “Ford” markalı avtomobilin sürücüsü hərəkətdə olan zaman anidən yolun ortasında dayanıb. Bu vaxt o, arxadan gələn sürücüyə qəza şəraiti yaradıb. Təhlükə yaradan sürücü daha sonra avtomobilini yolun kənarına çəkib. İzləyici iradını bildirəndə sürücü maşınının sol arxa təkərinin cırıldığını və buna görə qəfil dayandığını izah edib. 

Şikayətçinin sözlərinə görə, hadisə baş verməzdən öncə sürücü avtomobilin nasaz olduğunu bilərək hərəkət edib və yolun hər iki tərəfində yük maşınları olduğu üçün qəsdən onun önünə keçib. Nəticədə qəza riskiylə üzləşən sürücü sükan arxasında qorxu və stress keçirdiyini vurğulayıb.

Qeyd edək ki, “Yol Hərəkəti Haqqında” Qanunda bu vəziyyətlə bağlı qaydalar müəyyən edilib. 

Sürücü ilk növbədə belə bir halla qarşılaşdıqda nəqliyyat vasitəsini yolun kənarına və ya təhlükəsiz əraziyə çəkməlidir. Maşını kənara çəkmək mümkün deyilsə, o, dərhal fövqəladə dayanma işıqlarını yandırmalı, avtomobilin arxasında (magistral yolda ən azı 30 metr, şəhər daxilində 15 metr məsafədə) fövqəladə dayanma nişanı qoymalıdır.

Digər vacib bir qayda isə sürücü və sərnişinlərin avtomobili tərk edərkən təhlükəsizlik jileti geyinmələridir. Əgər nasazlıq yerində aradan qaldırılmırsa, təcili evakuator və ya texniki yardım çağırılmalıdır.

Unutmayaq ki, maşının qəfil nasaz olması qəzanın əsas səbəbi deyil. Vacib məqam sürücülərin bu zaman düzgün davranmamasıdır. Qaydaları gözləməklə sürücülər həm öz həyatlarını, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini qoruya bilərlər.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
avtosfer.az

1Mənbələr