AZ

"Zəfərimizi təmin edən əsas qüvvə vətənpərvər, cəsur və qəhrəman gənclərimiz oldu"

Müasir dünyada qloballaşmanın sürətlə artması, müxtəlif mədəniyyətlərin bir-birinə təsiri və texnologiyanın həyatımıza nüfuzu milli kimlik və mənlik şüurunun qorunub saxlanmasını daha da vacib edir. Xüsusilə gənc nəsil arasında milli dəyərlərə bağlılığın gücləndirilməsi, tarixi və mədəni irsimizin dərindən öyrənilməsi, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması vacibdir.

Gənc nəsildə milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi üçün hansı addımlar atılmalıdır? 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, bu gün ölkəmizdə gənclərin vətənpərvərlik ruhunda böyüməsi üçün ardıcıl və sistemli tədbirlər həyata keçirilir:

"Yəni bu gün biz bunu müxtəlif istiqamətlərdə də görürük. Yəni Azərbaycanda Gənclər Nazirliyinin yaradılması, Gənclər Fondunun yaradılması, gənclərə dövlət səviyyəsində diqqət və qayğı göstərilməsi siyasəti uğurla davam etdirilir. Bu gün bu özünü təhsil sahəsində də göstərir. Yəni təhsil proqramlarına bu cür məsələlərin daxil edilməsi, təhsildə tərbiyə işinə önəm verilməsi, məktəblərimizdə, ali təhsil müəssisələrimizdə davamlı olaraq müxtəlif tədbirlərin, görüşlərin, seminarların keçirilməsi də bu fikri bir daha təsdiq edir. Yəni bu məsələ artıq dövlətimizin siyasətinə çevrilib. Dövlət bu istiqamətdə davamlı tədbirlərini həyata keçirir və işlər görür", - deyə millət vəkili yekunlaşdırdı.

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı isə bildirdi ki, bu gün ölkəmizin gələcəyi üçün ən mühüm məsələlərdən biri gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin gücləndirilməsidir:

"Gənclərimizin öz tarixi köklərinə, milli dəyərlərinə və dövlətçiliyimizə bağlı yetişməsi, Azərbaycanın möhkəm gələcəyinin təminatıdır. Ulu öndər Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, “Azərbaycanın gələcəyi gənclərin əlindədir”. Bu ideyanı uğurla  həyata keçirən möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev gənclərin hərtərəfli inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etmişdir. İkinci Qarabağ müharibəsində Zəfərimizi təmin edən əsas qüvvə də məhz vətənpərvər, cəsur və qəhrəman gənclərimiz oldu. Tarixi Zəfərimiz Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunun ən şanlı səhifələrindən biridir. Milli ruhda tərbiyə alan vətən övladları əcdadlarımızdan bizə miras qalmış dəyərləri ən yüksək səviyyədə yerinə yetirdi və ilahi ədaləti bərpa etdi".

Millət vəkili əlavə etdi ki, gənclərin milli mənlik şüurunun mütəmadi inkişafı üçün ilk növbədə təhsil müəssisələrində və ailələrdə düzgün tərbiyə mühiti davamlı olmalıdır:

"Tarixi həqiqətlərimizin, Qarabağ həqiqətlərinin, qəhrəman şəhidlərimizin və qazilərimizin fədakarlığının gənc nəslə çatdırılması hər dövr üçün mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda dövlət və qeyri-hökumət təşkilatları, media və ictimai qurumlar gənclərin vətənpərvərlik ruhunda yetişməsi istiqamətində birgə fəaliyyəti də bu istiqamətdə öz töhfəsini verir. Mədəniyyət, idman və ictimai fəaliyyət proqramlarına gənclərin daha geniş cəlb olunması, onların yaradıcı təşəbbüslərinə dəstək verilməsi də milli şüurun möhkəmlənməsinə xidmət edir. “Böyük Qayıdış” proqramı çərçivəsində azad olunmuş torpaqlara gənclərin səfərləri, könüllü fəaliyyətlərdə iştirakı və orada həyata keçirilən quruculuq işlərinə qatılması onların vətən sevgisini daha da artırır".

Müsahibimizin fikrincə, gənclərin vətənpərvər olması üçün ən vacib məsələ onlara nümunə göstərməkdir.

"Dövlətimizin rəhbərliyinin qətiyyətli mövqeyi, xalqımızın birliyi, həmrəyliyi, şəhidlərimizin müqəddəs xatirəsi, qazilərimizin qəhrəmanlığı gənc nəslin yaddaşında əbədi iz qoyur və onların milli mənlik şüurunun formalaşmasının təməlini təşkil edir. Əminəm ki, Azərbaycan gənci hər zaman olduğu kimi bundan sonra da milli-mənəvi dəyərlərimizə sadiq, dövlətinə və xalqına bağlı olacaq, vətənpərvərliyi həyat tərzinə çevirəcəkdir", - deyə Günay Ağamalı vurğuladı.

Xədicə BAXIŞLI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" mövzusunda dərc olunub.

2
Seçilən
3
1
redaktor.az

2Mənbələr