AZ

Prezident İlham Əliyevin Vaşinqton səfəri: Azərbaycan alimlərinin mövqeyi

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 12 sentyabr, AZƏRTAC

Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfəri regionda yeni dövrün başlanğıcı kimi tarixə düşdü. Bu səfər həm də ABŞ-Azərbaycan münasibətlərinin, iki ölkə arasında strateji əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaratdı. Dövlətimizin başçısının ABŞ səfəri ölkəmizin dünyada artan nüfuzunu və siyasət meydanında gücünü bir daha bütün dünyaya sübut etdi. Bu tarixi hadisə Azərbaycanın həm siyasi, mədəni, iqtisadi, həm də elmi sahədə inkişafına stimul verdi.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanovanın “Prezident İlham Əliyevin Vaşinqton səfəri: Azərbaycan alimlərinin mövqeyi” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə qeyd edilib ki, AMEA-nın Rəyasət Heyətində keçirilən müşavirədə Prezident İlham Əliyevin Vaşinqtonda imzaladığı Birgə Bəyannamənin müddəaları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bu məsələlər geniş müzakirə olunub. Akademik İsa Həbibbəyli Bəyannaməni Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmini baxımından tarixi hadisə, eyni zamanda, dövlətimizin başçısının böyük siyasi, diplomatik qələbəsi kimi qiymətləndirib. AMEA prezidenti Ali Baş Komandan İlham Əliyevin liderliyində 44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfər, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirlərilə dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün bərpa olunması nəticəsində tam qələbəmizin təmin edildiyini, sülh sazişinin paraflanması ilə zəfərimizin təsdiqləndiyini söyləyib.

AMEA-nın prezidenti dövlətimizin başçısının ABŞ-da əldə etdiyi tarixi uğurların elmi müstəvidə təhlili və təbliğinin Azərbaycanın alim və ziyalılarının qarşısına mühüm vəzifə qoyduğunu vurğulayıb. Akademik AMEA-nın hər bir əməkdaşını mediada elmi, elmi-populyar məqalələrlə çıxış etməyə, tarixi uğurlarımızı geniş ictimaiyyətə çatdırmağa, konfranslarda məruzələrlə çıxış etməyə çağırıb.

Tədbirdə, həmçinin AMEA-nın müşaviri akademik Yaqub Mahmudov, AMEA-nın akademik-katibi akademik Arif Həşimov, Milli Məclisin deputatı filologiya elmləri doktoru Elnarə Akimova, Milli Məclisin deputatı tarix elmləri doktoru Vasif Qafarov və digər alimlər də fikirlərini bölüşərək, müşavirəni Azərbaycan Prezidentinin tarixi uğurlarına ölkə elminin mövqeyi kimi dəyərləndiriblər. Bildirilib ki, Vətən müharibəsindən sonra Azərbaycan sülh yolunu tutub və bu, regionda təhlükəsizlik və əməkdaşlıq üçün geniş perspektivlər açır: “Vaşinqtonda sülh sazişinin paraflanması 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin diplomatik nəticəsidir və Prezident İlham Əliyevin uzun illər ərzində apardığı güclü uzaqgörən xarici siyasətin şərəfli yekunudur”.

Alimlər sülh sazişinin paraflanması ilə Azərbaycanın beynəlxalq mövqeyinin gücləndiyini, diplomatik uğurların elmi və mədəni sahələrdə də təsirinin olacağını qeyd ediblər. Eyni zamanda, Azərbaycanın qlobal miqyasda təhlükəsizlik, enerji layihələri, innovasiya və elmi-texnoloji əməkdaşlıq istiqamətində rolunun daha da möhkəmlənəcəyinə inamı ifadə ediblər.

Tədbirdə gənc alimlər də çıxış edərək Vaşinqton səfəri ilə bağlı fikirlərini bölüşüblər. Gələcəkdə əldə olunan razılaşmaların sosial və elmi-texnoloji sahələrdə tətbiqinin təmin olunması, həmçinin bu nailiyyətlərin təbliği istiqamətində dəstək verməyə hazır olduqlarını söyləyiblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
azertag.az

1Mənbələr