AZ

“Azərbaycan teatrı dramaturq böhranı yaşayır” –MÜSAHİBƏ

Əyyub Qiyas: "Mənim üçün nəsr və dramaturgiya daha doğmadır"
 
Ədəbiyyat insanın həm daxili dünyasını, həm də cəmiyyətlə münasibətini ifadə edən ən böyük güclərdən biridir. Bəzən bir şeir bir ömrün yükünü daşıyır, bir tamaşa isə bütöv bir xalqın taleyini səhnəyə gətirir. Əyyub Qiyas bu iki yolun yolçusudur: həm yazı masasında, həm də teatr səhnəsinin arxa pərdəsində sözün gücünü sınayır. Onun yaradıcılığında suallar çoxdur - insan, həyat, zaman və sənətin özü haqqında. Müsahibimizlə söhbətimiz də məhz bu sualların cavabını axtarmağa yönəldi.
 
-Əyyub müəllim, siz həm şair, həm də dramaturqsunuz. Hansı janrda özünüzü daha rahat ifadə edirsiniz və bu iki yaradıcılıq xətti bir-birinə necə təsir göstərir?

 
-Əslində mən özümü tam şəkildə şair hesab etmirəm. Bəzən şeir yazıram, amma mənim əsas yaradıcılıq istiqamətim nəsr və dramaturgiyadır. Nəsr mənim üçün daha doğma bir sahədir. Dramaturgiya isə həm nəsrdən qidalanır, həm də nəsrə təsir göstərir. Mənim yaradıcılığımda bu iki istiqamət bir-birini tamamlayır, bir-birinə dəstək olur. Ona görə də mənim yazdığım nəsr əsərlərində vizuallıq, teatrallıq daha güclüdür, sanki oxucu hadisəni sözlərlə deyil, səhnədə izləyirmiş kimi təsəvvür edə bilir. Dramaturgiyada isə nəsrdən gələn obrazlılıq, psixoloji dərinlik özünü göstərir. Mənim üçün bu qarşılıqlı sintez yaradıcılığımın təməl dayağıdır.
 
-Azərbaycan teatrı son illərdə hansı mərhələdən keçir? Tamaşaçının maraqlarını qarşılamaq üçün dramaturqlar hansı yeniliklərə getməlidir?
 
-Əgər açıq danışsaq, bu gün Azərbaycan teatrı dramaturgiya baxımından böhranlı bir mərhələ yaşayır. Peşəkar dramaturqlar çox azdır, teatrlar isə onların yetişməsinə maraq göstərmirlər. Əslində teatr tariximizdə bu məsələnin çox aydın ənənəsi olub: Şekspirdən Hüseyn Cavidə, İlyas Əfəndiyevdən tutmuş yaxın müasirlərimizə qədər dramaturqlar teatra yol açıb, teatr isə onları formalaşdırıb. Bu qarşılıqlı münasibət teatr sənətini gücləndirib. Təəssüf ki, indi teatrlarımız klassiklərin və əcnəbi müəlliflərin əsərlərinə daha çox ümid edir. Halbuki milli dramaturgiya yetişməsə, teatrın gələcəyi də zəifləyəcək. Tamaşaçının marağını yalnız yeni ideyalar, müasir düşüncə ilə yazılmış peşəkar pyeslər qarşılaya bilər.
 
-Sizcə, bu gün Azərbaycan poeziyası gənclərə nə deməlidir? Şeir insanın hansı yarasına məlhəm ola bilər?
 
-Mən şeir mövzusunda çox danışmaq istəməzdim, çünki özümü daha çox nasir və dramaturq hesab edirəm. Amma oxucu kimi deyə bilərəm ki, yalnız yaxşı şeirlər zamanın ələyindən keçir və yüz illərlə yaşayır. Orta səviyyəli, babat şeirlər zamanın sınağından keçmir. Ona görə də ya ümumiyyətlə yazmamaq, ya da çox yaxşı şeir yazmaq lazımdır. Mən də bəzən şeir yazıram, amma onları böyük poeziya iddiası ilə yazmıram.
 
-Azərbaycan klassik ədəbiyyatının ən çox hansı nümayəndəsi sizin yaradıcılığınıza təsir göstərib? Bu gün öz əsərlərinizdə ənənə ilə yeniliyi necə uzlaşdırırsınız?
 
-Füzulisiz keçinmək mümkün deyil. Füzuli Azərbaycan ədəbiyyatının sütunlarından biridir və istənilən yazıçı onun təsirindən yan keçə bilmir. Mən də Füzulini sevirəm və düşünürəm ki, yaradıcılığıma müəyyən təsirlər buraxıb. Ənənə ilə yenilik məsələsinə gəlincə... Mən həm redaktor, həm də tərcüməçi kimi daim müasir ədəbi proseslərin içindəyəm. Dünyada hansı tendensiyaların getdiyini izləyir, oxucu zövqlərini müqayisə edirəm. Azərbaycan oxucusunun maraqları ilə dünya oxucusunun tələbləri arasında ortaq bir üslub və təqdimat forması tapmağa çalışıram. Əlbəttə, bunun mənim əsərlərimdə nə qədər uğurlu alındığını oxucu deyə bilər.
 
-Ən çox hansı mövzular sizi yazmağa vadar edir? İlhamı gündəlik həyatda tapırsınız, yoxsa daha çox tarixi, fəlsəfi mövzulara üstünlük verirsiniz?

 
-Mövzu özü o qədər də əsas məsələ deyil. Əsas odur ki, sən onu necə yaza bilirsən. Mənim üçün yazı prosesi ilhama bağlıdır. Şair üçün ilham əsas şərtdir, amma nasir üçün yazmaq həm də gündəlik iş, planlı fəaliyyət deməkdir. Mən nasiri ədəbiyyatın mühəndisi hesab edirəm. Nasir hadisəni, obrazı, konfliktləri qurur, sanki bir inşaatçı kimi əsəri bünövrədən ucaldır. Mövzu müxtəlif ola bilər - gündəlik həyat da, tarixi hadisələr də, fəlsəfi düşüncələr də. Amma əsas məsələ odur ki, sən bu mövzunu necə işləyirsən, hansı bədii həll tapırsan.
 
-Dünya ədəbiyyatında baş verən proseslər, trendlər sizin yaradıcılığınıza təsir edirmi? Məsələn, Qərb dramaturgiyası və poeziyası ilə hansı paralellər və ya fərqlər görürsünüz?
 
-Dünya ədəbiyyatından ayrı yaşamaq mümkün deyil. Biz bu dünyanın bir parçasıyıq və dünya ədəbiyyatında baş verən proseslər bizə təsir etməyə bilməz. Mən çalışıram ki, bu proseslərlə ayaqlaşım, çünki əks halda çox geridə qalmaq olar. Amma yazanda mütləq Azərbaycan oxucusunu nəzərdə tuturam. Əsərlərimdə milli üslubu qoruyaraq dünya oxucusu üçün də maraqlı olacaq mövzulara toxunmağa çalışıram. Yəni mənim üçün həm milli, həm də qlobal dəyərlər bir yerdə dayanır.
 
-Qarşıda yeni tamaşalarınız və ya şeir kitablarınız varmı? Oxucular və tamaşaçılar sizdən yaxın vaxtlarda nə gözləyə bilər?

 
-Yəqin ki, roman və az tirajdda şeir kitabı olacaq.
 
Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
olaylar.az

1Mənbələr