AZ

3

“Zəngəzur mahnısı” – Qərbi Azərbaycan mövzusunda yeni musiqi əsəri təqdim olunub

“Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyi Qərbi Azərbaycan mövzusunda yeni musiqi əsəri – “Zəngəzur mahnısı”nı ictimaiyyətə təqdim edib. Mahnının ideya müəllifi tanınmış vokal ifaçısı, Əməkdar artist Ramil Qasımovdur.

QHT.az xəbər verir ki, musiqi əsəri üzərində peşəkar komanda çalışıb. “Zəngəzur mahnısı”nın sözlərini yazan Şahin Musaoğlu dillər əzbəri olan mahnıların müəllifidir. Əsərin bəstəkarı tanınmış sənətkar, Əməkdar artist Vüqar Camalzadədir.

Mahnının ruhuna uyğun olaraq onu görkəmli sənətkarlar – Xalq artistləri Mübariz Tağıyev, Tünzalə Ağayeva, Əməkdar artistlər Ramil Qasımov, Aybəniz Haşımova, Samirə Əliyeva, Ehtiram Hüseynovİlkin Dövlətov birlikdə ifa edib. Balaban zurnanı Fəqan Rəhmanoğlu dilləndirib. Layihədə səs rejissoru Əməkdar incəsənət xadimi Faiq Babayev, prodüser Riad Quliyev, layihənin koordinatoru isə Fərqanə Cabbarovadır.

“Zəngəzur mahnısı” mədəni-tarixi irsimizin təbliği, milli yaddaşın gücləndirilməsi və Azərbaycanın qarşıdakı milli hədəfinin incə, estetik dillə musiqidə ifadəsidir. Qərbi Azərbaycana qayıdış kimi ülvi arzunu tərənnüm edən əsər “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin ilk işidir. Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.

Təqdimat mərasimində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin sədri, Əməkdar artist Ramil Qasımov, Əməkdar mədəniyyət işçisi, Qərbi Azərbaycan Televiziyasının rəhbəri Telli Pənahqızı çıxış ediblər.

Klipin çəkilişləri Şərqi Zəngəzurun füsunkar təbiətə malik Laçın, Qubadlı və Zəngilan rayonlarında aparılıb. Bir müddətdir ki, radiolarda səsləndirilən bu əsərin ekran həllini bu gündən etibarən televiziya kanallarında da görmək mümkün olacaq.

“Zəngəzur mahnısı”nın təqdimatı haqqında video

Seçilən
0
qht.az

1Mənbələr