AZ

“Öyrəşmişik, gəldi, tapşırıqlarını verdi və getdi"

Azərbaycanın gənclərdən ibarət milli komandası AÇ-2027-nin seçmə mərhələsində ilk xalını qazandı.

Ötən həftə səfərdə Portuqaliyaya 0:5 hesabı ilə uduzan U-21 növbəti görüşdə Bolqarıstanla bərabərə qaldı – 1:1.

Yığmanın əsas fiqurlarından olan Rüfət Abbasov Sportinfo.az-a müsahibə verib.

- Qələbə qazanmağın mümkünlüyünü nəzərə alsaq, yekun nəticədən nə dərəcədə razısan?

- Portuqaliyadakı ağır səfərdən və böyük hesablı yenilgidən sonra bizim üçün ciddi sınaq idi. Bolqarıstanı udub, ilk oyundakı yenilgini az da olsa unutdurmaq istəyirdik. Qalib gəlmək üçün çox çalışdıq. Qələbəyə layiq olduğumuzu düşünürəm. Maksimum hədəfə çatmasaq da, minimumu yerinə yetirdik.

- 3 xalı əldə etmək üçün nə çatmadı?

- Son ötürmələrdə və son zərbələrdə dəqiqlik. Şəxsən iki epizodda son ötürməni verə bilmədim. Başqa şanslarımız da oldu. Birlikdə daha çox oynadıqca inkişafa nail olacağımıza inanıram.

- Xəyal Əliyevlə Şahin Şahniyarovun U-21-ə qoşulmasının nə kimi faydası oldu?

- Sağ olsunlar, bizə çox kömək etdilər. Ağır Portuqaliya səfərindən sonra gümrah futbolçulara ehtiyacımız var idi. Bu gün sürətli hücumların qurulmasında, təhlükəli vəziyyətlərin yaradılmasında Xəyalla Şahin yaxından iştirak etdi.

- Dörd gün ərzində hər iki matçda 90 dəqiqə meydanda oldun. Özünü necə hiss edirsən?

- Yorğunluq var, ancaq buna öyrəşməliyik. Xüsusən beynəlxalq matçlarda bu, vacib məqamdır. Hər bir futbolçunun arzusu legioner həyatı yaşamaqdır. Buna nail olmaq üçün ilk növbədə fiziki baxımdan hazır olmalıyıq ki, orqanizm bu cür yüklənmələrə öyrəşsin.

- İlk xalınızı qazandınız. Azarkeşlər U-21-dən neçə xal gözləsin?

- Xalların davamı olacaq, buna əminəm. İki oyundakı dörd hissədən yalnız Portuqaliya ilə ikinci 45 dəqiqəni zəif keçirdik. Öz səhvlərimiz ucbatından lazımsız qollar buraxdıq. Əminəm ki, istənilən rəqiblə başa-baş mübarizə aparmağa qadirik. Adından asılı olmayaraq, hər bir komandaya qarşı lazımınca mübarizə aparacağıq. Azarkeşlərdən bizi dəstəkləməyi xahiş edirəm.

- Ayxan Abbasovun texniki zonada yoxluğu özünü göstərirdi?

- Əsas milliyə də rəhbərlik etməsinə baxmayaraq, oyun başlamamışdan əvvəl stadiona gəlib (Mərdəkandakı “Liv Bona Dea Arena”nı nəzərdə tutur – H.), bizə lazım olan tapşırıqlarını verdi. Ayxan müəllim olmasa da, Elnur Çodarov burada idi. Hər ikisi məşqçimizdir. Biri olmayanda digəri yanımızda olur. Bizim işimiz tapşırıqları yerinə yetirməkdir.

HƏBİB

Seçilən
4
sportinfo.az

1Mənbələr