"Zirə" Misli Premyer Liqasının 4-cü turu çərçivəsində səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə edib.
Fanat.Az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Çox sürətli, dinamik, keyfiyyətli oyunun şahidi olduq. "Qarabağ"la keçirdiyimiz maraqlı matçlardan biri idi. Hər iki komanda çox istəkli idi. Ona görə son saniyələrə qədər emosional oyun izlədik. Qarşılaşmanın gedişatına görə qələbə qazanmaq fürsəti yaranmışdı. Çalışdıq, istədik. Təəssüf ki, qol buraxdıq. Bizim üçün yaxşı nəticədir. "Qarabağ"dan alınan hər xal dəyərlidir. Futbolçularıma təşəkkür edirəm. Növbəti oyuna köklənməliyik.
- Son vaxtlar söz-söhbət gəzir ki, milliyə namizədliyiniz irəli sürülüb...
- 2-3 nəfər var. Hamısına suallar yönləndirilir. Mən özümü ucuzlaşmış hiss edirəm. Bir dəfə demişəm. Mövzuya bir daha qayıtmayacam. Xahiş edirəm, bu barədə sual verməyin.
- "Qarabağ"a yoldaşlıq görüşündə 0:4 uduzmuşduz. Kadi həmin matçda da eyni cür qol vurmuşdu...
- Kadi usta futbolçudur. Standart vəziyyət varsa, təhlükədir. Rəqibin standart vəziyyətləri təhlükəlidir. İki nəfər qoya bilmədik. Çünki hamı birəbir oynayırdı. O da yaxşı zərbə endirdi. Ağıllı qol alındı. O dəqiqələrdə oyundan qol vəziyyəti vermişdik. "Qarabağ" çox dinamik futbol oynayırdı, futbolçuar çox güc sərf edirdi.
- Demək olar ki, əsas epanalti vuranınız artıq Ruan Renatodur, Qismət yox?
- Hələki belə qərar qəbul etmişik. Məndə belə fikir var ki, 3 dəfə vura bilməyəndən sonra ara vermək lazımdır. Qismət penaltiçilərdən biridir. Hər an vura bilər. Sadəcə Qismətə ara verdim. Beş ildə cəmi 3 penaltini dəqiq yerinə yetirə bilməyib.
- Fernandu Santuş gələndə millinin qarşısına Avro-2028-ə vəsiqə qazanmaq hədəfi qoyulmuşdu. Millidə potensial görürsüz?
- İki əməkdaşa cavab verməmişəm, sizə cavab versəm, onlar inciyərlər.
- "Qarabağ" "Sumqayıt"a uduzdu, sizinlə oyunda da xal itirdi. Bunu çempionluq üçün şans kimi dəyərləndirirsiz?
- Hələ 4-cü turdur. Tək "Qarabağ" yox, "Sabah", "Neftçi", "Araz-Naxçıvan", "Turan Tovuz"u nəzərə alsaq, hər komanda çempion olmaq istəyər. Bu il liqa daha rəqabətlidir. O haqda danışmaq çox tezdir, yersizdir. Hamı çempion olmaq istəyər. "Sumqayıt" bu mövsüm necə oyun göstərir. Rahatlıqla avrokuboklardan kənar qala bilərsən. Bütün fikrimizi avrokuboklara vermişik.
- Bundan sonra transferlər olacaq?
- Çox yaxşı futbolçu qarşımıza çıxsa, transfer etməyə çalışacağıq. Bu periodda bəzi oyunçular transferin son dönəminə qədər gözləyir. Elə variant olsa, istəyərik. Mövsümün əvvəlində cinahlarda Fuad Bayrmov və Rövlan Muradovu fikirləşirdik. Amma hər ikisi ciddi zədə aldı. Təcili sol cinah müdafiəçisi transfer etdik.
- Hər legionerə görə 200 min manat rüsum ödəməlisiz. Nə qədər futbolçu götürə bilərsiz?
- Limit 17-dir. Komandalarımız çox yaxşı transferlər etdi. Bizi futbol adamı kimi sevindirir. Amma rəqib olaraq qayğılandırır. Planımızda 12 legioner idi
- Süni örtüklü meydançalara qarşısız həmişə. "İmişli" Qubada oynayacaq. Ora təbii örtüklüdür. Bu, sizi sevindiir?
- Təbii olaraq bizi çox sevindirir. Komanda sayının artması çempionata böyük maraq qatdı. Gözlədiyimizdən də tez effekt verdi. Bütün oyunlar rəqabətli keçir. I Liqadan gələnlər də yaxşı komanda formalaşdırdılar. Yeganə məqam infrasturktur qalıb. Qısa müddətdə o da həllini tapar. Liqamız necə maraqlı başlayıb, elə də davam edər.