Stokholm, 12 sentyabr, Nərgiz Cəfərli, AZƏRTAC
Finlandiyanın Hərbi Hava Qüvvələri sentyabrın 22-dən 26-dək “Protective Fence 25” (“Müdafiə sərhədi 25”) adlı genişmiqyaslı təlimlər keçirəcək. Təlimlərdə təxminən 1200 hərbçi və 50-ə yaxın təyyarə iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, bu, payız mövsümündə Finlandiyada ən böyük uçuş təlimi olacaq. Manevrlərə fin hərbçiləri ilə yanaşı, İsveç və Danimarkanın hərbi hava qüvvələrinin şəxsi heyəti də qatılacaq.
Təlimlər yalnız Finlandiyanın əsas aviabazalarını deyil, həm də Oulu, Vaasa, Kokkola-Pietarsaari hava limanlarını, eləcə də İsveçin Luleo şəhərində yerləşən Kallax aviabazasını əhatə edəcək.
Ümumilikdə təxminən 50 hava gəmisi, o cümlədən “F/A-18 Hornet” qırıcıları, “Hawk” təlim-döyüş təyyarələri, NH90 helikopterləri, “Dornier 228” müşahidə təyyarələri, həmçinin İsveçin “JAS 39 Gripen” qırıcıları və İsveçlə Danimarkadan olan “C-130 Hercules” nəqliyyat təyyarələri cəlb olunacaq.
Təlimlərin məqsədi müdafiə qabiliyyətini möhkəmləndirmək və genişmiqyaslı hava əməliyyatlarını müxtəlif məntəqələrdən icra etməkdir. Uçuşlar Rovaniemi, Kayaani, Kuopio, Yuvyaskyulya, Vaasa bölgələrində və Botniya körfəzi üzərində həyata keçiriləcək. Proqrama alçaq uçuşlar, səsdənsürətli manevrlər və radioelektron mübarizə vasitələrinin tətbiqi daxildir.