Vitamin D uşaqların sağlam böyüməsi və inkişafı üçün vacibdir. Onun çatışmazlığı vaxtında aradan qaldırılmadıqda ciddi sağlamlıq və inkişaf problemlərinə yol aça bilər. Bəs D vitamini çatışmazlığı hansı əlamətlərdə özünü göstərir?ATU-nin I Uşaq xəstəlikləri kafedrasının dosenti, Tədris Terapevtik klinikanın həkim-pediatrı Nigar Bayramova Metbuat.az-a açıqlamasında bildirib ki, günümüzdə D vitamini defisiti həm uşaqlar, həm də böyüklər arasında geniş yayılıb: “D vitamini yağda həll olan vitamin olmaqla bərabər, steroid hormonlara bənzəyir və təsir spektri çox genişdir. O, istər renin, istər insulin ifrazı, istər angiogenez, istər hüceyrə sağlamlığı mərhələsində çox vacib olub, həm kalsium homeostazını, həm də sümük sağlamlığını təmin edir. D vitamini olmadan kalsiumun yalnız 10%-i, fosforun isə 60%-i sorula bilir. Təəssüf ki, son zamanlar həyat tərzimizin dəyişməsi və D vitamininə tələbatın ödənilməməsi ilə əlaqədar D vitamini defisitinə istər uşaqlar, istərsə də böyüklər arasında çox rast gəlinir. Həkim təcrübəmə əsasən qeyd etməliyəm ki, gələcəyin valideynləri olacaq yeniyetmə gənclər arasında D vitamin defisitinin və anemiyanın çoxalması məni xüsusilə narahat edir. Tədqiqatlar doğurqanlıq yaşlarında qadınlarda D vitamin defisitinin artdığını və bu körpələrin göbək ciyəsi qanında da D vitamininin səviyyəsinin aşağı olduğunu göstərir. Unutmayaq ki, D vitamini 30-a yaxın mübadilə prosesində və 300 genin sağlamlığında önəmli rola malikdir. Uşaqlar arasında D vitamini çatışmazlığına bağlı raxit daha çox 4 aydan 3 yaşa qədər rast gəlinir”.Həkimin sözlərinə görə, D vitamini çatışmazlığı uşaqlarda və böyüklərdə müxtəlif əlamətlərlə özünü göstərə bilər:“Əmgəyin geniş olması, kraniotabes, raxitik təsbehlər, əl biləklərinin genişlənməsi, aşağı ətraflarda “X”-vari və “O”-vari əyriliklər, boy artımının azalması, hipotoniya, hərəkət gerilikləri kiçik uşaq yaşlarında təsadüf olunan əlamətlərdir. Digər yaşlarda və böyüklərdə isə D vitamini çatışmazlığı tez yorulma, çox tərləmə (xüsusən gecələr), əsəbilik, ətraflarda ağrılar, tez-tez xəstələnmə, soyuqdəymə, infeksiyaların artması şəklində özünü büruzə verir. Valideynlər uşağın inkişafında gecikmə, boy artımının ləngiməsi, tez yorulma, ayaqlarda dəyişiklik, ağrılar və tez-tez xəstələnmə gördükdə, diaqnozu dəqiqləşdirmək və riskləri aradan qaldırmaq üçün mütləq pediatra müraciət etməlidirlər. D vitamini çatışmazlığının klinik əlamətləri varsa, vaxtında aşkar etmək və geri dönməz sümük dəyişiklikləri yaranmadan müalicəyə başlamaq çox zəruridir. Çünki çatışmazlıq uzun müddət davam etdikdə, sümüklərdə dəyişikliklər yarandıqdan sonra müalicə başlansa belə, geri dönməz zədələnmələr qala bilir. Günümüzdə xüsusilə həyat tərzi fərqləri, qadınların geyim tərzi və evdə çox zaman keçirməsi D vitamini azlığının əsas səbəblərindəndir. Xüsusilə, qapanan qadınlar, günəşin faydalarından istifadə etməyən insanlar, artıq çəkili, piylənmə, sorulmama sindromu olan şəxslərdə, D vitaminin mübadiləsinə təsir edən dərmanlar qəbul edənlərdə D vitamininin azlığı araşdırılmalı, nəticələr dəqiqləşdirilərək həkim təyinatı əsasında profilaktik və ya müalicə dozasında təyin edilməlidir”.Nigar Bayramova qeyd edib ki, D vitamininin profilaktikası təmin olunmamışsa, risk amilləri varsa və D vitamini defisiti aşkarlanmışsa, gecikdirmədən müalicəyə başlanmalıdır.Ülkər Cəlilzadə / Metbuat.az