AZ

Səhər boyun ağrısının səbəbi nədir?

ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Səhərlər boyun ağrısı ilə oyanmaq çox vaxt yastıq və ya yatış pozası ilə əlaqələndirilsə də, bu problemin altında daha ciddi sağlamlıq səbəbləri dayana bilər. 

Qaynarinfo xəbər verir ki, mütəxəssislərə görə, gecə yuxu zamanı fərqinə varmadan edilən diş sıxma və qıcırdatma (bruksizm) hərəkətləri boyun əzələlərində gərginlik yaradır və ağrıya səbəb olur.

Tür həkim Rana Turunç bildirir ki, bruksizm bütün yaş qruplarında rast gəlinən bir haldır və xüsusilə 20 yaşdan sonra daha geniş yayılır. Araşdırmalar göstərir ki, uşaqlarda bu problem 10-50 faiz arası, böyüklərdə isə 5-90 faiz arası müşahidə olunur.

Bruksizmin əsas əlamətləri səhərlər çənə və baş ağrısı, boyun və üz əzələlərində gərginlik hissidir. Uzunmüddətli hallarda isə çeynəmə əzələsinin böyüməsi nəticəsində üz quruluşunda dəyişiklik, asimmetriya və kvadrat şəkilli üz forması yarana bilər. Həmçinin, dişlərdə aşınma, çatlamalar, həssaslıq və dolğuların qırılması da tez-tez baş verir. Bəzi xəstələrdə qulağa yayılan ağrı, səs-küy və yuxu keyfiyyətinin pisləşməsi də görülə bilər.

Diaqnoz adətən xəstənin şikayətləri və klinik müayinə əsasında qoyulur. Daha dəqiq təsdiq üçün polisomnoqrafiya (yuxu testi) və elektromioqrafiya (EMQ) aparılır. Bu testlər yuxu zamanı çənə əzələlərinin fəaliyyəti və gücünü ölçür.

Bruksizmin müalicəsi hər zaman tələb olunmur, amma dişlərdə ciddi aşınma, çənə oynağında ağrı və ya çeynəmə əzələlərində problemlər varsa, müdaxilə vacib sayılır. Əgər səbəb stressdirsə, psixoloji dəstək, relaksasiya məşqləri və həyat tərzi dəyişiklikləri faydalı ola bilər. Yuxu rejimini yaxşılaşdırmaq, axşam saatlarında stimullaşdırıcı içkilərdən uzaq durmaq və yatmazdan əvvəl fiziki fəaliyyəti azaltmaq da məsləhətdir.

Ən geniş yayılmış müalicə üsullarından biri gecə plaklarıdır (splint). Şəffaf materialdan hazırlanan bu xüsusi diş aparatları dişlərin bir-birinə sürtünməsinin qarşısını alır, çənə əzələlərini boşaldır və oynağa düşən yükü azaldır. Lakin standart hazır plaklardan istifadə etmək əvəzinə, diş həkimi tərəfindən fərdi olaraq hazırlanan modellər üstünlük təşkil edir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, müalicə olunmayan bruksizm uzun müddətdə ürək-damar xəstəlikləri, yüksək təzyiq və yuxu apnesi kimi daha ciddi sağlamlıq problemləri ilə əlaqəli ola bilər. Buna görə də səhərlər boyun və çənə ağrısı, baş ağrısı və ya diş sıxma əlamətləri yaşayan şəxslərin mütləq mütəxəssisə müraciət etməsi tövsiyə olunur.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
qaynarinfo.az

1Mənbələr