AZ

Narkotiksiz gələcək üçün qətiyyətli addımlar

Narkomaniya bəşəriyyətin ən böyük bəlalarından biridir. Adlandırılmasından asılı olmayaraq dünyanı cənginə alan narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi bütün dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisə sayılır. Onun vurduğu saysız-hesabsız ziyanın həcmi çox böyükdür və praktiki olaraq heç bir ölçüyə sığmır. Bunlar narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyası, sağlamlığına və mənəviyyatına sarsıdıcı yara vurulması, müxtəlif cinayətlərin törədilməsinə təkan, cəmiyyətin inkişafının geri qalması, maddi-texniki və intellektual potensialının aşağı düşməsi, genofondun zərər çəkməsi və bir çox digər hallardır.

Hazırda narkotiklə mübarizə dünyanı düşündürən ən aktual məsələlərdən biridir. Azərbaycanda narkomaniya ilə mübarizə, qanunsuz narkotik dövriyyəsinin və narkotikadan istifadə hallarının qarşısının alınması daim aidiyyəti dövlət qurumlarının diqqət mərkəzindədir. Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsində münasibətləri tənzimləyən və ya bu sahə ilə bağlı bir çox qanun, Azərbaycan Respublikası Prezidentinin fərmanları, sərəncamları, Nazirlər Kabinetinin Qərar və sərəncamları, o cümlədən Ali Məhkəmənin plenumunun qərarları qəbul edilib ki, bu hüquqi və rəsmi sənədlərin icrası dövlətin daim diqqətindədir.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı qəbul edilmiş və uğurla icra olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin göstərişlərini, eləcə də digər hüquqi-normativ sənədləri rəhbər tutaraq rayon icra hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyası tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar 2025-ci ildə ictimai maarifləndirmə işləri genişləndirilmiş, antinarkotik təbliğat və digər təşkilati-hüquqi tədbirlər həyata keçirilmişdir.

Bu ilin ilk 9 ayı ərzində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair qanunvericiliyə uyğun olaraq rayonda bir sıra tədbirlər həyata keçirilmişdir.

Bu ilin ilk 9 ayı ərzində rayonda Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizəni daha da gücləndirmək üçün rayon icra hakimiyyəti, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektoru, rayon Polis Şöbəsi, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayon sektoru, Astara Pedaqoji Kolleci, rayon mədəniyyət müəssisələri, YAP Gənclər Təşkilatı, rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Astara Gəncləri Evi sosial xidmət müəssisəsi, rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi, həmçinin müxtəlif qeyri-hökümət təşkilatlarının birgə kompleks tədbirlər planına uyğun olaraq müxtəlif mövzularda tədbirlər keçirilmişdir.

Bu tədbirlərdə 2000 nəfərdən çox gənc iştirak etmişdir. Burada “Narkomaniyaya qarşı mübarizə”, “Narkotiklərsiz həyat”, “Narkomaniya bəşəriyyətin faciəsidir”, “Narkomaniya uçuruma aparan yoldur”, “Zərərli vərdişlər sağlamlıq üçün təhlükədir”, “Narkomaniyaya yox deyək” “Sağlam bədəndə, sağlam düşüncə olar”, “Dünya Tütünsüz Günü”, “Sağlam həyat tərzi”, “Sağlamlığımızı qoruyaq” “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” mövzularında məruzə və mühazirələr oxunmuş, söhbətlər aparılmış, seminar müşavirələr keçirilmiş, foto və rəsm sərgiləri təşkil olunmuş, gənclərə rayon Komissiyası tərəfindən hazırlanmış müxtəlif buklet və broşuralar paylanılmışdır.

Rayonda fəaliyyət göstərən ümumtəhsil müəssisələrindən Ərçivan qəsəbə 2 saylı, şəhər 3 saylı, şəhər 5 saylı, Şahağac kənd 2 saylı, Şuvi, Siyaku, Çayoba, Təngərüd və Sım kənd tam orta məktəblərində “Narkomaniyaya yox deyək” adı altında tədbirlər keçirilmiş, şagird və tələbələrə narkomaniya və narkotik vasitələrin ziyanları barədə ətraflı məlumatlar verilmişdir.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə işini daim diqqət mərkəzində saxlayan rayon komissiyası Astara Pedaqoji Kolleci, Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Heydər Əliyev Mərkəzi, mədəniyyət müəssisələri və ümumtəhsil məktəblərində yeniyetmə və gənclər arasında narkomaniyanın yayılmasının qarşısını almaq məqsədilə müxtəlif tədbirlər, dəyirmi masalar təşkil etmiş və profilaktik söhbətlər aparılmışdır. Bundan başqa həyata keçirilmiş hərbi vətənpərvərlik oyunları, kütləvi idman yarışları gənclərin asudə vaxtının səmərəli təşkilinə, sağlam həyat tərzinin formalaşmasına və zərərli vərdişlərin qarşısının alınmasına yönəldilmişdir.

Narkomaniyaya qarşı mübarizədə Astara Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində narkoloji kabinet fəaliyyət göstərməkdədir. Narkoloji kabinet tərəfindən narkotik vasitələrdən istifadə edənlərin qeydiyyatı aparılır. Bu ilin ilk 9 ayı ərzində 91 nəfər narkoman, 25 nəfər alkoqolizmdən əziyyət çəkən, bundan əlavə yetkinlik yaşına çatmamış 1 nəfər narkoman profilaktiki qeydiyyata götürülmüşdür.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı rayon ərazisində aşkarlanmış 40 fakt narkotik vasitələrin qanunsuz satışı (20), əldə olunması, saxlanılması (18) və narkotik tərkibli bitkilərin əkilib becərilməsi (2) ilə bağlı olmuşdur.

Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya edilməsi və yabanı halda yayılması hallarının qarşısının alınması üzrə “Xaş-xaş 2025” şərti adı altında kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu ilin ilk 9 ayı ərzində 7 kq 778.1 qram heroin,      63 kq 210.1 qram marixuana, 0.823 qram (103 ədəd) tramadol, 23.6 qram psixotrop maddə və 6 kol (305 qram) xaş-xaş, 5 kol (260 qram) çətənə bitkisi dövriyyədən çıxarılmışdır. Narkotik tərkibli kollar növbəti aylarda tam olaraq cücərdiyindən bu barədə keçirilmiş əməliyyatların sayı hal-hazırda azlıq təşkil edir.

Azərbaycan Respublikasının ərazisində, eləcə də Astara rayonunda narkomanlığın yayılmasının səbəblərindən biri də narkotik vasitələrin qonşu dövlətlərdən qaçaqmalçılıq yolu ilə müxtəlif vasitələrlə ölkəmizə gətirilməsidir. Astara rayonunun İran İslam Respublikası ilə 100 km-ə yaxın quru sərhədi, 20 km-lik dəniz sərhədi olduğundan qaçaqmalçılıq yolu ilə ölkəmizə narkotik vasitələrin gətirilməsinin qarşısını almaq məqsədilə rayon Polis Şöbəsi, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti ilə birgə ciddi tədbirlər görülür.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon Komissiyası rayonda narkomanlığa, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəni daim nəzarətdə saxlamaqla, bu istiqamətdə zəruri olan bütün tədbirləri aidiyyəti idarə, müəssisə və təşkilatlarla qarşılıqlı əlaqəli şəkildə həyata keçirməklə, fəal gənclərin və ictimai təşkilatların yaxından köməyindən səmərəli istifadə etməlidirlər.

Narkotik maddələrin qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizə sahəsində dövlət orqanlarının rayonda fəaliyyət göstərən Ağsaqqallar Şurası, Gənclər təşkilatları, Veteranlar Şurası, Dini icmalar və digər qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq etməsi, qarşılıqlı əlaqəli işləməsi təqdirəlayiq hesab edilməlidir.

Hüquq-mühafizə orqanları ilə inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar qarşılıqlı fəaliyyət göstərməli, vətəndaşların hüquq və azadlıqları qorunmalı və qanunun aliliyi təmin olunmalıdır.

Nəticələr göstərir ki, bəşəri problem olan narkomaniya ilə mübarizədə ictimaiyyət nümayəndələrinin, ağsaqqalların, əhalinin bütün təbəqələrinin birgə mübarizəsi çox böyük əhəmiyyət daşıyır. Başqa sözlə, narkomaniyaya qarşı mübarizə ümumxalq işi olmalıdır. Yalnız bu halda biz gələcəyimizi bu bəladan qurtara bilərik.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon Komissiyasının bu sahədə fəaliyyəti xüsusi ilə əhatəlidir. Narkomaniya bəşəriyyətin mübarizə apardığı arzuolunmaz yoluxucu xəstəlik, sağlamlığın və mənəviyyatın qənimidir. Ona görə də hər kəs insanlığa bəla olan bu problemlə mübarizədə fəal olmalıdır.

Narkomaniya tələdir. Bu tələyə bir dəfə düşən insanın oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir.

Dövlət Proqramının müvafiq bəndlərinin icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar sağlam həyat tərzinin təbliği, asudə vaxtın təşkili məsələlərinə diqqətin artırılması və gənclər arasında antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə rayon Komissiyası bundan sonra da fəaliyyətinin səmərəliliyinin artırılmasına səy göstərəcəkdir.

Allahverən Mahmudov,
Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyanın sədri

Seçilən
4
ikisahil.az

1Mənbələr