AZ

Paşinyanın manipulyativ açıqlamaları yalnız daxili auditoriyaya hesablanıb

Ermənistan baş naziri Nikol Paşinyanın ABŞ və Azərbaycanla birgə imzalanmış sənədlər haqqında son açıqlamaları göstərir ki, İrəvan rəhbərliyi eyni vaxtda həm daxili auditoriyanı, həm də beynəlxalq tərəfdaşları məmnun etməyə çalışır

Sentyabrın 1-də Çində “ŞƏT plyus” formatında keçirilən görüşdə Prezident İlham Əliyev Zəngəzur dəhlizinin (TRIPP) Avrasiyanın nəqliyyat şəbəkəsi üçün əhəmiyyətindən danışarkən bildirib ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi (TRIPP) həm Orta Dəhlizin, həm də Şimal–Cənub dəhlizinin vacib seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək. Lakin Prezident İlham Əliyevin Zəngəzur dəhlizi (TRIPP) ifadəsi Ermənistanın baş nazirini yenə narahat edir. Paşinyan açıqlamasında vurğulayıb ki, Azərbaycan Prezidentinin seçdiyi ritorika Vaşinqtonda əldə olunan razılaşmaların ruhuna uyğun gəlmir. O, həmin razılaşmanı “Trampın Sülh və Rifah Marşrutu” adlandıraraq, məhz bu adın dialoq mühitinə müsbət təsir göstərə biləcəyini bildirib.

Məlumdur ki, Ermənistan cəmiyyətində “dəhliz” məsələsi həssas və seçkiqabağı siyasi alətdir. Paşinyan seçkilərə qədər bu kəlməni arxa plana atmaqla öz mövqeyini qorumağa çalışır, “piyada” mövqeyində “vəzir” gedişi etməyi planlaşdırır. Lakin paradoks ondadır ki, qadağa qoymaq əks təsir yaradır. Trampın Vaşinqton görüşü zamanı, sadəcə, üç dəfə “dəhliz” sözünü deməsi kifayət etdi ki, Paşinyanın bütün arqumentləri havada qalsın. İrəvan rəhbərliyi üçün problem “dəhliz” kəlməsinin işlədilməsi deyil, həmin dəhlizin artıq real siyasi və iqtisadi gündəliyin bir hissəsinə çevrilməsidir. Paşinyan hələ də bu reallıqla barışmaq əvəzinə, “linqvistik qətiyyət” göstərərək, “dəhlizi” yola çevirməyə çalışır.

Bu günlərdə Ermənistan baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı ABŞ və Azərbaycanla birgə imzalanmış sənədlər haqqında danışıb. Baş nazir yenə də Ermənistan cəmiyyətində hələ də güclü olan revanşist və radikal qrupların təzyiqindən ehtiyat edərək “dəhliz” kəlməsini işlətməkdən çəkinib. O, beynəlxalq arenada imzaladığı öhdəlikləri “maneəsiz yol”, “konstruksiya hüququ” kimi terminlərlə yumşaldaraq təqdim edir. Lakin real vəziyyətdə Ermənistan öhdəlik götürüb və bu layihələrin həyata keçirilməsi qaçılmazdır. Bu isə ziddiyyətli və manipulyativ mövqelərin ortaya çıxmasına səbəb olur. ABŞ prezidenti ilə imzalanmış TRIPP layihəsi və Zəngəzur üzərindən keçəcək dəhliz məsələləri Ermənistanın artıq strateji öhdəlik götürdüyünü təsdiqləyir. Lakin Paşinyan bu öhdəliklərin mahiyyətini yumşaldaraq ictimaiyyətə fərqli təqdim edir.

Əslində Vaşinqtonun layihəyə qoşulması onu göstərir ki, TRIPP sadəcə regional razılaşma deyil, qlobal enerji, nəqliyyat və təhlükəsizlik layihəsidir. ABŞ kimi böyük bir güc 99 illik perspektivdə sərmayə yatırırsa, bu, yalnız uzunmüddətli hüquqi təminat olduqda mümkündür. Trampın vurğuladığı kimi, 99 illik razılaşma müddəti gələcəkdə də uzadıla bilər. Bu, beynəlxalq müqavilə praktikasında normaldır. Çünki investor qoyduğu sərmayənin geri dönüşünü və təhlükəsizliyini təmin etmək istəyir. Paşinyanın “bizdə yolun icarəsi yoxdur, bizdə yalnız “konstruksiya hüququ” var” açıqlaması isə daxili ictimai rəyi çaşdırmaq üçün istifadə olunan manipulyasiyadır. Hüquqi terminlər fərqli olsa da, məzmun eynidir: Ermənistan bu yolları uzunmüddətli istifadəyə verir, müqabilində isə sərmayə və beynəlxalq dəstək alır. Əslində “konstruksiya hüququ” modeli icarədən daha sərt öhdəlik yaradır. Paşinyanın bunu “suverenlikdən imtina etmirik” kimi təqdim etməsi sadəcə siyasi jestdir.

Digər tərəfdən, Paşinyan bir tərəfdən “Zəngəzur dəhlizi olmayacaq” deyir, digər tərəfdən isə “maneəsiz yol” anlayışından istifadə edir. Halbuki beynəlxalq hüquqda “maneəsiz yol” ilə “dəhliz” arasında prinsipial fərq yoxdur. Hər iki halda tranzit təmin edilməli, sərnişin və yük daşımaları dayanmadan həyata keçirilməlidir. Azərbaycanın mövqeyi isə aydındır: Naxçıvanla əsas ərazilər arasında etibarlı, beynəlxalq zəmanətli dəhliz açılmalıdır. Bu tələb 2020-ci il 10 noyabr bəyanatında və sonrakı sənədlərdə də təsbit olunub. Əgər Paşinyan deyirsə ki, bütün bu proseslər 5 prinsip əsasında – ərazi bütövlüyü, suverenlik, yurisdiksiya, qarşılıqlılıq və sərhədlərin toxunulmazlığı çərçivəsində həyata keçiriləcək, deməli, o, Azərbaycanın mövqeyini rəsmən qəbul edir.

Xatırladaq ki, Vaşinqton Bəyannaməsində açıq şəkildə vurğulanır ki, Azərbaycanla Naxçıvan arasında maneəsiz keçid təmin edilməlidir. Bu dəhliz təkcə iki bölgəni birləşdirən yol deyil, həm də böyük geosiyasi əhəmiyyət daşıyır. O, Orta Dəhlizin bir hissəsi kimi Avropa ilə Şərq arasında yüklərin daşınmasında mühüm rol oynayacaq. Buradan yalnız Azərbaycan yox, Ermənistan da fayda götürəcək. Uzun illər işğalçı siyasətinə görə regional layihələrdən kənarda qalan Ermənistan, əgər real inteqrasiya istəyirsə, ilk addımı Qafqazdan atmalıdır. Çünki Qafqazda yerləşən, amma regional layihələrdən kənarda qalan yeganə ölkə Ermənistandır.

Sevinc Azadi, “İki sahil”

Seçilən
1
ikisahil.az

1Mənbələr