Yanvar ayında Gəncə Regional Kollecinə direktor təyin olunan Xoşqədəm Xudiyevanın fəaliyyəti ilə bağlı bir sıra narazılıqlar var.
İddialara görə, direktor kollecdə rəhbərliyə başladığı ilk gündən əməkdaşları yerli-yersiz təhdid edir, aylıq yazılan mükafatları kəsir və yalnız ona “xəbərçilik” edənlərə üstünlük tanıyır.
Kollecdəki vəziyyətlə bağlı Editor.az-a məlumat verən müəllimlər iddia edir ki, müəllimlərin dərs saatları ədalətsiz şəkildə azaldılır və direktorun istədiyi şəxslərə verilir. Etiraz edən işçilərin isə ya işdən azad edildiyi, ya da vəzifədən aşağı salınaraq sərt töhmət aldığı bildirilir. Üstəlik, direktorun orta ixtisas təhsilli işçiləri işdən çıxarmaqla hədələdiyi halda, üç orta ixtisas təhsilli müəlliməni fənn birləşmə sədri vəzifəsinə təyin etdiyi də qeyd olunur.
Məlumatlara görə, iki nəfər əsassız səbəblərlə işdən çıxarılıb, onlar məhkəməyə müraciət edib və müxtəlif hakimlərin sədrliyi ilə keçirilən proseslərdə qalib gəliblər.
İddialar arasında həmçinin kollecin ərazisində nəhəng ağacın direktorun göstərişi ilə kəsilməsi, xaricdə təhsil alan tələbəyə məzun əmri verilməsi, eləcə də işçinin öz hesabına təmir etdirdiyi otağın əlindən alınaraq açarının götürülməsi də yer alır.
Narazılıqlar arasında diqqətçəkən başqa bir məqam isə direktorun arxasında müəyyən şəxslərin dayandığı barədə deyilənlərdir. İddialara görə, Xoşqədəm Xudiyeva özü dəfələrlə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində çalışan müxtəlif vəzifəli şəxslər tərəfindən dəstəkləndiyini bildirib.
Hazırda kollecdə vəziyyətin gərgin olduğu və əməkdaşların aidiyyəti qurumların məsələyə müdaxiləsini gözlədiyi deyilir.
Məsələ ilə bağlı Editor.az Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə də sorğu ilə müraciət edib. Qurumdan bildirilib ki, agentliyə daxil olan bütün müraciətlər qanunvericiliyin tələblərinə uyğun araşdırılır və nəticəsinə uyğun tədbirlər görülür: “Qeyd edilən iddialarla bağlı rəsmi müraciət daxil olduğu halda araşdırma aparılır. Həmçinin oxşar hallarla üzləşən şəxslərin də məsələnin obyektiv həlli üçün rəsmi qaydada müraciət etməsi vacibdir”.
//Editor.az