AZ

Su, qaz və işığın qiyməti ilə bağlı mühüm xəbər Yaxın zamanlarda...

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda su tariflərinin gələcəkdə diferensiallaşdırılması ilə bağlı yayılan xəbər diqqət çəkib. Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov deyib ki, bu istiqamətdə plan var və məqsəd aztəminatlı ailələrlə çox su istifadə edən sahibkarlar arasında ədalətli bölgünü təmin etməkdir.

Sitat: “Bu, tariflərin qaldırılması demək deyil, sadəcə istifadəçilər arasında fərqləndirmə aparılmasıdır. Tariflərin artırılması barədə qərar vermək müvafiq qurumların səlahiyyətindədir”.

Sözügedən plan vətəndaşlara nə vəd edir? Həmçinin əhalini qaz və işıq tarifləri ilə bağlı nələr gözləyir? Artım ola bilərmi?

Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, qiymət artımının planlaşdırılması üçün əsaslı səbəblər olmalıdır:

“Bu səbəblər sırasında sudan qanunsuz istifadənin qarşısının alınması, səmərəli istifadənin təşviqi və digər faktorlar göstərilir. Lakin əslində bunlar kifayət qədər əsaslı görünmür. Əgər kimsə sudan qanunsuz istifadə edərək ödəniş vermirsə, buna görə birbaşa cəza tədbiri görülməlidir. Bundan əlavə, monitorinqlərin sayı artırılmalıdır. Bu məsələ Əmlak Məsələləri Dövlət Xidməti və bələdiyyələrin qarşılıqlı fəaliyyəti çərçivəsində də həll oluna bilər. Məsələn, konkret ərazidə yaşayan sakinlərin, su sayğaclarının sayı müəyyən edilməlidir. Ödənişdən yayınanların məsuliyyətini sadə vətəndaş daşımamalıdır”.

Günay Hüseynova

Ekspert qeyd edib ki, iqtisadi səmərəlilik baxımından diferensiallaşdırma tamamilə dövlət büdcəsi hesabına olmamalıdır:

“Minimum əmək haqqının artırılmasından sonra bu məsələ müzakirəyə çıxarıla bilər. Lakin artım faizləri hələ bəlli olmadığından, konkret iqtisadi təklif vermək mümkün deyil. Digər kommunal xidmətlərin tariflərində isə yaxın zamanda dəyişiklik gözlənilmir. Hər bir vətəndaş anlamalıdır ki, təbii ehtiyatlar tükənəndir və gələcək nəsillər üçün qorunub saxlanmalıdır. Bunlardan istifadə ediriksə, onun ödənişini də etməliyik. Çünki bu xidmətlərin göstərilməsi üçün müəyyən xərclər mövcuddur”.

İqtisadçı təklif edib ki, tarif dərəcələrində fərqli qiymət sistemi tətbiq edilsin:

“Bu zaman bina və həyət evləri, həmçinin torpağın kateqoriyasına görə fərqli yanaşma olmalıdır. Çünki binalarda su istifadəsi həyət evləri ilə müqayisədə daha azdır. Kənd təsərrüfatı təyinatlı sahələrlə tikinti təyinatlı torpaqların da eyni qiymətləndirilməsi doğru deyil. Əgər kimsə bağ və ya ağac sulamaq üçün gün boyu çoxlu su istifadə edirsə, amma sayğacı yoxdursa, bu, həm təbii ehtiyatın səmərəsiz istifadəsinə, həm də ödənişdən yayınmaya səbəb olur. Nəticədə isə ümumi su qiymətinin artmasına gətirib çıxarır. Buna görə də vətəndaşlar su sayğacının quraşdırılması üçün könüllü müraciət etməli, onlayn şəkildə müəyyən müddət ərzində qeydiyyatdan keçməlidirlər. Əks halda, protokol tərtib olunmalı və müvafiq cəza tədbirləri görülməlidir”.

Ləman İmran

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
1
globalinfo.az

2Mənbələr