AZ

Putin NATO nu test edir, belə getsə Kremlin əməliyyatları sel kimi artacaq

ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Bahalı raketlər ucuz dronları vura bilmir 

Polşa hökuməti yaxın günlərdə Rusiya və Belarusla sərhədə 40 minə yaxın hərbçi göndərmək qərarına gəlib. Bu barədə ölkənin müdafiə nazirinin müavini Sezari Tomçik bildirib. O qeyd edib ki, bu addım "Qərb-2025" Rusiya-Belarus hərbi təlimlərinin başlamasına adekvat cavab olacaq: "Ukraynada müharibə məhz belə, hərbi təlimlərlə başlamışdı. Ona görə də Polşa hərbçiləri buna hazırlaşır. Yaxın günlərdə sərhəddə 40 minə yaxın hərbçimiz olacaq". Xatırladaq ki, "Qərb-2025" təlimləri sentyabrın 12-16-da Belarusda keçiriləcək. 

“Nyu York Tayms” qəzeti yazıb ki, Rusiya PUA-larının Polşaya hücumu vəziyyətində ABŞ prezidenti Donald Tramp passiv müşahidəçi kimi çıxış etdi. Məqalədə qeyd edilib ki, Ağ Ev rəhbəri Rusiya PUA-larının Polşaya müdaxiləsi ilə bağlı heç bir sərt açıqlama verməyib, hətta sosial şəbəkələrdə qəribə paylaşımla kifayətlənib: "Rusiyanın Polşa hava məkanını PUA-larla pozması ilə bağlı nələr baş verir? Başlayır". Məqalədə vurğulanıb ki, bu, indiyədək hər kəsi Ukrayna və Yaxın Şərqdə sülhə yalnız onun nail ola biləcəyinə inandıran Trampın bu dəfə özünü müşahidəçi rolu ilə məhdudlaşdırmasının nümunəsi idi: "Bu, qəribə ziddiyyətdir. ABŞ prezidenti açıq şəkildə dünyada altı, hətta daha çox münaqişəyə müdaxilələrinə görə Nobel Sülh Mükafatına sahib olmağa can atır. Eyni zamanda isə deyir ki, bunun üçün çox da bir şey edə bilmir. Hətta "Nə etmək olar?" deyirərək çiyinlərini çəkir". Həmçinin əlavə edilib ki, Rusiya prezidenti Vladimir Putinin "qırmızı xətləri" keçmək üçün səbəbləri var. Çünki Alyaskada baş tutan görüşdən sonra Trampın vəd etdiyi Ukrayna və Rusiya prezidentlərinin birbaşa danışıqları və Rusiyaya qarşı sanksiyalar və s. heç biri həyata keçmədi. Polşada baş verən PUA insidenti ilə bağlı Rusiyanın Praqadakı səfiri Aleksandr Zmeyevski ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Çexiya xarici işlər naziri Yan Lipavski deyib ki, Çexiya bu məsələdə Polşanı tam dəstəkləyir. Zmeyevski XİN-də nazir müavini Yan Marianla görüşüb. Görüş təxminən 15 dəqiqə davam edib. Qeyd edək ki, 10 sentyabrda Rusiyaya məxsus PUA-lar Polşaya hücum etmişdi.

ReAL Partiyasının sədri Natiq Cəfərli Sherg.az-a deyib ki, Putin NATO-nu test edir, özü də, bu addımı ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) sammitindən sonra atır. Ekspert güman edir ki, Çin və Hindistan Rusiyaya orta əsrlərdə qala qapılarını açmaq, qırmaq üçün istifadə olunan "qoç başı" kimi baxır: 

"Kremlə ona görə dəstək verirlər ki, Moskva məhz bu funksiyanı yerinə yetirsin. Putinin bu rolu oynamaqdan başqa seçimi yoxdur. Çünki, Pekin və Dehlidən çox asılıdır. Qərb "qlobal cənubu" daha çox sıxmağa başlayan kimi, onlar da öz "qoç başları" ilə Qərbin qapısını, NATO adlı “qalasını” döyməyə başlayırlar. Rusiya rəsmi açıqlamalarda NATO ölkələrini hədəf almadığını dəfələrlə bəyan etsə də, təhlükə illyuziyası yaratmaqla, hibrit təsirləri artırmaqla NATO ölkələrini daha çox öz təhlükəsizlikləri haqqında düşünməyə, davranmağa vadar edir. Əgər Polşa, Rumıniya, Macarıstan və Baltik ölkələrinin hava məkanlarına daimi təhlükə olacaqsa, NATO əlavə "Patriot" hava müdafiə sistemlərini Ukraynaya verməyəcək, öz hava məkanının müdafiəsini gücləndirəcək. Rusiya üçün məqbul senari də məhz budur. Əlinizdə olanı Ukraynaya verməyin, özünüzə təhlükə var, öz hava məkanınızı qoruyun. Putin bu addımlarını artıracaq, dronlar daha tez-tez "təsadüfən" NATO ölkələrinə tərəf uçacaqlar. Polşaya 17 Rusiya dronlarının qalıqları düşüb. Dəqiq məlum olan budur ki, onların üçünü F-35 təyyarələri “AIM-9 Sidewinder” raketləri ilə vurub. Həmin raketin 1 ərədi 400 min avrodur, Polşa tərəfə uçan dronların dəyəri isə 30 min avrodur. NATO 90 min avro dəyəri olan 3 dronu vurmaq üçün 1,2 mln. avro xərcləyib. Təhlükə odur ki, Rusiya bir gündə 1000 ədər 30 min avroluq dronu istehsal edə bilər. 400 min avroluq “AIM-9 Sidewinder” raketinin istehsalı isə daha çətindir". 

N.Cəfərli hesab edir ki, NATO bu çağırışlara, təhlükələrə adekvat və sərt cavab verməsə, NATO-Rusiya “müharibəsi”  Rusiyanın üstünlüyü ilə davam edəcək: 

"Ukrayna ilə sərhəddə yerləşən NATO ölkələri dərhal qərar verməli, Ukrayna hava məkanını qapadılmalıdır. Bunun üçün əsaslar yaranıb, Rusiya Ukrayna üzərindən Polşaya dronlar göndərib. NATO belə bir addım atsa, Moskva geri çəkilmək haqqında düşünəcək. Yox əgər NATO "kağız aslan" olduğunu göstərsə, ancaq boş-boş bəyanatlar versə, Kremlin əməliyyatları daha da artacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
1
sherg.az

2Mənbələr