AZ

Paytaxtda “at oynadan” MTK-lar - dövlət “mənzil mafiyası"nı çökdürməsə...

Tikinti şirkətlərindən ev almaq əlçatmaz olub: qiymətlər absurd, reallıqdan uzaq...; hüquqşünas audit yoxlamalara çağırdı 

Son illər tikinti şirkətlərindən mənzil almaq əlçatmaz problemə çevrilib. Çünki qiymətlər o dərəcədə absurd, reallıqlardan uzaq və əhalinin gəlirlərinə tərs-mütənasibdir ki, yalnız varlılar MTK-lardan ev almağa yaxınlaşa bilərlər. Söhbət paytaxtda mənzilin kvadratının minimum 2000 manatdan başlanmasından gedir. 

Eyni zamanda, təklif edilən kredit şərtləri də günümüzlə, vətəndaşların aldığı məvaciblə nəinki uyğun gəlmir, ortada böyük uçurum var. Ona görə də gənclər ailə qurmaq, mənzil sahibi olmaqda çətinlik çəkirlər. Maraqlıdır ki, tikinti şirkətlərinin qoyduğu qiymətlər nə tənzimlənir, nə aidiyyatı qurumlar müdaxilə edir, nə əmlak bazarına uyğunlaşdırılır. Sanki mənzil sektorunda bir anarxiya yaranıb və hər bir firma istədiyi məbləği müəyyən edə bilir. Bu da ciddi narazılıqlar doğurur. 

Məsələn, Bakının mərkəzində mənzillərin kvadratı 4000-5000 manatdan başlanır. Halbuki sökülən evə görə kompensasiya hər kvadratına 1500-2000 manat ödənilir. Paytaxtın Nərimanov, Gənclik və bu kimi ərazilərində isə yeni binalardan evlərin qiyməti 3000-3500 manatdan başlanır. Şəhərin Qaraçuxur, Bakıxanov, Yeni Günəşli, Qara Qarayev və digər ərazilərində isə 2000-2500 manatdan aşağı tapmaq mümkün deyil. 

Mənzil almaq istəyən isə 60-65 kvadratlıq ev üçün 20-25 illik kreditə girməli olur, nəticədə ikiotaqlı bir mülk ona 180-200 min manata, hətta bir qədər də baha başa gəlir. 

Bu, absurd deyilmi? Belə görünür ki, yalnız milyonçular bu mənzilləri ala bilərlər. Ona görə də dövlətin MTK-lərin qiymət siyasətinə müdaxilə etməsi haqda çağırışlar səslənir.

Hüquqşünaslar və əmlak mütəxəssisləri necə düşünürlər, dövlət orqanlarının bu prosesə qarışması, qiymətlərin tənzimlənməsində rolu mümkündürmü? 

Qeyd edək ki, 2025-ci ilin II rübündə mənzil bazarında qiymət indeksi I rübə nəzərən 1.1% artıb. Bu dövrdə ilkin mənzil bazarında qiymətlər 3.2%, təkrar mənzil bazarında isə 1.1% yüksəlib. 2025-ci ilin yanvar-iyun ayları ərzində ümumi mənzil bazarında qiymət indeksi 13.8%, o cümlədən ilkin mənzil bazarında 12.9%, təkrar mənzil bazarında isə 13.8% artıb.

294229688_1909725272559867_7794479901737018851_n.jpg

Cavidan Osmanlı

Vəkil Cavidan Osmanlı mövzu ilə bağlı “Yeni Müsavat”a belə şərh verib: “Ölkədə mənzil sahibi olmaq, xüsusən də şəhər mərkəzində mənzilə sahib olmaq üçün ən azı 150-200 minə yaxın pul lazımdır. Burada dövlət tənzimləməsi, hüquqi prosedur necə olur. Qiymətlər dövlət tərəfindən müəyyən olunan bəzi məqamlar var ki, mənzil bazarı buna aid deyil. Bizdə azad bazar iqtisadiyyatıdır. Mənzil qiyməti tikinti şirkətləri tərəfindən sərbəst şəkildə təyin olunur. Buna dövlət tərəfindən hər hansı müdaxilə etmək olmazmı, əlbəttə mümkündür. Birincisi məsələ burada monopoliya şəraitinin yaranmasıdır. Hazırda Rəqabət Məcəlləsi hazırlanır, bu dəqiqə tətbiqi yoxdur, bunun əvəzində antiinhisar fəaliyyətə qarşı qanun layihəmiz var, o tətbiq olunur. Tikinti bazarı bir neçə tikinti şirkətinin əlində cəmlənib. Onlara qarşı həmin qanununun müddəalarını tətbiq etmək olar. Bundan əlavə, tikinti şirkətlərinin tikinti üçün ayırdığı malların maya dəyərini süni olaraq yuxarı göstərməsinə qarşı audit yoxlamaları da həyata keçirilə bilər. Beynəlxalq təcrübədə biz görmüşük ki, mənzil qiymətlərinin həddən artıq yüksək olduğu vaxt dövlət tərəfindən sosial layihələr həyata keçirilir. Bunlar güzəştli mənzil, güzəştli ipotekalar tələb təklif məsələsinə təsir edir və vətəndaşlar məcbur deyil ki, tikinti şirkətləri tərəfindın satılan mənzilləri almağa məcbur deyil. Hətta gənc ailələr güzəştli şərtlərlə ev ala bilirlər. Bizdə də belə güzəştli şərtlərlə evlər təklif edilərsə, mənzillərin qiymətinin aşağı düşməsinə səbəb olacaq. 

Amma bir məsələni də deyim: tikinti bazarına birbaşa dövlət müdaxiləsi o qədər də arzuolunan deyil. Hazırda şəhərdə çox sayda mənzillər tikinti şirkətləri tərəfindən inşa edilir. Bu, bəzən pilot layihələr əsasında, bəzən isə torpaq sahələrinin satılması müqabilində həyata keçirilir. Yəni tikinti şirkətləri investisiya əsasında bu işləri görürlər. Birbaşa dövlətin tənzimləmələri tikinti şirkətlərinin motivasiyasına təsir ediləcək və nəticədə bazarda müəyyən durğunluq yarana bilər. Çünki tikinti bazarında kifayət qədər şəxs çalışır, işçi qüvvəsi var. Birbaşa dövlət müdaxiləsi doğru olmaz. Azad bazar iqtisadiyyatı şəraitində ən optimal yol sosial layihələrin genişləndirilməsidir. Unutmayaq ki, tikinti sektorunda kifayət qədər insanlar çalışır. Bu sahədə həm işçi qüvvəsi formalaşıb, həm də onların qazancı birbaşa tikinti sənayesindən asılıdır".

Həyət

Elnur Fərzəliyev 

Əmlak üzrə ekspert Elnur Fərzəliyev isə bildirib ki, son dövrlərdə daşınmaz əmlak bazarında qiymət artımının əsas səbəblərindən biri torpaq sahələrinin bahalaşması ilə bağlıdır. Onun sözlərinə görə, fərdi yaşayış evlərinin tikintisinə dair qanunvericilikdə edilən dəyişikliklər qiymətlərə birbaşa təsir göstərib. Belə ki, 2023-cü ilin oktyabr ayından etibarən qüvvəyə minən yeni tələblərə əsasən, yalnız çıxarışı (rəsmi sənədi) olan torpaq sahələrində fərdi ev tikintisinə icazə verilir. Əgər vətəndaş çıxarışı olmayan torpaq üzərində ev inşa edərsə, həmin yaşayış obyektinə mühüm kommunal xidmətlər - su, qaz və işıq - çəkilmir. Bu isə xüsusilə Bakı, Abşeron və digər iri şəhərlərdə çıxarışlı torpaqların məhdudluğu fonunda onların qiymətlərinin sürətlə yüksəlməsinə səbəb olub.

Ekspertin fikrincə, tikinti materiallarının bahalaşması isə ümumi tikinti dəyərinə nisbətən az - təxminən 5-10% civarında - təsir göstərir. Əsas yük torpaq sahələrinin bahalı olması və işçi qüvvəsinin qiymət artımı ilə bağlıdır. Bundan əlavə, Fərzəliyev qeyd edir ki, iri şəhərlərdə çoxmənzilli binaların tikintisi üçün münasib torpaq sahələrinin qalmaması tikinti şirkətlərini alternativ yollara yönəldib. Hazırda çox zaman köhnə binalar sökülərək, onların yerində yeni və daha çoxmərtəbəli binalar inşa olunur. Bu isə əlavə xərclər - sakinlərin köçürülməsi, kirayə haqlarının ödənilməsi və onlara yeni, tam təmirli mənzillərin verilməsi - yaradaraq, layihənin ümumi maya dəyərini artırır. Nəticə etibarilə, şirkətlər bu xərcləri kompensasiya etmək və qazanc əldə etmək üçün mənzilləri daha yüksək qiymətə satışa çıxarmağa məcbur qalırlar.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Seçilən
6
4
musavat.com

5Mənbələr