AZ

İlk sevgilər, təsadüfi zənglər, uzun-uzadı söhbətlər - Ev telefonları tarix olur?

Son on ildə Azərbaycanda stasionar telefonlardan istifadədə nəzərəçarpan azalma müşahidə edilir. Bəzi insanlar üçün stasionar telefon artıq sosial simvol və nostalji element kimi qəbul olunur.

“Elə bilirəm evdə telefon olmayanda ev tam olmur”. Bu cümləyə sosial şəbəkədə rast gəlmişdim. Doğrudan da, bir dövrün insanları üçün ev telefonu sadəcə rabitə vasitəsi deyil, evin bir üzvü idi. Hətta evin ən dəyərli əşyalarından idi. Əksəriyyətinin evində dəhlizdəki örtüklü balaca masanın üzərində dayanardı. Bəzən uzun-uzadı danışıqlarla, bəzən də bir zənglə sevindirərdi. Amma ev telefonları da zamanla dəyişdi, inkişaf yolu keçdi. Əvvəlcə fırlanan nömrə diski ilə evlərimizə təşrif buyurdu. Onun səsi hələ də o dövrün insanlarının qulaqlarındadır. Sonra düyməli modellər, bir az da inkişaf edib gələn zəngdə nömrəni göstərənlər, ardınca simsiz, otaqlar arasında daşınan telefonlar gündəmə gəldi. İndi isə “səssiz”dir... Demək olar ki, heç işlənməyən, amma yenə də evin bir küncündə yerini qoruyan...

“Ev telefonu ilə danışmaq üçün çox darıxmışam. Telefonun yanında bir də telefon kitabçamız vardı. Hər kəsin adı və qarşısında nömrəsi olurdu. İndi o telefonla danışmasam da, onu ləğv etməyə qıymıram. Yanında kitabçası ilə səssiz, sakit evimin bir küncündə dayanır”.

Bu fikirlər ev telefonundan imtina etməyə qıymayan Gülşənə məxsusdur. Ülkər də Gülşən kimi ev telefonundan istifadə etməsə də, onu ləğv etməyə qıymayan istifadəçilərdəndir: “İllərdir o telefonla heç kimlə danışmıram. Zəng də gəlmir, səsini belə unutmuşam. Hər ay boş-boşuna aylığını ödəyirəm, amma ləğv etməyə əlim gəlmir. Deyirəm, bəlkə nə vaxtsa lazım olar?!”

İlk sevgilər, təsadüfi zənglər, uzun-uzadı söhbətlər

Təkcə Gülşən və Ülkər deyil, bir çox insan üçün ev telefonu artıq istifadə olunmayan, amma imtina edilə bilinməyən bir əşya kimi evin küncündə, kimisinin də şkafında qalıb. Emosional bağ, keçmişin xatirələri, bir zamanlar onun vasitəsilə alınan vacib zənglər, danışılan söhbətlər bu cihazı evdən tam çıxarmağa imkan vermir. Hər nə qədər texnologiya dəyişsə də, bəzən insanlar bəzi əşyaları yalnız funksiyasına görə deyil, simvolik mənasına görə də saxlayırlar. Bir çoxumuz üçün ev telefonu dedikdə uşaqlığımız, ailəvi söhbətlər, ilk sevgilər, təsadüfi zənglər və ya gözlənilməz xəbərdarlıqlar yada düşür. Texnologiyanın sürətli inkişafı və mobil rabitənin genişlənməsi nəticəsində stasionar telefonlar həyatımızda get-gedə kölgədə qalan bir simvola çevrilib.

Ev telefonu çəkdirmək neçəyədir?

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Kollegiyasının qərarına əsasən, hazırda ev telefonu çəkdirmək 30 manata başa gəlir. Bu tarifə telefon nömrəsinin verilməsi, habelə 100 metr məsafəyədək telekommunikasiya şəbəkəsinə qoşulma (yenidən qoşulma) ilə bağlı bütün xərclər daxildir. Aylıq abunə haqqı isə əhali üçün 3,5 manat, qeyri-əhali üçün 7 manat təsdiq edilib.

“213 min 731 nəfər stasionar telefonlardan imtina edib”

Maraqlıdır, hazırda Azərbaycanda stasionar telefonların sayı nə qədərdir və daha çox hansı bölgədə istifadə olunur? Bu suallarla Dövlət Statistika Komitəsinə müraciət etdik.

Komitədən “Kaspi” qəzetinə verilən məlumata görə, 2023-cü ildə mənzillərdə olan sabit şəbəkə telefonlarının sayı 1 milyon 308 min 965, 2024-cü ildə isə 1 milyon 095 min 234 olub. Bir il ərzində 213 min 731 nəfər stasionar telefonlardan imtina edib. 1990-cı ildən 2014-cü ilə qədər isə bu say artan xətlə davam edib.

Seçilən
32
3
publika.az

10Mənbələr