AZ

Qadınlarımız əsgərliyə getsə... - gender bərabərliyi, yoxsa?.. 

Ölkədə zərif cinsin nümayəndələrinin orduya könüllü yazılması üçün hüquqi baza formalaşa bilər - rəy

Yaponiya Müdafiə Nazirliyi qadınların ölkənin silahlı qüvvələrinə qəbulu ilə bağlı son məhdudiyyətləri aradan qaldırıb. Belə ki, avqustun 1-dən etibarən qadınlar hətta nüvə, bioloji və kimyəvi müdafiə bölmələrində də xidmət edə biləcəklər. 

Latviyanın müdafiə naziri Andris Spruds isə bəyan edib ki, ölkənin təhlükəsizliyini möhkəmləndirmək və silahlı qüvvələrin gücünü artırmaq məqsədilə 2028-ci ildən qadınların da məcburi hərbi xidmətə cəlb olunması planlaşdırılır. 

Xatırladaq ki, bir çox xarici ölkələrdə qadınların da kişilərlə bərabər məcburi hərbi xidmətə cəlb edilməsi təcrübəsi var. 

Məsələn, İsrail Qüvvələrində həm qadınlar, həm də kişilər üçün hərbi xidmət məcburidir. 2015-ci ildən Norveç bütün cəmiyyət üçün könüllü xidmət siyasətini dəyişərək qadınları da hərbi xidmətə məcbur edib. Şimali Koreyada isə qadınlar 17 yaşından başlayaraq hərbi xidmətə cəlb olunurlar. 

Efiopiyada da son illərdə qadınlar müəyyən yaşdan sonra hərbi xidmətə çağırıla bilirlər. Finlandiya isə qadınlar könüllü olaraq xidmət edə bilirlər. Lakin müəyyən hallarda məcburi çağırış tətbiq oluna bilər. Əsasən döyüş hazırlığı və rezervdə iştirak üçün nəzərdə tutulur.

Qərb ölkələrinin sosioloqlarına görə, qadınların hərbi xidmətə cəlb olunması yalnız təhlükəsizlik siyasəti deyil, həm də cəmiyyətin gender münasibətlərinin inkişaf göstəricisidir. Bu məsələ, bir tərəfdən, qadınların dövlətin müdafiə sistemində kişilərlə bərabər iştirakına imkan yaradır, digər tərəfdən isə onların ictimai statusunu gücləndirir. Yəni, qadınların orduya qoşulması gender bərabərliyi ideyasının praktik təcəssümüdür. Əgər qadınlar təhsil, biznes və siyasətdə kişilərlə eyni hüquqlara malikdirsə, müdafiə sahəsində də onların iştirakı sosial ədalətin bir hissəsi kimi qiymətləndirilməlidir. Bununla belə, qeyd olunur ki, məcburi hərbi xidmətlə könüllülük prinsipi arasında balansı qorumaq lazımdır. Çünki qadınların xidmətə könüllü qoşulması onların seçim azadlığını dəstəkləyir, məcburi xidmət isə cəmiyyətdə əks reaksiyalar doğura bilər.

Azərbaycana gəldikdə isə ölkəmizdə qadınların da hərbi xidmətə könüllü olaraq qatılması üçün hüquqi baza formalaşdırılması istisna edilmir. Bəs ölkəmizdə necə, qadınların nə zamansa məcburi həqiqi hərbi xidmətə cəlb edilməsi baş verə bilərmi? Bunu həqiqətən gender bərabərliyi hesab etmək olarmı?

Novella Cəfəroğlu

Mövzu ilə bağlı Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Yeni Müsavat”a deyib ki, qadınların da kişilər kimi məcburi hərbi xidmətə cəlb edilməsi gender bərabərliyinin göstəricisidir. “Gender bərabərliyi başqa məfhumdur, hərbi xidmətin məcburi olması isə dövlətin təhlükəsizlik siyasəti ilə bağlı məsələdir. Lakin onu deyə bilərəm ki, İsraildə qadınların məcburi hərbi xidmətə getməsinin özünəməxsus səbəbləri var. Məlumdur ki, İsrailin əhalisi azdır və bu ölkə daim müharibə və təhlükə riski ilə üz-üzədir. Ona görə də dövlətin təhlükəsizliyi naminə həm qadınlar, həm də kişilər hərbi xidmətə cəlb olunurlar. Bu, İsrailin müdafiə siyasətinin əsas tələblərindən biridir”, - deyə N.Cəfəroğlu bildirib.

Onun sözlərinə görə, İsraildə yaşayan üç qız nəvəsi hərbi xidmətdən keçib: “Onlardan biri tank sürüb, digəri hərbi təyyarədə uçub, üçüncüsü isə başqa sahədə xidmət edib. Bu fakt göstərir ki, İsraildə qadınlara da kişilərlə eyni etimad və məsuliyyət verilir. Üstəlik, İsraildə həm qadınlar, həm də kişilər hərbi xidməti başa vurduqdan sonra dövlət tərəfindən müxtəlif imtiyazlarla təmin olunurlar. Məsələn, ali məktəblərə qəbulda üstünlük qazanırlar, ilk növbədə işlə təmin olunurlar. Hətta çox vaxt gənclərin özləri ərizə yazaraq, hərbi xidmətə götürülmələrini xahiş edirlər. Çünki hərbi xidmətdən keçdikdən sonra əldə etdikləri təcrübə və dövlətin verdiyi güzəştlər onların gələcək həyatında mühüm rol oynayır”.

Onun fikrincə, Azərbaycana gəldikdə isə vəziyyət tamamilə fərqlidir: “Ölkəmizdə oğlanların sayı kifayət qədərdir, demoqrafik vəziyyət də normaldır. Yəni kişilərin sayı qadınların sayından daha çoxdur. Bu səbəbdən hesab edirəm ki, Azərbaycanda qadınların məcburi şəkildə hərbi xidmətə cəlb olunması heç vaxt baş verməyəcək. Bununla belə, əminəm ki, lazım gəldiyi təqdirdə, Azərbaycan qızları oğlanlarla bərabər Vətən uğrunda döyüşməyə hazır olacaqlar. Tariximizdə də bunun nümunələri var. Qızlarımız heç də oğlanlardan zəif deyillər, onların vətənpərvərlik ruhu, gücü və əzmi kifayət qədər yüksəkdir. O ki qaldı könüllülük məsələsinə, əlbəttə, hər kəsin seçim azadlığı var. Kim istəyirsə, könüllü şəkildə hərbi xidmətə yollana bilər. Onsuz da bu gün Azərbaycan qadınları cəmiyyətin müxtəlif sahələrində fəal şəkildə xidmət edirlər. Polis orqanlarımızda xanım əməkdaşlar var, xüsusi təhlükəsizlik orqanlarında qadınlarımız çalışır, fövqəladə hallarda qadın əməkdaşlarımız var, Vergilər Nazirliyində xanımlarımız uğurla fəaliyyət göstərir. Onların formalarına, peşəkar fəaliyyətlərinə baxanda fəxr edirik ki, bizim belə savadlı, güclü və iradəli qadınlarımız var”.

Hazırladı: Xalidə Gəray

Seçilən
33
musavat.com

1Mənbələr