Pis vərdiş virus kimidir, ondan xilas olmaq müşkül məsələdir. Amma mümkündür. Sadəcə, orası da var ki, bəzi insanlar özlərində vərdiş halını almış hərəkət və davranışlarına görə xəcalət çəkmək hissini yadırğayırlar. Eynən Ərdəbil şəhərinin cümə imamı Seyid Həsən Ameli kimi. ABŞ Prezidenti Donald Trampı təriflədiyinə görə Azərbaycan hakimiyyət nümayəndələrinin ünvanına cümə xütbəsində kəskin tənqidi fikirlər səsləndirən ağayi Seyid Həsən Amelinin fikrincə, Bakıdan Birləşmiş Ştatlar lderinin ünvanına səsləndirilən “əsl sülhpərvər”, “Nobel Sülh Mükafatına layiq” açıqlamalar, guya, İranda yaşayan azərbaycanlıların heysiyyətinə toxunub, hiddətinə səbəb olub.
Üstəlik, Ameli onu da “dəqiqləşdirir” ki, Ağ Ev sahibinin şəninə komplimentlər ABŞ Hərbi Hava Qüvvələri “İranın azəri rayonlarına” aviazərbələr endirəndən az sonra səslənib. Bunun “Təbriz, Urmiya, Zəncan və Ərdəbildə nifrət və etiraz əhvalının daha da güclənməsinə” səbəb olduğunu iddia edən cümə imamı xütbəsinə belə davam edib: “Bu insanlar Azərbaycan hökumətinin “azəriləri öldürən adamı tərifləyəcəyini heç gözləmirdilər”. Bununla da kifayətlənməyən imam Ameli Azərbaycan hakimiyyətini “Vaşinqtonla münasibətlərdə fayda axtarmaqdansa, İrandakı azərilərin (?) yaralarını sarımağa” çağırıb.
Həsən Amelinin bunların ardınca müsəlmanların müqəddəs saydıqları mehrabdan ərz etdikləri nə şəriəti-risalə ilə bir araya sığır, nə reallıqla üst-üstə düşür, nə də sağlam məntiqlə izah oluna bilər: “Qarabağ müharibəsində Azərbaycana məhz İran köməklik göstərib”. Xütbəsinin bu hissəsində cənab imam lap “gül vurub”. Bu bəyanatın həqiqətdən neçə kilometr kənar olduğunu hətta müharibə zonasından uzaqda yaşayan sıravi azərbaycanlıya başa salmağa ehtiyac yoxdur. İranın ermənilərə həm Birinci, həm də İkinci Qarabağ müharibəsində necə və hansı formada dəstək verdiyi fakt və sübutları ilə Bakının əlindədir.
İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Ameli birinci dəfə deyil Azərbaycana qarşı dini və diplomatik əndazəyə sığmayan ifadələr işlədir. 2024-cü ilin dekabrında onun iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan proqramda dövlətimizə və dövlət başçımıza qarşı səsləndirilən təhqiramiz ifadələrə görə Azərbaycan XİN İran tərəfinə sərt etirazını bildirmişdi. Ərdəbildə təşkil olunan anti–Azərbaycan tədbiri, burada ölkəmizə qarşı səslənən çıxışlar isə dövlət televiziyalarında canlı yayımlanmışdı. Bu onu göstərir ki, rəsmi Tehran nə qədər münasibətlərin normallaşdırılmasını istədiyini bəyan etsə də, rəsmi Bakıya qarşı yaxın qonşuluq və iltifat prinsipləri ilə bir araya sığmayan yanlış siyasətini davam etdirir. Səbəbi? Əgər bu barədə yazmağa başlasaq, onda replikamız geniş analitik məqaləyə çevrilər. Əslində, qəzetimiz bu mövzunu dəfələrlə gündəmə gətirib. İndiki məqamda onu deməklə kifayətlənək ki, Ərdəbildə keçirilən tədbir də rəsmi Tehranın Azərbaycana, o cümlədən Türkiyəyə qarşı yadırğamadığı ənənəvi ideoloji davranışının məntiqi nəticəsidir.
P.S. İki gün əvvəl Ərdəbil vilayətinə səfər edən İran Prezidenti Məsud Pezeşkian ölkədə elektrik enerjisinin verilməsində fasilələr və qaz təchizatındakı kəsintilərlə bağlı xalqdan üzr istəyib. Bu barədə İran mediası məlumat yayıb. Pezeşkian hazırkı vəziyyəti çətinliklərlə dolu bir dövr kimi dəyərləndirib və problemlərin yığılıb qaldığını vurğulayıb: “Təəssüf ki, biz hakimiyyətə gələndə artıq problemlər yığılmışdı. Bəzən bir sistemi aşırmaq üçün son bir damcı kifayət edir. Biz o mərhələyə çatmışıq”. Bəli, İran dövlətinin başçısı vətəndaşların üzləşdiyi problemlə yerindəcə tanış olur, bundan çıxış yolları arayır. O, başçılıq etdiyi komandanın məqsədinin vətəndaşlara problem yaratmaq deyil, əksinə, onların həyat şəraitini yaxşılaşdırmaq olduğunu bildirib. Bunu Ərdəbil şəhərinin cümə imamı Seyid Həsən Ameliyə görk olsun deyə yazdıq. Ümid edək ki, o, növbəti cümə xütbələrində mehrabdan Azərbaycanın “bostanına daş atmaqdan” əl çəkib, prezidentləri kimi, camaatın dərdi-sərini dilə gətirəcək.
İ.HƏSƏNQALA
XQ