AZ

Konstitusiya və suverenlik: müasir müstəqil Azərbaycan dövlətçiliyi kontekstində

IV MƏQALƏ

Azərbaycan dövlətinin ali məqsədi

İctimai münasibətləri tənzimləyən təsisedici güc kimi Konstitusiyada dövlətin ali məqsədi də dəqiq ifadə edilməlidir. Bu məsələnin tarixi, siyasi, geosiyasi və dövlətçilik ənənəsinin gözlənilməsi baxımından əhəmiyyəti vardır. Çünki müasir dövlətin hansı anlamda ali məqsədi qarşısına qoymasından onun identikliyi ilə bağlı konkret təsəvvür yaranır.

Bununla yanaşı, ictimai münasibətlərdə dövlətin yeri və rolu məsələsinə də konstitusion aydınlıq gətirilir. Dövlətçiliyin hazırkı mərhələsində onun daxili və xarici suverenliyin məzmunu üçün vacibliyini dərk etməyimiz gərəkdir. Çünki indi demək olar ki, hər bir müstəqil dövlətin Konstitusiyasında ali məqsəd gəlişigözəl terminlərlə ifadə edilir. Ancaq onun hansı səviyyədə reallaşdığı artıq praktiki fəaliyyətdə müəyyən olunur.

Qısa bir müqayisə aparmaq istərdik. Ermənistan konstitusiyasında “dövlətin ali məqsədi” maddəsinə rast gəlmədik. Ancaq onu dolayısı ilə ifadə edə bilən maddələr mövcuddur. Məsələn, üçüncü maddə belə adlanır: "İnsan, onun ləyaqəti, əsas hüquqları və azadlığı ali dəyərdir”. 9-cu maddədə isə yazılmışdır ki, “Ermənistan Respublikasının xarici siyasəti bütün dövlətlərlə mehriban qonşuluq və qarşılıqlı faydalı münasibətlər qurmaq məqsədi ilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həyata keçirilir”.

9-cu maddədə bütün dövlətləri “mehriban qonşuluq” kateqoriyasında birləşdirmək cəhdinin real və məntiqi sağlamlığını bir kənara qoyaraq, praktikada rəsmi İrəvanın Ermənsitan konstitusiyasının nə 3-cü, nə də 9-cu maddələrinə qətiyyən əməl etmədiyinin fakt olduğunu deməliyik.

Birincisi, Ermənistan indi ərazisi sayılan Qərbi Azərbaycandan 1989-1993-cü ilin ikinci yarısına qədər olan müddətdə həmin ərazinin aborigen qövmü olan azərbaycanlıları zülm verə-verə qovanda hansı insan hüququ və ləyaqətinə əməl edirdi?

İkincisi, bunu etməklə qonşusu olan Azərbaycana qarşı hansı mənada “mehriban qonşuluq” mövqeyi tutmuşdu?

Real olaraq Ermənistan müstəqillik əldə etdiyini bəyan etməklə paralel olaraq öz konstitusiyasına tam zidd şəkildə olaraq vətəndaşları olmalı olan azərbaycanlıları vəhşicəsinə deportasiya edir, həm də Azərbaycan Respublikasının ərazisinə havadarlarının ciddi dəstəyi ilə təcavüz həyata keçirirdi. Bu kimi reallıqların fonunda isə utanmadan konstitusiyasına “insan haqları”, “mehriban qonşuluq” kimi ibarəli terminlər daxil edirdi.

Bu ziddiyyətin fonunda əminliklə deyə bilərik ki, Ermənistanın konstitusiyasında yazılanlarla vurğulanan faktları müqayisə edəndə erməni rəsmi dairələri “konstitusion riyakarlıq” etmişdir.

Bu əlamət indi də qalmaqdadır. Amma söz veriblər ki, həmin rəzillikləri aradan qaldıracaqlar. Əslində, bu etiraf da bizim haqlı olduğumuzun sübutlarından biridir.

Lakin belə nümunələr onu göstərir ki, müstəqil dövlətin Konstitusiyasında qəbul etdiyi maddələrə əməl etməsi dünya miqyasında prinsipial məsələdir.

Bütün bunların fonunda Azərbaycan Konstitusiyasının hər bir maddəsinə tam əməl etməsi region üçün çox dəyərli nümunədir. Faktlarımız kifayət qədərdir. Onların işığında ictimai münasibətlərin konstitusion tənzimlənmələrinə baxaq.

12-ci maddə

Azərbaycan Respublikası Konstitutsiyasının 12-ci maddəsində yazılmışdır: “I. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

II. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir”.

Cəmiyyətin maraqları kontekstində bu maddədə güclü ideya əksini tapmışdır.

Birincisi, insan və vətəndaşların hüquqları və azadlıqlarının təmin edilməsi konstitusion öhdəlikdir. Burada “insan” və “vətəndaş” sözləri təsadüfən yanaşı verilməmişdir. Yəni Azərbaycan Respublikası bir dövlət olaraq həm, ümumiyyətlə, insana (onun hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq), həm də ayrıca Azərbaycan vətəndaşna yüksək sayğı ilə yanaşır. Onun hüquq və azadlıqlarının təmin edilməsinin konstitusion təminatçısıdır. Ölkə vətəndaşının hüquq və azadlıqları daxili suverenlik kontekstində hüquqla dövləti münasibətin vəhdətindən qaynaqlanır. Azərbaycan öz vətəndaşlarına hüquqi cəhətdən yüksək qiymət verməklə yanaşı, həm də bir dövlət olaraq onun yüksək dəyərə malik olduğunu Konstitusiyada təsbit edir.

Bununla yanaşı, Konstitusiyada, ümumiyyətlə, insan hüququ və azadlığına təminat vermək xarici suverenliyin mühüm elementidir. Çünki bununla Azərbaycan Respublikası həm beynəlxalq hüququn normalarına əməl etdiyini, həm də bütövlükdə humanitarlığı yüksək qiymətləndirdiyini vurğulayır.

Məlumdur ki, humanitarlıq müasir geosiyasi və siyasi təlimlərdə əsas tədqiqat mövzularından və dövlətin kimliyini ifadə edən faktorlardan biri kimi qəbul edilir. Bu prizmadan baxanda Azərbaycan Respublikasının erməni əhaliyə qarşı da kifayət qədər hüquqi və humanitar münasibət göstərdiyi aydın olur. İndiki mərhələdə də Azərbaycan dövlət kimi Ermənistana qarşı yüksək hüquqi yanaşma və həm də humanitarlıq nümayiş etdirir.

Dünya miqyasında isə neokolonializmə, İslamofobiyaya və antihumanitarlığa qarşı davamlı mübarizə aparmaqla Azərbaycan xarici suverenliyini Konstitusiyada müəyyənləşdirdiyi kriteriyalar üzrə təmin edir.

12-ci maddənin I bəndinin ikinci hissəsi çox mühüm bir sosial məqamı əks etdirir. Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsinin ön plana çıxarılması dövlətçilik aspektində əsas məqamlardan biridir. Əgər dövlətin strateji hədəflərindən biri kimi insanların həyat səviyyəsinin layiqli olması göstərilirsə, bu, bütövlükdə identikliyin əsas məqamını ifadə etmək deməkdir. Məsələnin bu aspeki birbaşa ictimai münasibələrin tənzimlənməsinə aid olduğundan və digər cəhətləri də müəyyən etdiyindən üzərində geniş dayanaq.

Vətəndaşın layiqli həyat səviyyəsi

Bu məsələ insan fəaliyyətinin bütün sferalarını özündə ehtiva edir. Sosial, mədəni, siyasi, iqtisadi, hüquqi, mənəvi-əxlaqi və digər aspektlər həmin termində sintez edilmişdir. Çünki insanın layiqli həyat səviyyəsinə nail olması bütövlükdə sosial-mədəni mühitdə formalaşdırılan münasibətlər sistemi ilə, yaradılan mühitlə müəyyən edilir. Bu mənada daxili suverenlikdə insan kapitalı mərkəzi yer tutur. Onun xarici suverenlik kontekstində təmini 12-ci maddənin II hissəsində dəqiq ifadə edilmişdir – “Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir”.

Bu müddəalardan maraqlı fəlsəfi qənaət əldə etmək mümkündür. Belə alınır ki, Azərbaycan Respublikasının Konstitusiyası ali təsisedici güc kimi ictimai münasibətləri elə tənzimləyir ki, səmərəsi insanın ləyaqətli həyat səviyyəsinə nail olmaqla “ölçülür”. Dövlət sosialyönümlüdür və insanın rifahının yüksəldilməsi əsas hədəflərindən biridir. Buna görədir ki, 2030-cu il üçün strateji məqsəd kimi “qüdrətli dövlət və yüksək rifah cəmiyyəti” nəzərdə tutulmuşdur.

Konstitusiyanın 24-cü maddəsi məsələnin hüquqi prinsipi tərəfini aydınlaşdırır. Həmin maddədə vurğulanır:

“I. İnsan ləyaqəti qorunur və ona hörmət edilir.

II. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.

III. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir”.

Burada vətəndaşın təbii hüquqlarının təsbiti ilə onun cəmiyyət qaşısında daşıdığı məsuliyyət vahid məntiqi çərçivədə verilir. Yəni insanın hüquqları və azadlıqları nə dərəcədə qəbul ediləndirsə, onun vətəndaş olaraq toplum qarşısında məsuliyyəti də bir o qədər əhəmiyyətli və zəruridir. Burada konstitusion əsasda fərdi səviyyədən toplumsal miqyasa keçid vardır. Hər bir fərd ayrıca mövcud ola bilmədiyi kimi, onun kollektiv birgəyaşam çərçivəsində qarşılıqlı öhdəliklər götürməsi və onlara əməl etməsi də tam real sosial hadisədir.

Həmin prosesdə Azərbaycan Konstitusiyası çox vacib bir şərti də xüsusi vurğulayır. Azərbaycan vətəndaşları qanun qarşısında bərabərdirlər. Bu şərt ictimai münasibətlərin sosial, siyasi, hüquqi və mədəni aspektlərinin təməlidir.

25-ci maddədə yazılır: “III. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”.

Beləliklə, sonuncu konstitusion şərt ümumilikdə Azərbaycan Respublikasında ictimai münasibətlərin tənzimlənməsinin siyasi, sosial, mədəni və hüquqi sərhədlərini müəyyən edir.

Dövlətçilik və ictimai münasibətlər

Konstitusiyanın dövlətçiliyin əsaslarını möhkəmlədən və ictimai münasibətləri tənzimləyən ali təsisedici güc kimi qısa təhlili göstərir ki, müasir tələblərə cavab verən Ana Yasa hazırlanmışdır. Əlbəttə, XXI əsrin çağırışları və dəyişmə dinamikası elə xarakterlidir ki, hər bir dövləti faktorun yeniləşməsi və dəyişməsi zərurəti daim gündəmdədir. Ancaq Ulu öndər Azərbaycan Respublikasının Konstitusiyasının formalaşdırıcı kriteriyalarını elə müəyyən etmişdir ki, dövrün tələbinə uyğun yeniliklər etmək olur və onlar milli maraqlara, dövlətçiliyə, ümumilikdə güclü Azərbaycanın daha da inkişaf etməsinə xidmət edirlər.

Nümunə kimi, Prezident İlham Əliyevin yeni tarixi mərhələni müəyyən etməsi əsasında Azərbaycanda müşahidə edilən total yeniləşmə prosesinin bütün səviyyələrdə müstəqil dövlətçiliyin əsaslarını daha da möhkəmləndirdiyi, ictimai münasibətləri yeni keyfiyyət səviyyəsinə yüksəltdiyi və bütün bunların insan kapitalının inkişafına xidmət etdiyini göstərə bilərik.

Ayrıca, Prezident İlham Əliyevin ölkənin strateji inkişafı üçün müəyyən etdiyi kursun əsas hədəfinin qüdrətli dövlət və yüksək rifah cəmiyyəti olması bütün məqamlara aydınlıq gətirir. Bu yolda Azərbaycan Konstitusiyasının ali təsisedici güc kimi funksiyasını tam yerinə yetirməkdə davam edəcəyinə əminik. Bununla bərabər Azərbaycan Respublikasının həm daxili, həm də xarici suverenliyinin yeni mükəmməl səviyyəyə yüksələcəyi şübhə doğurmur!

Azərbaycan müstəqil dövlət və vətəndaş cəmiyyəti kimi Ümummilli lider Heydər Əliyevin Konstitusiyamızla bağlı ifadə etdiyi aşağıdakı tövsiyələrini heç zaman unutmayacaq. Ulu öndər öyrədirdi: “Azərbaycanın tarixi keçmişi, bugünkü reallıqlarını və gələcək perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir. Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda, ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi naliyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik”!.

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Seçilən
0
xalqqazeti.az

1Mənbələr