AZ

“Moody’s” Azərbaycanı iqtisadi sabitlik adası kimi görür

Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

“İNG Group” isə davamlı inkişafı vurğulayır

Beynəlxalq reytinq agentliklərinin son qiymətləndirmələri Azərbaycanın iqtisadi gələcəyi ilə bağlı nikbin mənzərə yaradır. Artan maliyyə ehtiyatları, strateji nəqliyyat marşrutlarında iştirak və regional risklərin azalması ölkənin kredit etibarlılığını möhkəmləndirir. Rəqəmlər də bunu təsdiqləyir: göstəricilərdəki müsbət dinamika Azərbaycanın davamlı inkişaf yolunda irəlilədiyini göstərir.

Müasir dünyanın geosiyasi qarşıdurmaları yeni ticarət marşrutlarının aktuallığını artırıb. Bu gün Mərkəzi Asiya ilə Qafqazı birləşdirən Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) artıq təkcə logistika xətti deyil, həm də region ölkələrinin maliyyə etibarlılığını gücləndirən mühüm amilə çevrilir.

Beynəlxalq reytinq agentliyi “Moody’s” son proqnozunda vurğulayır ki, tranzit həcmlərinin sürətlə artması və marşruta yönələn investisiyalar ilk növbədə Azərbaycan, Qazaxıstan və Gürcüstana ciddi üstünlüklər qazandırır. Onların kredit göstəriciləri möhkəmlənir, iqtisadi perspektivləri daha da genişlənir. Bu proses xüsusilə karbohidrogen ixracından asılı iqtisadiyyatlar üçün şaxələndirmə imkanları yaradır və yeni inkişaf modellərinə qapı açır.

“Moody’s”in analitikləri qeyd edirlər ki, xarici investorların artan marağı dövlətləri institusional idarəçilikdə beynəlxalq standartlara yaxınlaşdırır. Hökumətlərin infrastruktur layihələrinə ayırdığı vəsaitlər büdcə xərclərini yüksəltsə də, mövcud fiskal imkanlar və güzəştli maliyyə mənbələri bu yükü balanslaşdırır.

Bank sektoru isə bu prosesdən dolayı yolla bəhrələnir. Qısamüddətli maliyyələşdirmədən yüksək asılılıq və kapitalın bahalığı onların infrastrukturun birbaşa maliyyələşdirilməsində imkanlarını məhdudlaşdırsa da, subpodratçıların və əlaqəli sahələrin kreditləşdirilməsi vasitəsilə fayda əldə edirlər. Tranzit axınlarının artması həm də kiçik və orta biznesə nəfəs verir. Nəqliyyat, logistika və tikinti sahələrində yaranan canlanma ixracatçılara yeni bazarlara çıxmaq üçün imkanlar açır.

“Moody’s” Qazaxıstanın milli dəmiryol operatoru – “Qazaxıstan Dəmiryolu”nun roluna ayrıca diqqət çəkir. Şirkət strateji mövqeyi, dövlət dəstəyi və genişmiqyaslı infrastruktur proqramları ilə bu inkişafın əsas iştirakçılarından biridir. Lakin mənzərə heç də problemsiz deyil. Dəmir yollarının ötürmə qabiliyyətinin məhdudluğu, limanların zəif infrastrukturu və gömrük prosedurlarındakı uyğunsuzluqlar Orta Dəhlizin potensialının tam reallaşmasına mane olan əsas amillər kimi qalır.

Beləliklə, Orta Dəhliz yalnız iqtisadiyyatların yol xəritəsi deyil, həm də regionun kredit etibarlılığını artıran güclü maliyyə dayağına çevrilməkdədir. Əsas məsələ isə mövcud çətinliklərin aradan qaldırılaraq, bu strateji marşrutun bütün imkanlarının üzə çıxarılmasıdır.

Digər tərəfdən, Niderlandın ən böyük maliyyə qurumlarından biri – “ING Group”un təhlillərinə görə, MDB məkanında 4 əsas ölkənin – Azərbaycan, Ermənistan, Qazaxıstan və Özbəkistanın iqtisadiyyatları qlobal təzyiqlərə baxmayaraq, dayanıqlı inkişaf yolunu davam etdirir. Dünya bazarlarında qeyri-müəyyənliklərin artdığı bir vaxtda belə, bu ölkələrin makroiqtisadi sabitliyi və regional proseslərə uyğunlaşma qabiliyyəti diqqət çəkir.

Xüsusilə Azərbaycan və Ermənistan üçün regional siyasi risklərin azalacağına dair gözləntilər müsbət siqnal kimi dəyərləndirilir. Qazaxıstan və Özbəkistanda iqtisadi fəallığın gözləniləndən daha yüksək templə artması da regionun ümumi iqtisadi portretinə rəng qatır.

“ING Group”un qiymətləndirməsinə görə, pul-kredit siyasəti sahəsində maraqlı mənzərə yaranıb: regionun digər ölkələrində monetar yumşalma artıq dayandırılsa da, Azərbaycanda bu proses davam edir. Səbəb isə inflyasiya risklərinin hələ də aktual qalmasıdır. Bununla belə, Azərbaycan Mərkəzi Bankının atdığı addımlar iqtisadiyyatın tənzimlənməsi baxımından çevik siyasətin göstəricisidir.

Təsadüfi deyil ki, 2025-ci ilin yanvar-avqust ayları Azərbaycan iqtisadiyyatında xüsusilə qeyri-neft sektorunda yüksəliş dövrü kimi yadda qalır. Statistik göstəricilər ölkənin ixrac xəritəsində yeni rənglər açır. Belə ki, qeyri-neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz artaraq 2,4 milyard ABŞ dollarına çatıb. Ən parlaq nəticələr isə yeyinti sənayesində qeydə alınıb. Səkkiz ay ərzində ixrac edilən məhsulların həcmi 22,9 faiz yüksələrək 774,2 milyon dollara bərabər olub. Bu artım Azərbaycanın kənd təsərrüfatı potensialının dünya bazarlarında daha da möhkəmləndiyini göstərir.

Məhsul qrupları üzrə dinamika da diqqətçəkəndir: şəkər ixracı 58,2 faiz, meyvə-tərəvəz 32,2 faiz, kimya sənayesi məhsulları 24,3 faiz, pambıq iplik 16,3 faiz, çay 2,1 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar isə 0,2 faiz artım nümayiş etdirib.

Xüsusilə aqrar sektor ixracın əsas lokomotivi rolunda çıxış edir. 2025-ci ilin ilk səkkiz ayında aqrar məhsulların ixracı 28,2 faiz artaraq 614,4 milyon dollar olub. Aqrar-sənaye məhsullarının ixracında isə 4,7 faiz artım qeydə alınıb və nəticə 209,5 milyon dollara çatıb. Bu iki istiqamətin ümumi göstəricisi isə 823,9 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nəzərən 21,3 faiz çoxdur.

Beynəlxalq reytinq agentliklərinin diqqət mərkəzində olan Azərbaycan məhz bu kimi göstəricilərlə, qeyri-neft sektorundakı uğurlarla diqqət mərkəzinə gəlir. Son dövrlərdə kredit reytinqlərinin yüksəlməsi, büdcə profisitinin qorunması, valyuta ehtiyatlarının artması və makroiqtisadi sabitliyin saxlanılması ilə qlobal maliyyə dairələrində müsbət imic formalaşdırır. Moody’s, Fitch və S&P kimi aparıcı qurumların hesabatlarında Azərbaycanın fiskal dayanıqlığı, maliyyə yastığı və tədiyə balansı imkanları xüsusi vurğulanır.

Bütün bunlar göstərir ki, Azərbaycanın iqtisadi inkişafı qlobal miqyasda etibarlı tərəfdaş imici qazanmaqla xarakterizə olunur. Bu gün ölkəmizin adı beynəlxalq reytinq agentliklərinin hesabatlarında müsbət kontekstdə çəkilirsə, bu, aparılan iqtisadi islahatların, düzgün fiskal siyasətin və uğurlu geoiqtisadi strategiyanın real nəticəsidir.

Nurlan ABDALOVXQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
1
xalqqazeti.az

2Mənbələr