AZ

Çarli Kirkin yoldaşı göz yaşları içində müraciət etdi: “Ərimin səsi qalacaq”

Ajans.az xəbər verir ki,Kirk-in ölümündən sonra Arizona ştatındakı Turning Point USA qərargahında canlı yayım zamanı Erika Kirk, ərinin podkast çəkilişləri zamanı istifadə etdiyi boş kreslonun yanında dayanaraq çıxış edib. O, hadisəyə ilk müdaxilə edənlərə təşəkkür edib, ərinin həyatını xilas etməyə çalışan tibb işçilərinə minnətdarlıq bildirib və Prezident Donald Trampa, vitse-prezident namizədi JD Vance-ə, eləcə də ailələrinə göstərdikləri dəstəyə görə təşəkkürünü ifadə edib. Erika Kirk çıxışında deyib: “Cənab Prezident, ərim sizi sevirdi. O bilirdi ki, siz də onu sevirdiniz.” “Ən çox isə Çarli uşaqlarını sevirdi. Və məni sevirdi — bütün qəlbi ilə. Bunu mənə hər gün hiss etdirirdi.” Məqsədini davam etdirəcəyini vurğulayan Erika Kirk, “pis niyyət sahiblərinə” səslənərək bildirib: “Siz bu dul qadının içində alovlandırdığınız odu bilmirsiniz. Onun fəryadları döyüş nidası kimi bütün dünyaya yayılacaq.” “Əgər ərimin missiyasını əvvəllər güclü hesab edirdinizsə, indi nələrin başlanacağını təsəvvür belə edə bilməzsiniz.” Erika Kirk, həmçinin uşaqları — bir yaşlı oğlu və üç yaşlı qızı haqqında danışaraq atasız qalmağın onlara necə izah ediləcəyindən bəhs edib: “Balaca, atan səni çox sevirdi. Narahat olma, o, İsa ilə bir işgüzar səfərdədir.” Məlumata görə, Erika və uşaqları hadisə zamanı tədbirdə iştirak edirmiş. Çarli Kirk 2018-ci ildə Erika ilə tanış olmuş, 2020-ci ildə nişanlanmış və bir ildən az müddət sonra ailə həyatı qurmuşdu. Erika Kirk — keçmiş Miss Arizona USA titulunun qalibi, hazırda isə Müqəddəs Kitab araşdırmaları üzrə doktorantura tələbəsidir. O, dini mövzulu “Rise Up” podkastına ev sahibliyi edir və inanca əsaslanan geyim brendinin yaradıcısıdır. Kirk-in həyat yoldaşı bildirib ki, Çarlinin kollec kampuslarına olan səfərləri və fəaliyyətləri yalnız bu payızda deyil, gələcək illərdə də davam etdiriləcək. Onun məşhur podkast layihəsinin də dayandırılmayacağı qeyd olunub.

 

Seçilən
58
Ajans.az

1Mənbələr