AZ

İsrail Qətərə hücumdan əvvəl ABŞ-a məlumat veribmiş

İsrailin 9 sentyabrda Qətərin paytaxtı Dohada HƏMAS rəhbərliyinə qarşı həyata keçirdiyi hava əməliyyatı ilə bağlı yeni detallar açıqlanıb.

Xəbər verilir ki, hücum barədə ABŞ-a yalnız bir neçə dəqiqə əvvəl məlumat verilib, dəqiq koordinatlar isə gizli saxlanılıb.

Bu məsələ Vaşinqtonda ciddi narazılıq yaradıb. Məlumata görə, Baş nazir Benyamin Netanyahu atəşkəs və girovların azad edilməsi üzrə danışıqların pozula biləcəyi riskinə baxmayaraq, əməliyyat barədə qərarı şəxsən verib.


Hava zərbəsində səkkiz F-15 və dörd F-35 qırıcısı iştirak edib. Nəticədə HƏMAS-ın altı üzvü, o cümlədən liderlərdən Xalil əl-Hayyanın oğlu öldürülüb, əsas hədəf əl-Hayyanın özü olsa da, o sağ qalıb. Hücum zamanı həmçinin Qətər təhlükəsizlik qüvvələrinin bir əməkdaşı da həyatını itirib.

"The Washington Post" isə yazır ki, əvvəlcə MOSSAD rəhbərliyi əməliyyatı öz agentləri vasitəsilə həyata keçirməyi planlaşdırıb. Lakin qurumun direktoru David Barnea Qətərlə münasibətlərin korlanacağı və girovlarla bağlı danışıqların dayanacağı ehtimalını nəzərə alaraq bu variantdan imtina edib.

HƏMAS nümayəndələrinin Dohada ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə irəli sürülən plana dair (bütün israilli girovların azad edilməsi müqabilində yüzlərlə fələstinli məhbusun buraxılması) danışıqlar apardığı vaxtda əməliyyatın həyata keçirilməsi diqqət çəkib. İsrail ordusunun Baş Qərargah rəisi Zamir və MOSSAD rəhbəri Barnea əməliyyata qarşı çıxsa da, Netanyahunun qərarı dəyişməyib.

ABŞ mənbələri əməliyyatın nəticələrini “uğursuz” adlandırır. Çünki əsas hədəf zərərsizləşdirilməyib, eyni zamanda danışıqlar prosesinə ciddi zərbə vurulub.


Seçilən
12
2
azia.az

3Mənbələr