AZ

Cavanlıq iksiri – Böyük İsgəndər, Maykl Cekson, Putin və gərgədan buynuzu

“İndiki cavanlar bilməz” silsiləsindən yeni söhbət var. Deməli, 43 il bundan əvvəl, yəni ötən əsrin 80-ci illərinin əvvəlində dövrün çox populyar müğənnisi Ağadadaşın olduqca məşhur bir kaseti çıxmışdı. Kasetdə əla muğam parçaları və əla mahnılar vardı.

Düzdür, Ağadadaş bəy indi də populyardır, amma indiki cavanlar onu “balta söhbəti”nə görə tanıyırlar, o vaxtlar isə sənətkar musiqi aləminə “Tomoqavk” kimi girmişdi. (Özlüyündə “tomoqavk” hündu baltası deməkdir, amma mən ABŞ-nin 1 tonluq bombasını nəzərdə tuturam).

Onun olduqca həzin səslə oxuduğu muğamat parçasının bir kupletinin sözləri dəqiqən beləydi:

“Dirilik suyunu Böyük İsgəndər
Axtardı ömrünün sonuna qədər.
Getdiyi əziyyəti, zəhməti hədər,
Kimin ölməməyə nə cürəti var?”

Sənətkara sayğılar və hörmətlər ifadə edərək, deyim ki, yaddaşımın iti sektorunda qalmış kuplet yadıma bu günlərdə Putinin 150 il yaşamaq eşqi ilə bağlı informasiyaları oxuyarkən düşüb.

İndi bəlkə də Putin özünü Böyük İsgəndərdən, yəni Aleksandr Makedonskidən daha böyük, yaxud da daha uzunömürlü olmağa layiq bilir. Burasını dəqiq bilmirəm, amma cənabın davranışları göstərir ki, belə bir iddiası var.

Əslində hamı minumum 150 il yaşamaq istəyər, ancaq çox adam bunun real olmadığını bilir və yaxın ətrafıyla höcərləşmir, təzyiqi 150-yə qalxan kimi, deyir, uşaqlar, kağız-qələm gətirin, deyəsən, gedirəm.

Hələ orası da dəqiq deyil ki, İsgəndər doğrudan da dirilik iksiri axtarıbmı, Makedoniyadan basa-basa Mərkəzi Asiyaya bu niyyətlə gedibmi. Heyf ki, hökmdarın mətbuat xidməti bu barədə yazılı açıqlama qoyub getməyib.

Ancaq dirilik suyunun, başqa adla “cavanlıq iksiri”nin Çin tərəflərdə olduğuna inanc həmişə olub. Jenşen bitkisinin adını bu məsələdə çox hallandırırlar. Belə bir ehtimal var ki, dirilik suyunu məhz jenşen cövhərindən hazırlayırlar. Hərçənd deyəsən, bu, naxçıvanlıların və göyçəlilərin hər yerdə çaşır otunu tərifləməsi kimi bir şeydir. Jenşen elə sehrli bitki olsaydı, çinlilərin hamısı 150 il yaşayardılar.

Ona qalsa, ötən əsrin 80-ci illərinin axırlarında Ağadadaş Ağayevin amerikalı həmkarı Maykl Cekson da bəyan etmişdi ki, 150 il yaşamaq fikrindədir və bundan ötrü indidən lazımi tədbirlər görür.

O vaxt Mayklın 30 yaşı vardı, dərisinin rəngini təzəcə ağartdırmışdı, mahnıları yeni-yeni hit olmuşdu, 18 milyon fanatı, bir o qədər pulu (dollarla) vardı və prinsipcə, “kimin ölməməyə nə cürəti var” söhbətini bilirdi, ancaq bu hadisənin 120 ildən sonra baş verməsini istəyirdi. İnformasiyalar beləydi ki, sənətkar mikroblara yaxalanmaqdan qorxur, həmişə steril geyinir, gigiyenasına son dərəcə diqqət edir, gecə yatanda xüsusi olaraq onun üçün hazırlanmış və içi təyyarə oksigeni ilə təchiz edilmiş şüşə qutuda yatır.

Ancaq deyirlər, sən saydığını say, gör fələk nə sayır. Yazıq Mayklın bəxti gətirmədi, “getdi əziyyəti, zəhməti hədər” və 51 yaşında vəfat etdi. Adam heç olmasa 75-ə, nəzərdə tutduğu yaşın yarısına çatmadı.

Demək, cavanlıq iksirini axtarmaqla deyil. Andırı tapmaq olmur. Bəlkə də onun hazırlandığı ot və ya bitki heç Çin və Hindistan tərəflərdə deyil, Masallı, Hindarx tərəflərdə bitir və onun suyunu sıxmırlar, eləcə qurudurlar. Amma bu, başqa söhbətdir.

Yazının bu yerində yadıma Maqsud İbrahimbəyovun “Gərgədan buynuzu” povestinin (onun əsasında “Gənc qadının kişisi” filmi də çəkilib) qəhrəmanı düşür. O da uzun yaşamaq istəyir və iksir resepti haqda eşidir, bunu reallaşdırmaq istəyir. Bundan ötrü o, zooparkdakı gərgədanın buynuzunu kəsir, səhər obaşdan qəbristanlıqda bitən zirə bitkisini şehli-şehli dərir, digər inqridiyentləri də hazır edib şüşə balona doldurur və iş tamama gələndə adamı tuturlar. Buynuzu kəsilmiş gərgədana və zooparkdan yoxa çıxmış kivi quşuna görə ona 5 il iş kəsirlər. Adam bir müddət türmədə yatır, çıxır, gəlir, görür ki, arvadı cavanlaşıb, qoca qayınatası isə cavan uşaqlara qoşulub həndbol oynayır. Məlum olur ki, cavanlaşanlar balondakı iksiri mürəbbə bilib yeyiblər... Ta heç zad.

Beynəlxalq ictimaiyyət isə Putinin 150 il yaşamaq niyyətindən narahat olub. Əgər o, sabah vəzifəsindən istefa versə, heç kimin vecinə olmaz, deyərlər, lap 1000 il yaşasın, amma hamı bilir ki, Putin 150 yaşasa, bundan sonra 77 il də prezident olacaq.

Yoxsa onun yaşı kimin nəyinə lazımdır? Qoy nə qədər istəyir, o qədər yaşasın, amma iki böyük ölkənin 18-55 yaşlı kişilərinə də yaşamaq imkanı versin, gənclərin ömrünə balta vurmasın.

Bir də əsas odur ki, “mürəbbə”ni yaxşı yerdə gizlədəsən, başqasının əlinə keçməsin, sən içəridə yatarsan, başqaları yeyər, gedib həndbol oynayar.

Seçilən
19
musavat.com

1Mənbələr