AZ

Böyük Qayıdış layihəsi misli-bərabəri olmayan modelə çevrilir

İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış"

Artıq 4 ildir ki, "Böyük Qayıdış"ı təmin etmək üçün Qarabağda və Şərqi Zəngəzurda əsaslı bərpa-quruculuq işləri aparılır. 30 il müddətində daşı-daş üstdə qalmayan, uçurulub dağıdılan şəhərlərdə yeni yaşayış evləri, binalar, məktəblər, xəstəxanalar inşa olunur. Qarabağ tamamilə yenidən qurulur, sıfırdan ən müasir infrastruktur yaradılır, yeni yollar, hava limanları, elektrik stansiyaları, kəndlər tikilir. Qarabağda aparılan tikinti-quruculuq işləri Prezident İlham Əliyevin birbaşa nəzarətindədir. Prezident mütəmadi olaraq quruculuq işləri aparılan ərazilərdə olur, inşa olunacaq yeni yaşayış binalarının, xəstəxana, məktəb, bağça, digər mühüm obyektlərin təməlqoyma mərasimində iştirak edir. Əhalinin yaşayışı üçün tam hazır olan kənd və qəsəbələrin, bölgənin inkişafı üçün böyük əhəmiyyət kəsb edən obyektlərin açılışını edir. İnsanlar doğma yurd-yuvalarına fəxr və sevinc hissi ilə dönürlər. Artıq 10 minə yaxın keçmiş məcburi köçkün öz torpaqlarına qayıdıb, onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır, işləyir. Gələn il Qarabağa qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq. 2021-ci ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb. Şübhə yox ki, bundan sonra da "Böyük Qayıdış" proqramının icra edilməsi bizim üçün prioritet məsələ olacaq. 2026-cı ilin sonunadək "Böyük Qayıdış"a dair I Dövlət Proqramı çərçivəsində Qarabağa və Şərqi Zəngəzura 140 min insanın köçürülməsi planlaşdırılır. Bu fakt ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir əyani göstəricisidir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda həmin ərazilərə köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgələrdə reallaşdırılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən insanlar yaşayır. Hazırda yeni yolların çəkilməsi, bölgədə müasir rabitə infrastrukturunun qurulması, ətraf mühitin qorunması, ekoloji cəhətdən təmiz enerji mənbələrinin yaradılması prosesi uğurla davam edir.

Sentyabrın 11-də Xocalının Şuşakənd kəndinə ilk köç baş tutdu. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ilk mərhələdə kəndə 15 ailədən ibarət 59 keçmiş məcburi köçkün qayıtdı. Bildirildi ki, bu gün mənzillərin açarları ailələrə təqdim edilib. Şuşakənd kəndində sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Kənddə müasir standartlara cavab verən yeni yollar çəkilib. Sakinlər elektrik enerjisi, təbii qaz və içməli su ilə tam təmin olunub. Bununla yanaşı sosial obyektlərin fəaliyyətə başlaması üçün də zəruri şərait yaradılıb. Tədbirdə çıxış edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinləri tarixi dönüş münasibətilə təbrik edib, onlara doğma torpaqlarında firavan və əmin-amanlıq içində yaşamalarını arzulayıb. Həmçinin, Xocavənd rayonunun Sos kəndinə də köç karvanı yola düşüb. Sos kəndinə 45 nəfərdən ibarət 10 ailə yola salınıb. Xocalı rayonunun Şuşakənd kəndinə və Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə Şuşakəndə 15 ailə - 59 nəfər, Qırmızı bazara 10 ailə - 39 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Sentyabrın 12-də isə Xocavənd rayonunun Hadrut qəsəbəsi və Xocalı rayonunun Badara kəndinə ilk köç yola salınıb. İlk mərhələdə kəndə 56 nəfərdən ibarət 14 ailə köçürülüb. Ailələrə tam təmir olunmuş və müasir tələblərə cavab verən fərdi yaşayış evlərinin açarları təqdim edilib. Təqdimetmə mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov kənddə sakinlər üçün yaradılan şərait barədə məlumat verib. O bildirib ki, Badara kəndində sakinlərin rahat yaşayışı və məşğulluğu üçün bütün zəruri infrastruktur qurulub, sosial və iqtisadi məsələlərin həlli istiqamətində mühüm addımlar atılıb. Qeyd edilib ki, Badara kəndi qısa müddət ərzində bərpa edilərək, elektrik enerjisi, içməli su və mavi yanacaqla təmin olunub. Sakinlərin qayğısız yaşayışı və dayanıqlı məskunlaşması üçün bütün imkanlar yaradılıb. Məşğulluqla bağlı məsələ də hər zamankı kimi prioritet olaraq qalır. ANAMA-nın əməkdaşları da sakinlərlə təhlükəsizliyə dair maarifləndirici söhbət aparıb. Qeyd edək ki, “Böyük Qayıdış” proqramı çərçivəsində bundan sonra da kəndə mərhələli şəkildə köç davam edəcək. Xatırladaq ki, Badara kəndi 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 

Millət vəkili Naqif Həmzəyev "Şərq"ə açıqlamasında deyib ki, çox sevindirici haldır ki, artıq Qarabağ və Şərqi Zəngəzurun digər rayonları ilə yanaşı, Xocalıya da böyük köçü sürətlə davam etdirilir. Deputat vurğulayıb ki, keçmiş məcburi köçkünlər öz dədə-baba torpaqlarına qayıdır:

 "Şuşakəndinə bu gün ilk köç baş tutdu. İlkin mərhələdə 15 ailədən ibarət 59 keçmiş məcburi köçkün öz torpaqlarına qayıtdı. Həmçinin, Xocavənd rayonunun Sos kəndinə də köç karvanı yola düşdü. Burada da 45 nəfərdən ibarət 10 ailə yola salınıb. Eyni zamanda Hadrut qəsəbəsi və Xocalının Badara kəndinə də köç oldu. Göründüyü kimi artıq Azərbaycan dövlətinin hədəflədiyi "Böyük Qayıdış" layihəsi uğurla həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda yalnız quruculuq-abadlıq işləri yox, eyni zamanda məskunlaşma işləri, insanların öz dədə-baba torpaqlarına qayıtması da uğurla həyata keçirilir. Onlara sadəcə ev verilməklə kifayətlənilmir, həmin insanların məşğulluq məsələləri də prioritet məsələlərdən sayılır. Müvafiq dövlət qurumları bu məsələ ilə bağlı çox ciddi məşğul olurlar. Eyni zamanda yerli icmaların yaradılması, insanlar arasında sosiallaşmanın təmin edilməsi, sakinlərin şəraitə uyğunlaşdırılması, əvvəlki dövrlərdə olduğu kimi kənd, qəsəbə həyatı yaşaması üçün mühüm işlər görülür. İnanırıq ki, tezliklə bütün keçmiş məcburi köçkünlər öz dədə-baba torpaqlarına qayıda biləcəklər. Biz Qarabağ Universitetindən məzun olacaq tələbələrin də məhz elə Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərəcəyinə, orada gənc ailələrin qurulacağına ümidliyik. Ora köçürülmüş keçmiş məcburi köçkünlərin də məşğulluq problemi həll ediləcək". 

Parlament üzvü vurğulayıb ki, "Böyük Qayıdış" layihəsinin misli-bərabəri yoxdur: 

"Torpaqlarımız işğaldan azad edildikdən dərhal sonra orada bərpa-quruculuq işlərinin sürətli şəkildə başlanması, davamlı köç prosesinin həyata keçirilməsi, Qarabağ və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatına inteqrasiyası həqiqətən də çox əla təcrübədir. Dünyanın müxtəlif yerlərində mövcud olan münaqişələrin həllində Azərbaycan modeli nümunə olaraq göstərilir. Gələcəkdə Azərbaycan modeli yaxından öyrəniləcək. Azərbaycan mütəxəssisləri məhz buna bənzər problemlərin həllində aparıcı rol oynaya biləcəklər. Azərbaycan öz tərəfdaşları ilə öz təcrübəsini bölüşəcək. Əldə edilən uğurlara görə dövlət başçısı cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Hökumət nümayəndələrinə də çox sağ ol deyirik ki, cənab Prezident tərəfindən qarşıya qoyulmuş bütün tapşırıqlar zamanında və ən yüksək şəkildə icra olunur. Bu da təbii ki, həm keçmiş məcburi köçkünləri, eyni zamanda bütün Azərbaycan vətəndaşlarını məmnun edir. Çünki uzun illər idi ki, çadır düşərgələrində ağır şəraitdə yaşamış məcburi köçkünlər ən müasir tələblərə cavab verən evlərlə təmin olunurlar. Əminik ki, keçmiş məcburi köçkünlərin özləri, onların nəvə-nəticələri bu torpaqlarda yaşayacaq, yaradacaqlar. Bu torpaqların cənnətməkana çevrilməsində aparıcı rol oynayacaqlar. Tezliklə Qarabağ və Şərqi Zəngəzurun turizm potensialı da maksimum gücü ilə istifadəyə veriləcək. Laçın, Zəngilan, Füzuli hava limanlarından təkcə yerli yox, xarici turistlər də istifadə edəcəklər. Nəticə etibarı ilə məhz Qarabağ torpağından Naxçıvana uzanan Zəngəzur dəhlizinin işə düşməsi ilə Azərbaycanın Qərb ölkələri ən inkişaf etmiş ərazilərdən biri olacaq. Bu ərazilərə hətta Azərbaycanın digər rayonlarından olan soydaşlarımız da köç edəcək, orada işləyəcək".
Seçilən
6
sherg.az

1Mənbələr