Nəsimi Rayon Polis İdarəsinin 20 və 22-ci Polis Şöbələrinin əməkdaşları tərəfindən narkotik vasitələri ölkə ərazisinə gətirərək satışı və qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib.
DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, növbəti tədbirlərlə 23 yaşlı Əmrah Hüseynov, 27 yaşlı Kənan Məmmədov və tanışı 48 yaşlı İdris Məlikov saxlanılıblar. Onlardan ümumilikdə *17 kiloqrama yaxın marixuana, heroin, tiryək və psixotrop maddə metamfetamin* aşkarlanaraq götürülüb.
Saxlanılanlar narkotik vasitələri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşlarından əldə etdiklərini və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını etiraf ediblər.
Faktlarla bağlı araşdırmalar aparılır.
*Polis əməkdaşlarının bütün ölkəboyu narkotiklərlə əlaqəli şəxslərin ifşa edilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində mübarizə tədbirləri fasiləsiz davam etdirilir.*