AZ

ABŞ Belarusu Rusiyadan ayırmağa çalışır: Minsk-Moskva münasibətlərində qırılma baş verəcək

Belarus Prezidenti Aleksandr Lukaşenko müxtəlif millətlərdən olan 52 məhbusu əfv edib, onların hamısı Litvaya yollanır. Bu barədə ABŞ-nin Vilnüsdəki səfirliyinin nümayəndəsi məlumat verib.

Prezident Donald Tramp daha əvvəl belaruslu həmkarı Aleksandr Lukaşenkonu məhbusları azad etməyə çağırıb: "Prezident Trampın köməkçisinin müavini Con Koulun rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Minskdə danışıqlardan sonra Vilnüsə yollanır. Müxtəlif millətlərdən olan 52 məhbus azad edilib". Bundan sonra ABŞ prezidenti D.Tramp Belarusa tətbiq edilən müəyyən sanksiyaları qaldırıb. 

Politoloq Məhəmməd Əsədullazadə Bakıvaxtı.az-a deyib ki, ABŞ Belarusu Rusiyadan ayırmağa çalışır. 

Ekspert vurğulayıb ki, əgər Vaşinqton Belarusa ciddi iqtisadi və siyasi dəstək verərsə, Lukaşenkonun Moskva qarşısında immuniteti güclənə bilər: 

"Görünür, ABŞ Belarusu öz tərəfinə çəkməklə, Belarusu Rusiyanın poliqonundan azad etməyi planlaşdırır. ABŞ-Belarus əlaqələri inkişaf edərsə, Moskvanın təzyiqləri qaçılmaz ola bilər".

Onun sözlərinə görə, bundan əlavə Belarusda NATO-ya qarşı "Qərb-2025" hərbi təlimləri keçirilir:

"Təlimlərin əsas məqsədi "hipotetik təcavüzə" cavab verməkdir. Proqrama taktiki nüvə silahlarının "istifadə elementləri" və eyniadlı hipersəs raketi olan Rusiyanın "Oreşnik" kompleksi daxildir. Göründüyü kimi, Rusiya Belarusdan Qərbə qarşı istifadə edir".

Məhəmməd Əsədullazadə: Belarusu bu ittifaqdan ayırmaq siyasəti Ukrayna müharibəsindən asılı olacaq

Müsahibimiz hesab edir ki, ABŞ və Belarus danışıqları müsbət istiqamətdə davam edərsə, Belarus-Rusiya münasibətlərində qırılma baş verəcək:

"Avropanın şərqində Rusiyanın təkcə Belarusla münasibətləri var. Belarusu bu ittifaqdan ayırmaq siyasəti Ukrayna müharibəsindən asılı olacaq. Görünür, ABŞ Ukrayna cəbhəsində Rusiyaya ağır zərbə vurmaq planına malikdir ki, arxayın olaraq Belarusla danışıqlar aparır".

Aydın Baxış

Seçilən
56
1
bakivaxti.az

2Mənbələr