AZ

Bu tələbə və müəllimlərlə bağlı VACİB AÇIQLAMA - Sadəcə 4 gün...

Təhsil eksperti Kamran Əsədovun “Yeni Sabah”a müsahibəsi:

-  Bakı Dövlət Universitetində bakalavriat pilləsi üzrə dərs cədvəllərində bir sıra ixtisaslarda, o cümlədən, jurnalistika ixtisasında həftəlik dərs yükü azaldılaraq 4 günə endirilib. Təkcə jurnalistika yox, başqa hansı ixtisaslarda dərslər 4 gün ola bilər?

-  İlk növbədə qeyd edim ki, Azərbaycanda ali təhsil sistemində aparılan dəyişikliklər son illərdə təhsil prosesinin daha çevik, tələbə yönümlü və əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində həyata keçirilir. Bakı Dövlət Universitetində bəzi ixtisaslarda həftəlik dərs cədvəllərinin 4 günə endirilməsi də bu yanaşmanın davamıdır. Bu qərar təsadüfi deyil, çünki “Təhsil haqqında” Qanunun 13-cü maddəsinə əsasən, ali təhsil müəssisələrinin akademik müstəqilliyi təmin olunur və dərs yükünün tənzimlənməsi universitetlərin səlahiyyətinə verilir. Eyni zamanda, Nazirlər Kabinetinin 2010-cu ildə təsdiqlədiyi “Ali təhsil müəssisələrində tədrisin təşkili qaydaları” dərs yükünün fənlərin məzmunu, ixtisasın spesifikliyi və tələbələrin hazırlıq səviyyəsinə uyğun şəkildə müəyyən edilməsini nəzərdə tutur.Mövcud qaydalar fonunda atılan bu addım bir tərəfdən müasir təhsil fəlsəfəsinə, digər tərəfdən isə tələbələrin real ehtiyaclarına cavab verir. Rəsmi statistika göstərir ki, ölkə üzrə bakalavriat pilləsində bir tələbənin həftəlik auditoriya dərs yükü orta hesabla 28–32 saat təşkil edir. Jurnalistika, beynəlxalq münasibətlər, tarix, filologiya kimi ixtisaslarda fənlərin nəzəri xarakteri daha çox olduğuna görə bu dərs yükünü 4 günə toplamaq mümkündür. Lakin tibb, mühəndislik və pedaqoji ixtisaslarda laboratoriya və praktiki məşğələlərin sayı çox olduğundan bu modelin tam tətbiqi hələ ki, çətin görünür. Pepperoni pizza

-  Bu qərar tələbələrə hansı üstünlükləri verəcək?

- Tələbələrin baxımından yanaşdıqda, bu yenilik əlavə imkanlar yaradır. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 5-ci maddəsində qeyd olunur ki, təhsilalanların müstəqil öyrənməyə və əlavə təhsil xidmətlərindən istifadə etməyə hüququ var. Dərs günlərinin azalması isə məhz bu hüququn reallaşması üçün əlavə şəraitdir. Tələbələr daha çox vaxtı təcrübə keçməyə, əlavə kurslara, startap layihələrinə və ya iş fəaliyyətinə sərf edə biləcəklər. Dünya təcrübəsi göstərir ki, Finlandiya, Almaniya, Niderland kimi ölkələrdə ali təhsildə “flexible schedule” modeli geniş yayılıb və tələbələr təhsillə yanaşı əmək bazarında iştirak edə bilirlər. Azərbaycanda da bu addım Bolonya prosesinə inteqrasiyanın bir elementi kimi qiymətləndirilə bilər.

-  Dərs günlərinin azalması təhsilin keyfiyyətinə təsir edəcək, ya yox?

-  Mənfi tərəflərdən biri odur ki, dərs yükünün 4 günə sıxılması tələbələrin bir gündə çoxlu saatlarla auditoriyada oturmasına səbəb ola bilər. Bu isə həm diqqət itkisinə, həm də fiziki yorğunluğa gətirib çıxara bilər. Əgər dərslər səhərdən axşamadək uzanarsa, tələbələrin motivasiyası aşağı düşəcək.

-  Bəs bu qərar müəllimlərin dərs yükünə və maaşına necə təsir edəcək?

-  Digər risk isə bəzi müəllimlərin dərs saatlarının ixtisar ediləcəyi qorxusudur. Amma təhsil qaydaları aydın şəkildə göstərir ki, dərs günlərinin azalması dərs saatlarının azalması demək deyil, sadəcə onların daha optimal bölgüsü nəzərdə tutulur. Bu halda müəllimlərin maaşında dəyişiklik baş verməyəcək.

-  Bu model gələcəkdə bütün ixtisaslara şamil oluna bilərmi?

-  Elm və Təhsil Nazirliyinin bu qərarı dəstəkləməsi strateji baxımdan düzgün addımdır. Çünki nazirlik son illərdə “Təhsil haqqında Dövlət Strategiyası”nda qoyulan hədəflərə uyğun olaraq universitetlərdə tələbə yönümlü yanaşmanı genişləndirməyə çalışır. Qərarın müsbət tərəfi ondadır ki, təhsil yalnız auditoriya ilə məhdudlaşmır, tələbələrə kənarda öyrənmək üçün də imkan verilir. Həmçinin, bu model universitetlərə beynəlxalq arenada daha çevik və rəqabətqabiliyyətli görünmək imkanı yaradır.

Gələcəkdə bu model bütün ixtisaslara tətbiq oluna bilməsə də, mərhələli şəkildə genişləndirilə bilər. Xüsusilə informasiya texnologiyaları, iqtisadiyyat, hüquq və sosial elmlər sahəsində dərs yükünün azaldılması və bir günün distant tədrisə ayrılması real perspektivdir. Bunun üçün həm müəllimlərin peşəkar hazırlığı, həm də universitetlərin rəqəmsal infrastrukturunun gücləndirilməsi vacibdir.

Hesab edirəm ki, Bakı Dövlət Universitetinin 4 günlük dərs həftəsinə keçidi təhsil sistemində tələbə yönümlü yanaşmanın güclənməsi baxımından müsbət addımdır. Bu model həm tələbələrin asudə vaxtından daha səmərəli istifadə etməsinə, həm də universitetlərin beynəlxalq standartlara uyğunlaşmasına şərait yaradır. Elm və Təhsil Nazirliyinin bu qərarı dəstəkləməsi göstərir ki, Azərbaycanda təhsil sahəsində islahatlar məqsədyönlü şəkildə davam edir və yaxın illərdə digər ali məktəblərə də şamil edilə bilər.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
13
1
yenisabah.az

2Mənbələr