AZ

Müəllimlər də pul verib imtahana girəcək - Ekspertlər deyir ki...

Təklif olunan dəyişiklik layihəsi etirazla qarşılandı; mütəxəssis: “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır”

Milli Məclisin Elm və təhsil komitəsində müzakirə edilən “Ümumi təhsil haqqında” Qanuna dəyişiklik layihəsi müəllimlər arasında yeni narazılıqlar yarada bilər. Layihəyə əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak bundan sonra ödənişli olacaq.

İlk dəfə imtahana girənlər və bir sıra kateqoriyalar istisna olmaqla, digər namizədlər MİQ imtahanına qatılmaq üçün müəyyən məbləğ ödəməli olacaqlar. Ödənişin həcmi isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Rəsmi izahata görə, bu addım namizədlərin məsuliyyətini artırmaq, dövlət büdcəsinə düşən yükü azaltmaq və maliyyə xərclərinin bir hissəsini iştirakçıların özlərinin daşımasını təmin etmək məqsədi daşıyır.

Statistikaya nəzər saldıqda görünür ki, hər il MİQ imtahanına 60-70 min nəfər müraciət edir. Amma onların hamısı müəllimlik peşəsinə ciddi yanaşmır, bir qismi sadəcə formal iştirak üçün qeydiyyatdan keçir. Yeni mexanizm isə “əsassız müraciətlərin” qarşısını almaq üçün təklif olunur.

İnkişaf etmiş ölkələrdə müəllim imtahanlarının ödənişli olması normal praktikadır, amma həmin ölkələrdə müəllimlərin yüksək maaşı, geniş sosial təminatı və sabit karyera imkanları var. Azərbaycanda isə müəllimlərin maaşı hələ də geniş müzakirə olunan mövzulardandır. Əgər ödəniş mexanizmi tətbiq olunarsa, bu, yalnız müəllimlərin sosial təminatını gücləndirən əlavə tədbirlərlə birlikdə həyata keçirilməlidir.

Ödənişin tətbiqi imkansız ailələrdən çıxan, amma yaxşı müəllim olmaq potensialı olan gəncləri də yarışdan kənarda qoya bilər. Bu isə həm təhsil sisteminə, həm də kadr siyasətinə mənfi təsir göstərə bilər.

Məsələ parlamentdə müzakirə olunmaqda davam edir. İctimaiyyətin əsas sualı isə budur: müəllimlərin işə qəbul imtahanının ödənişli olması nə dərəcədə doğru yanaşmadır və bu, təhsilin keyfiyyətinə hansı təsirləri göstərəcək? 

Elm

Elmin Nuri

Elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri “Yeni Müsavat”a şərhində bildirib ki, təklif olunan dəyişiklik layihəsini etirazla qarşılayır: “Hər müraciətçidən 45-60 manat civarında ödəniş tələb oluna bilər. Doğrudur, bu, hələ rəsmi təsdiqini tapmayıb və ümid edirəm ki, baş tutmayacaq. Ödənişin tələb edilməsi müəllim və təhsil ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayacaq. Axı bu ödəniş nəyə lazımdır? Doğrudur, ilk dəfə MİQ-də ilk dəfə iştirak edənlər və müəyyən sosial təbəqəyə məxsus olan şəxslər bundan azaddırlar. Lakin digərlərinin ödəniş etməsinin səbəbi nədədir? Müəllimin müsabiqədə iştirak etmək üçün pul ödəməsi ona ən böyük haqsızlıqdır. Ötən gün Elm və təhsil naziri Emin Əmrullayev brifinqdə bunun səbəblərini sadalamağa çalışdı, amma düşünmürəm ki, müsabiqə müəllimlərin ödəyəcəyi pul hesabına başa gəlməlidir. MİQ dövlət qurumunun təşkil etdiyi müsabiqədir və bu, müəyyən bəlli büdcə ilə nizamlanmalıdır. 

Dövlət İmtahan Mərkəzini misal çəkə bilərlər. Biz bilirik ki, DİM cari ilin məzunlarından pul almır, onlar yalnız ikinci dəfə özünü sınamaq istəyənlərdən ödəniş tələb edirlər. Nəzərə alaq ki, DİM publik hüquqi şəxsdir və özünü maliyyələşdirmə müstəqilliyi var. Lakin Elm və Təhsil Nazirliyi kimi rəsmi bir qurum buna niyə büdcə ayırmaq istəməsin ki? Bəlkə, də burada bizim bilmədiyimiz başqa detallar var. Səbəb kimi büdcənin təşkilinə sərf edilən vəsait göstərilir, bunlar olmalıdır da. Qəti şəkildə bu təklifi dəstəkləmirəm". 

İlqar

 İlqar Oruc 

Ekspert İlqar Oruc deyib ki, müsabiqədə birinci dəfə iştirak edənlərə və müəyyən sosial qrupdan olan şəxslərə güzəşt edilməsinin tərəfdarıdır: “Fikirləşirəm ki, bu formatda güzəştlər tətbiq olunacaqsa, imtahanların ödənişli olası mümkündür. Bu, təsadüfü adamların MİQ imtahanı üçün qeydiyyatdan keçərək sonradan iştirak etməməsinin qarşısını alacaq. Çünki bu imtahanlar kifayət qədər maliyyə tələb edir. Bu baxımdan həmin dəyişikliklərə getmək olar. Yetər ki, bu imtahanlar müəyyən güzəştlərlə təşkil edilsin. Birinci dəfə iştirak edən şəxsə niyə güzəşt edilməsin ki? Təbii ki, edilməlidir və bu yanaşma doğrudur”.  

Ekspert

Elçin Əfəndi

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndinin fikrincə, müsabiqənin ödənişli olmasına rəvac verən amillər var: “İlk növbədə deyə bilərəm ki, müsabiqədə iştirak üçün 60 mindən çox namizəd müraciət edir. Lakin imtahanda 4-5 min nəfər iştirak edir. Nəticə etibarı ilə 10 min adamdan çox imtahana qatılmır. Halbuki onlar üçün auditoriya hazırlanır, vaxt ayrılır, nəzarətçi və kompüterlər ayrılır. Sualların hazırlanması üçün vəsait xərclənir. Bu qədər adam imtahanda iştirak etmirsə, dövlətin maliyyə itkisi yaranır. Bu nöqteyi nəzərdən imtahanın ödənişli keçirilməsinə qərar verilib. Təbii ki, bu hər kəsə şamil edilməyəcək.  İlk dəfə imtahan verənlərdən bu məbləğ tələb edilməyəcək. Digərləri isə imtahana məsuliyyətlə yanaşsınlar deyə ödəniş edəcəklər. Lakin bu tətbiq edilirsə, bununla paralel müəllimlərin əmək haqları da artmalı, həvəsləndirici tədbirlər görülməlidir”.

Şahanə RƏHİMLİ, 
“Yeni Müsavat” 

Seçilən
57
1
musavat.com

2Mənbələr